Bakıda bəzi yerlərdə yağış yağacağı gözlənilir
Mayın 13-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Gecə 8-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 10-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.