Sumqayıtda karantin qaydaları pozuldu

Xəbərlər

12.02.2021 - 15:18

Qaydaları pozan vətəndaşlar cərimələniblər

 

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Qapalı məkanlarda sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunurlar.

 

Şəhər Polis İdarəsindən AYNA-ya bildirilib ki, cari ilin əvvəlindən ümumilikdə 776 protokol tərtib olunub. Onlardan 250-si İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi, qalanları isə 211.2-ci maddəsi üzrə yazılıb. Bu protokollar üzrə 113200 manat məbləğində cərimə tərtib olunub ki, bunun da 27200 manatı artıq ödənilib.

Müəllif: Ayna.az