SOCAR-da post-Abdullayev dövrü: Nələr və kimlər dəyişəcək?

İqtisadiyyat

16.02.2022 - 13:11

Mirvari Qəhrəmanlı: “SOCAR yalnız hasilatla məşğul olmalı, digər işləri isə müqavilə əsasında müxtəlif şirkətlərə ötürməlidir”

Vahid Əhmədov: “Bu kadrların adları heç zaman korrupsiya ilə yanaşı çəkilməyib”

Məlum olduğu kimi, Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin digər sərəncamı ilə o, iqtisadiyyat nazirinin müavini təyin olunub. İki ay öncə iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə irəli çəkilən Rövşən Nəcəf isə Azərbaycan SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyinat alıb. SOCAR prezidentinin səlahiyyətlərinin müvəqqəti icrası da ona həvalə edilib.

Buna qədər R.Nəcəf həm də SOCAR-ın Müşahidə Şurasının üzvü idi. Şuraya isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edir.

Qeyd edək ki, R.Abdullayev ən çox tənqid olunan məmurlardandır. Onun rəhbərliyi dövründə qurumun adı bir sıra beynəlxalq hesabatlarda yer alıb. Oğlunun bir milyon dollarlıq saatının oğurlanması uzun müddət ciddi müzakirələrə səbəb olub. Neftin qiymətinin artması fonunda dövlət şirkətinin uzun müddət zərərlə işləməsini isə ekspertlər xərclərin şişirdilməsi ilə izah edirlər.

Görəsən, son dəyişikliklər Dövlət Neft Şirkətinin fəaliyyətində ciddi dönüş yarada biləcəkmi?

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı AYNA-ya deyib ki, SOCAR-da islahatlar bir müddət öncə başlayıb: “Bilirsiniz ki, Prezident İlham Əliyev ötən ilin yanvarında imzaladığı sərəncamla Azərbaycan Dövlət Neft Şirkətinin Müşahidə Şurasını təsis edib. Eyni zamanda SOCAR Azərbaycan İnvestisiya Holdiqinin tərkibinə verilib. Bu bir ildə cəmiyyətin bu strateji qurumdan islahatlarla bağlı ciddi gözləntiləri olsa da, çox təəssüf ki, bunlar baş verməyib. Əslində SOCAR-da köklü struktur islahatları baş verməliydi. Biz bu məsələdə kifayət qədər gecikirik. Hasilat səviyyəsi aşağı düşüb, əməliyyat şirkətləri öhdəliklərini yerinə yetirmir. Bəzi hallarda isə əmək qanunvericiliyinin tələbləri kobud sürətdə pozulur. Bütün bunlar yolverilməzdir”.

“Daha bir problem isə Müşahidə Şurasının tərkibində bilavasitə bu sahənin incəliklərindən xəbərdar olan şəxslərin olmaması ilə bağlıdır. Bu xüsusda ehtimal olunur ki, iqtisadiyyat nazirinin müavini olaraq Rövnəq Abdullayev də Müşahidə Şurasında təmsil olunacaq. Hazırda bu Şurada bir yer boşdur”, - deyə həmsöhbətimiz bildirib.

NHMT rəhbərinin sözlərinə görə, rəhbərlik etdiyi qurum 2018-ci ildə SOCAR-da islahatlar paketi ilə çıxış edib: “Biz təklif edirdik ki, bu qurum yalnız hasilatla məşğul olsun. Beynəlxalq təcrübə də bunu deyir. Götürək elə Azərbaycanda fəaliyyət göstərən BP şirkətini. Onlar hasilatı özləri həyata keçirir, digər işləri isə müqavilə əsasında müxtəlif şirkətlərə həvalə edirlər. Dövlət Neft Şirkəti də öz fəaliyyətini müasir dövrün tələbləri ilə uyğunlaşdırmalıdır. Hazırda SOCAR-ın nəzdində xeyli sayda qurum var ki, heç olmasa onların sayı azaldılmalıdır. ARDNŞ-də ictimai brilik də fəaliyyət göstərir, ictimai klub da, media bölməsi də. Buna zərurət yoxdur”.

“İldə 6 milyon ton neft hasil edən qurumda 14 vitse-prezidentə, onların çoxsaylı müavinlərinə, müşavirlərinə, köməkçilərinə nə gərək var?! Bu qədər xərcə və çoxsaylı təsisatları saxlamağa nə lüzum var ki?! Azərbaycan Dövlət Neft Şirkətində islahatlar aparmaq üçün bütün bu işlər kompleks şəkildə həyata keçirilməlidir”, - deyə Qəhrəmanlı vurğulayıb.

Əlavə edir ki, neft sənayesində çalışanların SOCAR-ın yeni rəhbərliyindən gözləntiləri böyükdür: “Bu gün xeyli sayda neftçi var ki, hüquqları pozulub və onları heç bir əsas olmadan işdən azad ediblər. Dövlət Neft Şirkəti elə bir qurumdur ki, burada peşəkarlar ön planda tutulmalıdır. Eyni zamanda dövlət şirkətinin izafi xərclərini azaltmaq və struktur islahatları aparmaq, optimal idarəetməyə keçidi təmin etmək də qarşıda duran əsas hədəflərdən olmalıdır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da AYNA-ya şərhində söyləyib ki, Azərbaycan Dövlət Neft Şirkətində özəlləşmə ilə bağlı islahatlara ciddi ehtiyac var: “Məlumdur ki, SOCAR-da islahatlar bir müddət öncə başlayıb. Prezident İlham Əliyev digər qurumlarda olduğu kimi, bu dövlət şirkətində də optimal idarəetməyə keçidi təmin etmək məqsədilə ötən ilin əvvəlində Müşahidə Şurası yaradıb. SOCAr Azərbaycan İnvestisiya Holdiqinin idarəetməsinə verilib. Bir müddət öncə xaricdə təhsil almış iki gənc kadr SOCAR-ın rəhbərliyinə gətirilib. Bu, beynəlxalq təcrübəni əxz etmiş gənclərə göstərilən böyük etimadın göstəricisidir”.

“Son olaraq Rövşən Nəcəfin Azərbaycan Dövlət Neft Şirkətinin birinci-vitse prezidenti təyin edilməsi və bu qurumda prezident səlahiyyətlərinin icrasının ona həvalə edilməsi başlanılan islahatlar prosesinin tərkib hissəsidir. Kadr islahatlarının ardınca struktur və özəlləşmə ilə bağlı islahatların aparılması da zəruridir”, - deyə deputat bildirib.

Əhmədov hesab edir ki, son dəyişikliklər bu qurumda baş verən neqativ halların aradan qalxmasında əhəmiyyətli rol oynayacaq: “Qeyd etdiyim kimi, SOCAR-da bir ildir ki, Müşahidə Şurası təsis edilib. Şuranın sədri Mikayıl Cabbarov və üzvləri vəziyyəti analiz etmək üçün artıq müəyyən məlumatlara malikdir və görünür, elə məhz bu səbəbdən də belə bir qərarın verilməsi təşəbbüsü ilə çıxış ediblər. Çox sevindirici haldır ki, SOCAR-ın rəhbərliyinə irəli çəkilən kadrların müsbət reputasiyaları var və adları heç zaman korrupsiya ilə yanaşı çəkilməyib. Bu mənada cəmiyyətin bu qurumdan gözləntiləri böyükdür”.

Müəllif: Azər Niftiyev