“Ona qarşı irəli sürülən bütün ittihamların ləğv edilməsi şərti ilə Kiyevə ekstradisiyasına razılıq verəcək”
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ona qarşı irəli sürülən bütün ittihamların ləğv edilməsi şərti ilə Kiyevə ekstradisiyasına razılıq verəcək. AYNA "Sputnik Georgia"ya istinadən bildirir ki, bu sözləri sabiq Prezidentin ukraynalı xanımı, siyasətçi Yelizaveta Yasko deyib.
Onun sözlərinə görə, indi keçmiş Prezidentin taleyi Ukrayna hakimiyyətinin mövqeyindən, öz vətəndaşını həbsdən azad etmək əzmindən asılıdır.
Saakaşvilinin xanımı onu da qeyd edib ki, Gürcüstanın sabiq rəhbəri ona qarşı ittihamları heç bir halda qəbul etmək niyyətində deyil.
“Mixail 6-cı gündür ki, istintaq təcridxanasında aclıq aksiyasını davam etdirir. O, heç nə yemir. İndi beynəlxalq birliklə işləməliyik ki, Ukrayna vətəndaşının Gürcüstanda siyasi məhbus kimi saxlanılmasına etiraz edilsin. Bildiyimiz kimi, aclığın 10-cu günündə insanın səhhəti xeyli pisləşir”, - Yasko vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 8 illik mühacirətdən sonra oktyabrın 1-də ölkəyə qayıdan Saakaşvilinin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılaraq nəzarətə alındığını açıqladı. Ehtimal olunur ki, sabiq Prezident Gürcüstan sərhədini gizli şəkildə keçib.
Saakaşvili həbs edildikdən sonra xanımı Yasko Ukrayna səlahiyyətlilərindən kömək istədi. Rəsmi Kiyevi Vətənin gələcəyi üçün nəcib mübarizə aparan vətəndaşını qorumağa çağırdı.
Gürcüstan hakimiyyəti isə Saakaşvilinin əfv olunma ehtimalını rədd etdi və keçmiş liderin cəzasının bütün müddətini dəmir barmaqlıqlar arxasında keçirəcəyini açıqladı.
Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Ölkədə bankir Sandro Qirqvlianinin öldürülməsi və deputat Valeri Qelaşvilinin döyülməsi işində ittiham olunan sabiq Prezident qiyabi olaraq 9 il müddətinə həbs cəzasına məhkum edilib.