Şəkidə sərnişin avtobusunun aşması ilə araşdırma başlayıb

Hadisə

05.06.2022 - 20:44

“İsuzu” markalı sərnişin avtobusu nasazlıq səbəbindən yoldan çıxaraq aşıb

İyunun 5-də saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusu nasazlıq səbəbindən yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, dərhal hadisə yerinə polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hazırda Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.

Müəllif: Ayna.az