Elməddin Həsənov əsəb xəstəliyindən əziyyət çəkirmiş
Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib. AYNA xəbəır verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Elməddin Həsənov 1995-ci il təvəllüdlü həyat yoldaşı Həsənova Laləni və 2014-cü il təvəllüdlü qızı Q.Həsənovanı bıçaqla qətlə yetirib.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub. Çinarlı qəsəbəsinin nümayəndəsi Elçin Abbasov APA-nın yerli bürosuna bildirib ki, qətli törədən Elməddin Həsənov əsəb xəstəliyindən əziyyət çəkirmiş. Hadisənin də bu səbəbdən törədildiyi bildirilir.
Hadisə bu gün səhər saatlarında baş verib, E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Prokurorluq da qətl hadisəsi ilə bağlı məlumat yayıb. Şəmkir Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənovun 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin gün təxminən saat 07 radələrində Elməddin Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadına və köməksiz vəziyyətdə olan azyaşlı qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirərək qəsdən öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.
Elməddin Həsənov tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.