Saakaşvilinin ukraynalı vəkili Gürcüstana buraxılmadı

Dünya

27.10.2021 - 15:42

Sərhədçilər hüquqşünası Tiflisdən Kiyevə geri göndəriblər

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin ukraynalı vəkili Yevgeni Hruşovets ölkəyə buraxılmayıb və Tiflis aeroportundan Kiyevə geri göndərilib. AYNA xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Qeyd edilib ki, Saakaşvilinin vəkili oktyabrın 26-da Ukrayna Parlamentinin İnsan Hüquqları üzrə Komissarı Lyudmila Denisova ilə birlikdə Gürcüstana uçuş edib. Hüquq müdafiəçisi gürcü sərhədçilərinə sabiq Prezidentlə məsləhətləşməyə gəldiyini deyib. Bundan sonra təhlükəsizlik qüvvələri heç bir səbəb göstərmədən onun pasportunu alaraq geri reyslə Kiyevə göndəriblər.

“Stüardessaların dediyinə görə, onlar pasportu götürüb ekipaj komandirinə verdilər. Mən izah etdim ki, Saakaşviliyə görə gəlmişəm, amma təəssüf ki, Ukraynaya qayıdıram. Stüardessa mənə bildirdi ki, deport edilmişəm”, - deyə Hruşovets qeyd edib.

Komissar L.Denisova isə Gürcüstana keçə bilib. Məlumata görə, Denisova sabiq dövlət başçısının cəza çəkdiyi həbsxanaya gedib, onunla görüşəcəyi gözlənilir.

“Saakaşvili ilə məsləhətləşmək üçün daha bir hüquqşünas mənimlə birlikdə Tiflisə uçdu. Amma ona sərhədi keçməyə icazə verilmədi. Mən bu məsələ ilə bağlı mütləq aidiyyatı orqanlara müraciət edəcəyəm”, - Denisova vurğulayıb.

Qeyd edək ki, həbsxanada aclıq aksiyası keçirən Saakaşvilinin vəziyyətinin yaxşı olmadığı, reanimasiyaya ehtiyacı olduğu haqqında məlumatlar yayılıb. Qeyd edilib ki, həkimlərin müdaxiləsindən sonra siyasətçinin vəziyyəti stabilləşsə də, vurğulanır ki, sabiq Prezidentin həyatı üçün böyük təhlükə var.

Xatırladaq ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Sabiq Prezident ölkəsində bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Qelaşvilinin döyülməsi işi üzrə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib. Hakimiyyət dəfələrlə siyasətçini mitinqlərin təşkilində ittiham edib. Səkkiz illik mühacirətdən sonra Saakaşvili sentyabrın sonunda gürcüstana qayıdıb. Keçmiş Prezident hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib. Həbsxanada o, bir aya yaxındır ki, davam edən aclıq aksiyasına başlayıb.

Müəllif: Ayna.az