Rusiya beynəlxalq uçuşları bərpa etməyə hazırlaşır

Dünya

10.07.2020 - 23:44

Əlverişsiz epidemioloji vəziyyət olan yerlərdən gələnlər karantinə alınacaq

 

Rusiya iyulun 15-dən etibarən xarici uçuşlara qoyulan məhdudiyyətləri tədricən aradan götürəcək.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Baş Nazirin müavini Tatyana Qolikova bildirib:

 

“Bu ona görə mümkün olub ki, Rusiyada xeyli müddətdir yeni növ koronavirus infeksiyasına yoluxma halları və xəstəliyin azalması müşahidə olunur”.

 

Qolikovanın sözlərinə görə, uçuşlar Covid-19-a yoluxma nisbəti hər 100 min nəfərə 40-dan çox olmayan ölkələrlə bərpa olunacaq. Həmin ölkələrdə orta sutkalıq yoluxma və yayılma riski 1 faizi keçməməlidir.

 

Qolikova bildirib ki, bu səbəbdən aviasiya orqanları həmin kriteriyalara cavab verən ölkələri aydınlaşdırmalı və danışıqlar aparmalıdır.

 

Bundan başqa, əlverişsiz epidemioloji vəziyyət olan yerlərdən gələnlər karantinə alınacaq. Həmçinin, COVID-19 testi olmayan sərnişinlərdən test götürüləcək və cavab neqativ olanadək müşahidə altında saxlanılacaqlar.

 

Əcnəbi vətəndaşların Rusiyaya gəlmək üçün 3 gün əvvəlcədən alınmış tibbi arayışları da olmalıdır.

 

Xatırladaq ki, Rusiya martın 27-dən etibarən digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb.

Müəllif: Ayna.az