DİM əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.
DİM-dən AYNA-ya verilən məlumata görə, 8 sentyabr 2023-cü il saat 13:00-dan 11 sentyabr 2023-cü il saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilib.
Qeyd edək ki, 2023/24-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 581 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2023, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
Müsabiqədə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq ixtisas seçimi edə bilərlər.