Səhiyyə Nazirliyi İsrailin tibb mərkəzləri ilə əməkdaşlıq qurur

Xəbərlər

13.05.2022 - 18:59

Görüşdə tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

İsrailin və dünyanın ən nüfuzlu tibb mərkəzlərindən olan Şiba Tibb Mərkəzinin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində mayın 13-də Səhiyyə Nazirliyində görüş keçirilib. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə həmçinin İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik iştirak edib.

Səhiyyə naziri Teymur Musayev diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlıq nümunəvidir: “Eyni zamanda, COVID-19 pandemiyası zamanı aktual olan səhiyyənin yüksək texnologiyalı sahələrində əməkdaşlığımız konstruktiv xarakter daşıyır”.

Səhiyyə sistemində aparılan islahatların əsasında rəqəmsal texnologiyalardan istifadənin dayandığını vurğulayan nazir son vaxtlar elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb:

“Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Şiba Tibb Mərkəzi dünyanın ən yaxşı on xəstəxanasından biridir. Bunu nəzərə alaraq, Azərbaycan Səhiyyə Nazirliyi bu sahədə Tibb Mərkəzi ilə əməkdaşlıqda maraqlıdır”.

Səmimi qəbula görə minnətdarlığını bildirən Şiba Tibb Mərkəzinin direktoru Yoel Har-Even mərkəzin tibbi təhsil, tibbi turizm, reabilitasiya, telesəhiyyə, səhiyyənin rəqəmsal transformasiyası sahəsində tədqiqatlar üzrə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Tibb Mərkəzində ortopediya, nevrologiya, psixiatriya kimi sahələrdə uzunmüddətli reabilitasiya müalicəsi aparılır.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Müəllif: Ayna.az