Rusiya SSRİ-nin səhvlərini təkrarlayır: <font color=red> Sonu da eyni cür olacaqmı?</font>

Aktual

28.08.2021 - 19:20

Bir tərəfdə milyonlarla yoxsul, yoxa çıxan yaşayış məntəqələri, digər yanda hərbi sənaye kompleksinə və təbliğata xərclənən milyonlar

 

Rusiya SSRİ-nin etdiyi səhvləri təkrarlayır. Əlbəttə ki, bu, bir paradoksdur, amma Kreml, Rusiya Prezidenti Vladimir Putinə görə, “keçən əsrin ən böyük geosiyasi fəlakəti”nə səbəb olan hadisənin səbəblərdən heç bir dərs çıxarmadı. Bunun tamamilə açıq və təkzibedilməz bir ifadəsinə bəzi sübutlar verəcəyəm.

 

Beləliklə, 2021-ci ilin iyul ayında Rusiya əhalisi qiymət artımından aktiv şəkildə narahat olmağa və daha qabarıq hiss etməyə başladı. Levada Mərkəzinin (Rusiya Federasiyası Ədliyyə Nazirliyinin qərarı ilə QHT-lərin reyestrinə daxil edilib və xarici agent kimi tanınıb) apardığı bir araşdırmaya görə, son altı ayda rusların 39%-i pul çatışmazlığı səbəbindən ərzaq almaqdan imtina etmək məcburiyyətində qalıb. Əhalinin 52%-i paltar və ayaqqabıdan, 71%-i ev üçün iri alışlardan imtina etməli olub.

 

Maddi gəliri az olan ruslar arasında (yeməyə güclə çatan), demək olar ki, 90%-i ev üçün lazım olan böyük alışları almaqdan imtina edib. Hətta nisbətən yüksək istehlak səviyyəsinə malik olan insanlar arasında (dayanıqlı mal ala bilənlər) 16%-i əsas qidalardan, 28%-i paltar və ayaqqabı almaqdan, 53%-i isə ev üçün lazım olan əşya almaqdan imtina edib.

 

2021-ci il iyulun 22-dən 28-dək 50 bölgənin 137 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1619 nəfər arasında aparılmış sorğunun məlumatları Mərkəzi Bankın sosioloji araşdırmaları ilə üst-üstə düşür. Mərkəzi Bankın məlumatına görə, rusların 35%-i bütün gəlirlərini ərzağa xərcləyir (11%-i yeməyə güclə çatır, 24%-i isə yeməkdən başqa heç nə ala bilmir). Və bu, Rusiyada həyat səviyyəsinin ildən-ilə pisləşdiyini və daha kədərli olduğunu göstərir.

 

Eyni zamanda, müxtəlif vaxtlarda rəyi soruşulan rusların əksəriyyətinə görə, dövlət tərəfindən təyin olunan və ölkədə yoxsulluğun səviyyəsini qiymətləndirmək üçün istifadə olunan yaşayış minimumu reallıqdan çox fərqlidir. Bir insanın minimum bir ay yaşamasını təmin etmək üçün lazım olan məbləğ, Levada Mərkəzinin keçirdiyi bir araşdırmaya görə, 24,6 min rubl təşkil edir.

 

Subyektiv yaşayış minimumu Əmək Nazirliyi tərəfindən 11 653 rubl olaraq təyin olunan rəsmi minimumdan iki dəfə çoxdur. 2019-cu ildən bəri bu məbləğ 3,6 min rubl və ya 17% artıb, rəsmi minimum isə yalnız 500 rubl və ya 4,4% artırılıb. Beləliklə, Rusiyada əhalinin demək olar ki, 50%-i real yoxsulluq həddinin altına düşüb.

 

Rəsmi yoxsulların sayı 12,8% və ya 18,8 milyon adam elan olunsa belə, bu rərəqmin özü də kifayət qədər böyük və ciddi siqnaldır. Yaşayış səviyyəsinin pisləşməsi ilə yanaşı, Rusiyada kiçik şəhərlər, qəsəbələr, kəndlər yox olur və ya “ölür”. Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyinin məlumatına görə, 1990-cı ildən bəri ölkədə 23 min yaşayış məntəqəsi yoxa çıxıb, bunun 20 mini kənd və qəsəbələrdir.

 

Və bütün bunların fonunda Rusiya bölgələrinin inkişafına deyil, vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə deyil, başqa istiqamətlərə sərmayə qoymağa davam edir. Böyük vəsaitlər təbliğata, yəni bir çox ölkəyə qarşı yalan və nifrətin yayımlanmasına və hərbi sənaye kompleksinə xərclənir. O kompleksə ki, silah bazarında artıq istehsal olunan hər şeydən geridə qalan şok bir tempi nümayiş etdirməyə davam edir.

 

Buna görə də, həddən artıq təriflənən “İsgəndər” yalnız Rusiyanın daxili auditoriyasında qürur hissi yarada bilər. Azərbaycan, Ukrayna və bir sıra digər ölkələr fəal şəkildə Türkiyə və İsrail hərbi sənaye kompleksindən məhsul alır. Rusiya isə köhnə, lazımsız zir-zibilini Ermənistana - Cənubi Qafqazdakı forpostuna ötürməli olur. “Sputnik” xəbər agentliyi və Rusiya federal telekanallarındakı boğazyırtanlar Türkiyə və İsrail silahlarını gözdən salmaq üçün nə qədər çalışsalar da, heç bir kampaniya kömək etməyəcək. Dünyanın hər yerindən olan hərbi mütəxəssislər hər silahın əsl dəyərini çoxdan bilirlər.

 

Dünyanın müxtəlif ölkələrindən olan siyasətçilər və politoloqlar  qonşu ölkələrə qarşı qəzəb və nifrəti tirajlamaqla Rusiyanın SSRİ yolu ilə getdiyini qəbul edirlər. O zaman SSRİ telekanallarında da səhərdən axşama qədər "Vremya" proqramında və ya “Beynəlxalq Panorama”da "Qərb ölkələrində işçilərin gündəlik acınacaqlı həyatı" haqqında danışaraq, Sovetlər Birliyində guya ki, yaxşı bir həyat illüziyası yaratmağa çalışdılar. SSRİ-də sovet mağazalarının boş rəfləri, əbədi defisit və həyati vacib olan hər şeyi "əldə etmək" ehtiyacı "qardaş Əfqanıstanda beynəlminəl missiya"nın yerinə yetirilməsi, silahlanma yarışı ilə qoşa qddımlayırdı.

 

İndi Krımın ilhaqına və Donbasdakı separatizmə və terrora dəstəyinə görə sanksiyalar altında olan Rusiya eyni dırmıq üzərində addım atır. Bu, SSRİ-nin dağılması kimi, Rusiyanın da parçalanmasına gətirib çıxaracaqmı? Çətin. Ancaq Rusiyanın ağılsızca zaman və milyardlarla dollarlarını daxili problemlərini həll etmək üçün deyil, həmvətənlərinin həyat səviyyəsini yüksəltmək üçün deyil, Sovet İttifaqının səhvlərini təkrarlamasına xərcləməsi təkzibolunmaz bir faktdır.

Müəllif: Əkbər Həsənov