“Əgər onlar Azərbaycanda doğulmayıblarsa, bəs harada doğulublar?”
Qarabağda ləğv edilmiş qondarma rejimin sakinləri Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar Ermənistan pasportlarında doğulduqları yer kimi Azərbaycanın qeyd olunmasına etiraz ediblər.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, aksiya zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanı görən etirazçılar ona qışqıraraq "Rədd ol!" deyiblər. Simonyan isə "Mən də sizi çox sevirəm" deyib.
Köhnə xislətlərindən əl çəkməyənlər “Artsax Ermənistandır, nöqtə” şüarı ilə qışqırmağa başlayanda Simonyan deyib: “Bəs o zaman sən burada nə edirsən?”.
Təhlükəsizlik Şurasının katibi pasportlarda doğum yeri kimi Azərbaycanın göstərilməsinə qarşı olduqları barədə şərhə münasibət bildirərək deyib: "Onlar harada anadan olublar? Bu insanlar anadan olanda dedikləri “Artsax” mövcud idimi? Əgər bu insanlar Azərbaycanda anadan olublarsa, pasportlarına nə yazılmalı idi? Əgər Azərbaycanda doğulmayıblarsa, bəs harada doğulublar?”.