Rusiyanın SWIFT-dən atılmasının Azərbaycana ikibaşlı təsiri: həm cəlbedici, həm təhlükəli

İqtisadiyyat

01.03.2022 - 13:17

Əkrəm Həsənov: “Kənd təsərrüfatı məhsullarımızı Rusiyaya rublla satmaq aqrar sektorda problemlər yaradacaq - əldə edilən rublla nə edəcəyimiz məlum deyil”

Rusiyanı məlumat ötürmək və ödənişlər etmək üçün banklararası sistemdən – SWIFT-dən ayırmaq Qərbin Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı ən sərt sanksiyalardan biri olacaq. Azərbaycan SWIFT sanksiyalarından o qədər də zərər görməyəcək, lakin qonşu ölkəyə qarşı görünməmiş addımlar bizim üçün son dərəcə arzuolunmazdır. Hər halda, ekspert dairələrində belə əminlik var.

Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankı ilə bütün əməliyyatları qadağan edir, beynəlxalq ehtiyatları dondurur və bir neçə əsas bankı SWIFT-dən ayırmağa hazırdır. Analitiklər bildirirlər ki, belə ekstremal maliyyə sanksiyaları təkcə Rusiya maliyyə sisteminə deyil, bütün dünyaya zərbə vuracaq.

Əməliyyatların aparılması, çatdırılmaların ödənilməsi və s. çox problemli olacaq. Məhz buna görə də ötən gün bağlanmanın enerji təchizatına xidmət göstərən banklara təsir etməyəcəyinə dair aydınlaşdırıcı xəbərlər yayılıb. Axı, Rusiya Federasiyasından neft və qaz ixracı üçün hesablaşmalar olmasa, qiymətlər görünməmiş yüksəkliklərə qalxa bilər.

Müstəqil iqtisadçı Vitali Kaluginin fikrincə, xaricdə banklararası köçürmələr Aİ-nin SWIFT sistemindən çıxdığı bir neçə bankla məhdudlaşacaq: “Hansı banklar olacaq - vəziyyətə baxmaq lazımdır. Amma bu halda belə, ödənişlər bir az daha uzun çəkəcək və bu vəsaitlərin mənbəyi daha uzun müddət izlənəcək”.

Bank və maliyyə eksperti Əkrəm Həsənov isə AYNA-ya şərhində deyib ki, sanksiyaların qonşularına və Azərbaycana necə təsir edəcəyini nəzərə almasaq, hətta Rusiyanın özünə münasibətdə belə, tam qiymətləndirmək hələ çətindir: “Sanksiyalar bir çox cəhətdən görünməmiş, gözlənilməzdir. Qərb bu addımla Rusiya dairələrinin gözləntilərini aşdı. Bütün bunları təşkilati və hüquqi baxımdan təhlil etmək, anlamaq təbii ki, çətindir. Vəziyyət bir neçə günə aydınlaşacaq”.

“Rusiya Mərkəzi Bankının maliyyə məalumatlarının göndərilməsi sistemi - SPFS maliyyə əməliyyatları üzrə mesajların göndərilməsi və qəbulu üçün alternativ kanal ola bilər. Bizim bankların ona qoşulması böyük problem olmayacaq. Hər halda, bizdə iki Rusiya bankı - VTB (Azərbaycan) və “Yelobank” var. Düşünürəm ki, bu sistem orada işləyir və əvvəlcə onların vasitəsilə işləmək mümkün olacaq”, - deyə həmsöhbətimiz bildirib.

Analitikin sözlərinə görə, dövlət başçıları tərəfindən imzalanmış Azərbaycan ilə Rusiya arasında Qarşılıqlı Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannamədə də bu məsələ öz əksini tapıb: “Bank ödənişləri baxımından heç bir problem olmayacağına inanıram. Bütün sanksiya siyahısının nəticələrinə gəlincə, biz hələ də bunu tam aydınlığı ilə anlamırıq. Sözsüz ki, baş verənlər fonunda dünyada enerjinin qiyməti qalxacaq, bunun bizim üçün heç bir mənfi iqtisadi nəticəsi yoxdur".

"Azərbaycan kənd təsərrüfatı məhsullarını Rusiyaya rublla satdığından aqrar sektorda problemlər yaranacaq. Əldə edilən rublla nə edəcəyimiz məlum deyil. Bu, təbii ki, ixracımızın, xüsusən də kənd təsərrüfatı məhsullarının Rusiya istiqamətinə mənfi təsir göstərəcək. Sanksiyalar, rublun devalvasiyası və Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Rusiya Federasiyasında yaşayan və ölkəmizdəki qohumlarına maddi yardım edən azərbaycanlılara zərbədir”, - deyə ekspert vurğulayıb.

Həsənov əmindir ki, karbohidrogen xammalının bahalaşmasını bir kənara qoysaq, Rusiyaya qarşı sanksiyaların mənfi tərəfləri bizim üçün üstünlük təşkil edir: “Ən böyük qonşu ölkəmiz çətin vəziyyətə düşüb və bu, gərginlik yaradır. Hətta hərbi əməliyyatlar dayansa belə, sanksiyalar hələ də uzun müddət Rusiya iqtisadiyyatına ağırlıq yaradacaq və onun zəifləməsinə gətirib çıxaracaq. Ancaq bir neçə gün - bir həftə ərzində bütün əlaqəli riskləri tam qiymətləndirmək mümkün olacaq. Başqa bir məqam ondan ibarətdir ki, yəqin, bir çox ruslar indi öz aktivlərini bizim kimi ölkələrə keçirməyə və buradan fəaliyyət göstərməyə çalışacaqlar. Bizim üçün bu, ikitərəfli qılıncdır: bir tərəfdən sərmayələr cəlbedicidir, digər tərəfdən isə bizim özümüzün anti-Putin koalisiyasının qəzəbinə səbəb olacağımız təhlükəsi var və bu, çox təhlükəlidir. Buna görə də diqqətli və ehtiyatlı davranmaq lazımdır”.

Müəllif: Tanya Samsonova