Slavyan respublikaları “böyük qardaş”ın təcavüzü ilə üz-üzə

Siyasət

03.08.2020 - 21:47

İqor Semivolos: “Rusiya özünü “çini qablar dükanında fil” kimi aparır - məntiqsiz və kobud”

 

Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru, ukraynalı politoloq İqor Semivolos AYNA-ya müsahibəsində maraqlı məqamlara toxunub. Beləliklə:

 

- Keçən həftənin ən səs-küylü hadisələrindən biri Belarus dövlət agentliyi “Belta”nın, Minsk yaxınlığında xarici özəl şirkətin 32 silahlısının və daha birinin ölkənin cənubunda tutulduğu barədə xəbərləri oldu. Agentliyin məlumatına görə, saxlanılanların hamısı ruslardır. Eyni zamanda, məlumatda qeyd olunurdu ki, Belarusda seçki kampaniyası zamanı vəziyyəti pozmaq üçün 200-dən çox hərbçi ölkəyə gəlib. Baş verənlərdən bir neçə gün keçir, onların Belarusa gəlişlərinin əsl məqsədi ilə dəqiq bir məlumat varmı?

 

- Fikrimcə, Aleksandr Lukaşenko üçün çox vacib olan prezident seçkiləri ərəfəsində Rusiyadan muzdluların peyda olması təsadüfi deyil və ola da bilməz. Etiraf edim ki, bu, Moskvanın əlinin Belarusun siyasi elitasının nəbzində olduğuna və məqsədlərinə çatmaq üçün müxtəlif, o cümlədən hibrid metodlardan istifadə etməyə hazır olduğuna dair konkret bir siqnal idi. Və burada “Moskvanın (oxu Ptunin) əsas hədəfi nədir?” sualı ortaya çıxır. Moskvaya Lukaşenkonun gücünün qorunub saxlanması, bu və ya digər namizədin qalib gəlməsi və ya itirməsi baxımından vacib deyil, sabitləşdirici qüvvə kimi oyuna birbaşa daxil olmaq üçün destabilizasiya lazımdır. Putinin strateji əhəmiyyətli məqsədinə - iki dövlətin birləşməsinə Lukaşenkonun “yox” deməsi bu birləşmə məsələsinin üzərindən birdəfəlik xətt çəkdi. Rusiya Prezidenti isə bunu bağışlamır.

 

Əlbəttə ki, "vaqnerçilərin" belə bir zamanda ortaya çıxması diqqətdən kənarda qala bilməzdi və burada Rusiya özünü "çini qablar dükanında fil" kimi aparır - məntiqsiz və kobud. Amma bizə, Ukraynadan baxanda, qəribə gəlmir. Yeri gəlmişkən, etiraf edirəm ki, ola bilər, bu muzdluları Ukraynanın xüsusi xidmət orqanları da izləyirdi, çünki Kiyevin onların tutulmasına reaksiyası -  saxlanılanların xeyli hissəsinin ekstradisiyası tələbi həmin an, ildırəm sürəti ilə verildi.

Игорь Семиволос: Для Кремля война в Карабахе – лишний гемор

- Bu sualı elə-belə vermədim. Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsev iddia edir ki, Minsk yaxınlığında saxlanılan rusiyalıların bir qrupu iyulun 25-də İstanbula uçmalı idi. Bu açıqlamanı necə şərh edərdiniz və "vaqnerçilər" Türkiyədə nə axtarırdılar?

 

- Mavi Məscid və Aya Sofyanı heyranlıqla seyr etməyə gedirdilər. Bu, əlbəttə, bir zarafatdır, amma hər zarafatda bir qədər həqiqət də var. Gəlin, məsələn, Solsberidə Skripalı zəhərləyənləri xatırlayaq, guya onlar İngiltərəyə yerli kilsələrin minarələrinə heyran qalmağa gəlmişdilər. Əlbəttə ki, 2014-cü ildən bəri Minsk bütövlükdə müxtəlif, o cümlədən qeyri-qanuni fəaliyyətlərin həyata keçirildiyi, izlərin açılması və gizlədilməsi üçün əlverişli bir platforma halına gəlib. Ancaq indiki zamanda, guya tranzit üçün təcrübəli döyüşçüləri orada cəmləşdirmək əsl axmaqlıqdır.

 

- Yenə də, “vaqnerçilərin” məhkum reputasiyasını nəzərə alaraq, Belarus niyə onları öz ərazisinə buraxdı?

 

- Yaxşı sualdır. Əslində, Belarus çoxdan Rusiya xüsusi xidmət orqanları və muzdlular üçün açıq qapıya çevrilib. Düzünü deyim ki, Belarus xüsusi xidmət orqanları buna görə xüsusilə narahat olmurdu. Ukrayna vətəndaşlarının Rusiya xüsusi xidmət orqanları tərəfindən Belarus ərazisində saxlanılması ilə nəticələnən əməliyyatları yada sala bilərik. Yəqin ki, bu dəfə Moskva kuratorları belaruslu həmkarlarına "vaqnerçilər" barədə məlumat verməyi lazım bilməyiblər. Hesab ediblər ki, bu dəfə də onların planlarına maneçilik törədən olmayacaq.

 

- Ukrayna artıq “Vaqner”in 28 hərbçisinin ekstradisiyası tələbi ilə Belarus Respublikasının səlahiyyətli orqanlarına müraciət edib. Bu məsələnin müsbət həlli nə dərəcədə mümkündür?

 

- Mən belə bir fürsəti yarı-yarıya hesab edərdim. Ancaq ümumiyyətlə, bu, mütləq düzgün addımdır – ola bilər ki, bu məqsədə çatmayaq, amma hamıya bir həqiqət əyan olacaq: ərazimizdə vuruşanların hamısı gec-tez cavab verəcək.

 

- “Vaqnerçilərin” Ukrayna ərazisinə girməyəcəyinə və gələcəkdə Ukraynadakı vəziyyəti gərginləşdirməyə cəhd göstərməyəcəyinə zəmanət varmı?

 

- Moskvanın məqsədi indi Ukraynadakı daxili sabitliyi pozmaq, Zelenski komandasının həm siyasətdə, həm də iqtisadiyyatda uğursuz olmasına nail olmaqdır. Təəssüf ki, Ukrayna Prezidentinin gözəçarpan səriştəsizliyi bunun üçün kifayət qədər əsaslar verir. Terror hücumları haqqında danışırıqsa, onda 2014-cü ildən bu yana Ukrayna xüsusi xidmət orqanları kifayət qədər terror aktlarının qarşısını alıb. Terrorçular, əsasən Rusiya düşərgələrində, o cümlədən “Vaqner” qrupunda təlim keçən Ukrayna vətəndaşlarıdır. Faşistlərin tərəfinə keçən sovet hərbçiləri arasında təxribatçıların təlim aldığı Abver düşərgələri haqqında sovet filmlərini xatırlayın, ruslar bu təcrübədən fəal şəkildə istifadə edirlər.

 

- Ümumiyyətlə, Rusiya Federasiyasının Ukrayna ilə bağlı yaxın gələcək üçün planları nədir, yeni ərazilər ələ keçirmək üçün Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı hücumu riski varmı?

 

- Belə bir ssenari istisna edilmir, əksinə, gecikmiş bir perspektivə malikdir. Putin üçün bütün “yubiley” tarixlərinin əhəmiyyətini xatırlayırıq və 2021-ci (Ukrayna müstəqilliyinin 30 illiyi və SSRİ-nin dağılmasının 30 illiyi) ili mümkün istila baxımından kritik zaman hesab edirik. Hər halda, belə bir qərar verilsə, o, ayıq hesablamalara deyil, bu cür simvolik nəsnələrə söykənəcək.

Müəllif: Əkbər Həsənov