“Bəzən hökumət düzgün qərar verir, lakin nəticə istənilən kimi olmur”

İqtisadiyyat

01.09.2020 - 13:15

Azərbaycanda kraudfandinq inkişaf edəcəkmi – ekspertlər birmənalı yanaşmırlar

 

Son illərdə lüğətimizdə bir çox yeni sözlər meydana çıxıb ki, onlardan da biri "kraudfandinq"dir. Bu sözün mənası müxtəlif layihələrin kollektiv maliyyələşdirilməsidir. Layihələr deyəndə xeyriyyəçilik, ekoloji, mədəni və ticari layihələr haqqında danışa bilərik. Xüsusilə, kiçik müəssisələrə və yeni başlayan şirkətlərə dəstək olmaq üçün vəsait toplama həyata keçirilə bilər. Kraudfandinq üçün hədəfi dəqiq bildirmək, tələb olunan pul miqdarını göstərmək, bütün xərcləri hesablamaq vacibdir.

 

Bu yaxınlarda ölkədə kraudfandinqin inkişafını təşviq etmək məqsədi ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) İqtisadi İslahatların Təhlili Mərkəzi ilə birlikdə startap layihələri üçün müsabiqə keçirdi. Qaliblərin Kickstarter beynəlxalq kraudfandinq platformasında olan layihələri İqtisadi İslahatların Təhlili Mərkəzinin “EnterpriseAzerbaijan” portalında yerləşdirilir. Beləliklə, bu başlanğıcları kollektiv şəkildə maliyyələşdirmək üçün kraudfandinq kampaniyası başlayacaq.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya deyib ki, qlobal statistikanı götürsək, startap layihələrinin yalnız 10%-i həyata keçirilir: “Buna görə də, onlara sərmayə yatırmaq istəyənlər əvvəlcə investisiyanın nə qədər gəlir gətirəcəyini mümkün qədər dəqiq qiymətləndirmək istəyirlər. Bizim startaplara marağımızın artması başadüşüləndir, bu tendensiya bütün dünyada baş verir. Bir çox ideyalar arasında, böyük gəlir gətirən, həqiqətən perspektivli olanları tapa bilərsiniz. Kollektiv maliyyələşdirmə ilə bu qazanc bölünə bilər. Kraudfandinqə əsaslanan startapların maliyyələşdirilməsi praktikasından bir çox ölkələrdə istifadə olunur və nəhayət biz də onu inkişaf etdirməyə başlamalıyıq. Tələbat ilk növbədə informasiya texnologiyaları ilə əlaqəli startaplara yönəldiləcək, çünki onlar gələcək üçün perspektivlidir”.

 

“Böyük sərmayə tələb etməyən startaplar hələ də əhəmiyyətli vəsait qoymaq imkanı olmayan gənclərin marağına səbəb olacaq. Çətinlik bu ideyaları təbliğ etmək üçün işləyəcək təşkilatların olmamasında deyil. Bu ideyaları internet vasitəsilə, xüsusən də sosial şəbəkələr vasitəsilə təbliğ etməliyik”, - Ağayev bildirib.

 

İqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya açıqlamasında qeyd edib ki, hökumət bəzən düzgün qərarlar qəbul edir, lakin onların həyata keçirilməsi çox vaxt istənilən kimi olmur: “Startapların həm hökumətin, həm də biznesin dəstəyinə ehtiyacı var. Belə dəstək onların maliyyələşdirilməsini yaxşılaşdırır, fikirlərin gələcək inkişafına, eləcə də satışına kömək edir. Amma ölkəmizdə özəl sektor praktik olaraq bu işdə iştirak etmir. Çünki stimul olmadığı üçün özəl sektor perspektivlər görmür. Böyük holdinqlər məmurların himayəsindədir, belə layihələrdə maraqlı deyillər. Əgər Qərb haqqında danışsaq, orada böyük şirkətlər bəzən böyük məbləğlər müqabilində olduqca maraq doğuran startupları alır”.

Ekspertin sözlərinə görə, hökumətimiz startapların inkişafı istiqamətində müəyyən addımlar atır: “Büdcə vəsaiti hesabına bəzi startaplar stimullaşdırılır, innovativ layihələrə qrant dəstəyi çərçivəsində müsabiqələr keçirilir. Lakin startapların həyata keçirilməsi prosesi ləng getdiyi və çox zaman istənilən kimi olmadığından, bu sahədə əhəmiyyətli dönüş görünmür”.

 

“Yenidən veslosiped ixtira etməyə ehtiyac yoxdur. Bu məsələdə digər ölkələrin təcrübəsini öyrənməyə dəyər. Xüsusilə, Rusiya, Belarus, Ukrayna təcrübəsinə diqqət yetirməyə dəyər. Əgər kraudfandinq haqqında danışırıqsa, Azərbaycan bazarının kollektiv maliyyələşdirməyə hazır olması lazımdır. Ancaq daxili bazar hələ yeniliklərə və maraqlı həll yollarına hazır deyil. Ölkə Qərbdə illərdir istifadə olunan bəzi texnologiyalardan indi-indi istifadə etməyə başlayır”, - Cəfərli vurğulsyıb.

 

O, əlavə edib ki, Azərbaycanda İT, xidmətlər, ticarət və istehsal sahəsindəki ideyalar kollektiv maliyyələşdirmə üçün maraqlı ola bilər: “Yeri gəlmişkən, dünyada məhz məhsul istehsalında istifadə edilən startaplar lider mövqedədir. Müvafiq onlayn platformalarda startap müəllifləri öz ideyalarını nümayiş etdirir və onların həyata keçirilməsi üçün üçün pul yığırlar. Və sonra müqavilədən asılı olaraq investorlara ya məhsul, ya da qazancın bir hissəsini göndərirlər. Təəssüf ki, bizdə hələ belə mexanizmlər inkişaf etməyib”.

Müəllif: Elya Belskaya