Saakaşvilinin yaddaşı pozulub: “İnsanların adlarını xatırlaya bilmir”

Dünya

05.11.2021 - 16:53

Vəkil: “Onun nitqində problemlər və ciddi yaddaş pozğunluqları başlayıb”

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilidə yaddaş pozğunluqları yaranıb. Həbsxanada aclıq aksiyasını davam etdirən Gürcüstanın sabiq liderinin səhhəti hər gün pisləşir.

AYNA gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya bildirib.

Vəkilin sözlərinə görə, siyasətçinin vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib: “Onun nitqində problemlər və ciddi yaddaş pozğunluqları başlayıb. Xüsusilə, Saakaşvili insanların adlarını xatırlaya bilmir. O, məni hələ də xatırlayır, amma söhbət zamanı məlum oldu ki, bəzi dostlarının adlarını belə xatırlaya bilmir”, - deyə vəkil vurğulayıb.

Qeyd edək ki, Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Lyudmila Denisova bir müddət əvvəl Rustavi həbsxanasında saxlanılan M.Saakaşvilinin səhhətinin ağır olduğunu bildirmişdi. Denisova qeyd etmişdi ki, siyasətçinin aclıq aksiyasının 35-ci günündə aparılan tibbi müayinələrinin nəticələri qeyri-qənaətbəxşdir: “Saakaşvili 20 kiloqram arıqlayıb. İki saatlıq söhbətə güclə dözdü və ağır yorğunluqdan şikayətləndi”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Gürcüstana qanunsuz daxil olduqdan sonra saxlanılıb. Siyasətçi bir neçə il əvvəl bankir Sandro Qirqvlianinin qətli ilə bağlı ona qiyabi çıxarılan hökmlə həbs edilib. Həbsxanada Saakaşvili aclıq aksiyasına başlayıb.

Müəllif: Ayna.az