“Razılaşma hər iki ölkə və region üçün imkanların açılmasının açarı olacaq”
“Biz Azərbaycan və Ermənistanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “Twitter” hesabında yazıb.
Sallivan xüsusilə qeyd edib: “Mən Ağ Evdə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul etməkdən xoşbəxt oldum. Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı, ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılmasının açarı olacaq”.
Qeyd edək ki, Vaşinqtonda 4 gündür Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə sülh danışıqları keçirilir.