Saakaşvilinin Gürcüstana gələrkən çəkdiyi video yayıldı: “Bu, adam oğurluğudur” - VİDEO

Dünya

22.10.2021 - 16:35

“Hansı ölkənin xüsusi xidmət orqanlarının bu oğurluğa töhfə verdiyini bilmirəm”

Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvilinin ölkəsinə gələrkən oğurlandığını iddia etdiyi videosu yayılıb. AYNA xəbər verir ki, görüntülər “İmedi” telekanalı tərəfindən yayımlanıb.

Video siyasətçinin Ukraynadan Poti limanına gəldiyi “Vilnüs” gəmisində süd məhsulları olan konteynerdə çəkilib.

Görüntüdə Gürcüstanın sabiq Prezidenti telefon kamerası qarşısında danışır: “Bu, adam oğurluğudur. Hansı ölkənin xüsusi xidmət orqanlarının bu oğurluğa töhfə verdiyini bilmirəm. Məni hara apardıqlarını bilmirəm, amma video məndə qaldı. Görünür, məni qaçırırlar”.

“İmedi” kanalının jurnalistləri hesab edirlər ki, Saakaşvili “bələdçi”sinə, gəminin sürücüsü Elquca Tsomayaya tam etibar etməyib. Ona görə də, Gürcüstana keçirilməsi planının səhv getməsi ehtimalını nəzərə alaraq belə bir video çəkib.

Qeyd edək ki, Tsomaya və Saakaşviliyə sərhədi keçməyə kömək edən daha üç nəfər saxlanılıb.

Xatırladaq ki, sentyabrın sonunda sabiq Prezident bələdiyyə seçkilərindən sonra kütləvi mitinqlərdə iştirak etmək üçün Gürcüstana qayıdıb. Saakaşvili ölkəsinə gəldiyi günün axşamı həbs olunub. O, hazırda həbsxanada aclıq aksiyası keçirir.

Müəllif: Ayna.az