Rəsmi Bakının İrəvana təklifi: Ermənistanın buna "yox" cavabı istisna deyil

Aktual

03.07.2021 - 10:27

Həkimlər Klinikalar SEO Xidməti

"Ola bilsin ki, İrəvan hansısa şərtlər irəli sürsün. Təsəvvür etmək çətin deyil ki, o şərtlər nələrdir" - Politoloq

 

Rəsmi Bakı Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edib. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib.

 

C.Bayramov vurğulayıb ki, bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün, bu əsasda yaxşı qonşuluq münasibətlərinin qurulmasının alternativi yoxdur: “Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli Birgə Bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var”.

 

“Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir. Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur. Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli Birgə Bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”, - deyə nazir söyləyib.

 

Məlum məsələdir ki, İkinci Qarabağ müharibəsini dayandıran Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Birgə Bəyanatın icrası davam edir. Bölgədə nəqliyyat-kommunikasiyanın bərpasından tutmuş, Bəyanatın digər bəndlərinin icrası istiqamətində işlərə başlanılmışdı. Bunun üçün üç ölkənin Baş nazir müavinlərindən ibarət işçi qruplar yaradıldı, işlər aparılırdı. Sənədin icrasında Azərbaycan-Ermənistan sərhədinin dəqiqləşdirilməsi məsələsi də yer alıb. Yəni ki, delimitasiya və demarkasiya işləri həyata keçirilmədən, üçtərəfli Birgə Bəyanatın müddəalarının yerinə yetirilməsi çətinliklər törədir. Azərbaycan sərhədlərin müəyyənləşdirilməsinə başlayıb, hansı ki, mayın 12-də Qaragöl ətrafında sərhəd dəqiqləşdirilərkən insident yaşandı. Buna baxmayaraq, sərhəd dəqiqləşdirilməsi davam etdi.

 

Son bir ayda isə proses bir az ləngidi, üçtərəfli birgə işçi qrupunun toplantıları da ləngiyir. Qeyri-rəsmi məlumatlara görə, bunun səbəbi iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri idi. Rəsmi Bakı Ermənistanda seçkinin nəticələrini gözləyirdi. Artıq seçki başa çatıb, vəziyyət nisbətən sabitləşib. C.Bayramovun açıqlamasından belə anlaşılır ki, Azərbaycan sərhəd dəqiqləşməsinin qısa zamanda həyata keçirilməsini tələb edir və bunda israrlıdır. Rəsmi Bakının təklifinə İrəvanın cavabı nə olacaq – bu, sual doğurur.

Vəlizadə: “Azərbaycan regionun enerji təhlükəsizliyindəki rolunu  möhkəmləndirib”

Mövzunu AYNA-ya şərh edən politoloq İlqar Vəlizadə deyib ki, rəsmi Bakının bu təklifi hər halda cavabsız qoyulmayacaq:

 

- Bu təklifə cavab gəlməlidir. Amma düşünürəm ki, bu cavab Birgə Bəyanat əsasında yaradılmış üçtərəfli komissiyaların işinin bərpası ilə verilə bilər. Əgər üçtərəfli komissiyalar fəaliyyəti bərpa edərsə, demək ki, rəsmi İrəvan Bakının təklifinə cavab vermiş sayılacaq. Yəni düşünmək olar ki, hər halda Ermənistan müzakirələrə hazırdır. Yox, əgər komissiyalar yaxın müddətdə işini bərpa etməsə, demək olar ki, Ermənistan bu məsələlərdə ya maraqlı deyil, ya da ləngitməklə məşğuldur.

 

- Ermənistan tərəfi rəsmi Bakının bu təklifinə mənfi cavab verə bilərmi?

 

- Bundan imtina edəcəklərini istisna etmək olmaz. Ola bilsin ki, İrəvan hansısa şərtlər irəli sürsün. Təsəvvür etmək çətin deyil ki, o şərtlər nələrdir. Məsələn, Ermənistan Azərbaycanda saxlanılan terrorçu ermənilərin qaytarılmasını istəyə bilərlər. Amma düşünmürəm ki, belə bir təklifi rəsmi Bakı qəbul etsin. Çünki erməni terrorçularla bağlı cinayət işi açılıb, istintaq aparılıb, artıq məhkəmələri başlayıb və dinləmələr keçirilir. Bu baxımdan, inanmıram ki, terrorçularla bağlı Ermənistanın irəli sürəcəyi şərtlərə rəsmi Bakı “hə” desin. Burada imic yox, eyni zamanda, ədalət məsələsi var. Bu adamlar cinayət törədiblər, mülki əhaliyə qarşı olmazın cinayətlərində iştirak ediblər. Necə ola bilər ki, terrorçularla bağlı keçirilən məhkəmə istintaqına, törətdikləri cinayətlərə xitam verilsin? Mən bunu təsəvvür edə bilmirəm. Ermənistan tərəfi reallıqla barışmalı və qeyri-real tələblər irəli sürməsin. Hesab edirəm ki, məsələdə beynəlxalq oyunçular da ortaya obyektiv yanaşma qoymalıdırlar, Ermənistanın nazı ilə oynamamalıdırlar. Beynəlxalq oyunçulardan da çox məsələ asılıdır. Əgər Ermənistanın nazı ilə oynasalar, o zaman sərhədlərin müəyyənləşməsi də, sülh prosesi də ləngiyə bilər.

 

- Terrorçuların qaytarılmasının mümkünsüzlüyünü dediniz, amma ortada presedent də var. Ağdamın mina xəritələrinin alınması üçün 15 erməni terrorçusu qarşı tərəfə təhvil verildi...

 

- Yox, burada incə məqam var. Ağdamın mina xəritələri müqabilində Ermənistana təhvil verilən həmin 15 erməni terrorçusu digər erməni terrorçuları ilə müqayisədə Azərbaycana qarşı hədsiz qatı cinayətlər törətməmişdilər. Rəsmi açıqlamada da bildirilmişdi ki, onlar çox cinayətlərdə iştirak etməmiş erməni yaraqlıları olublar. Yəni ibtidai istintaq zamanı onların yüngül cinayətlərdə əli olduğu müəyyənləşmişdi. Digər yandan, həmin erməni terrorçuların məhkəməsi başlamamışdı. Baxın, hazırda erməni terrorçularının məhkəmə prosesi gedir, onlar məhkəmədə dindirilirlər. Hansı cinayətləri törətdiklərini etiraf edirlər. Kifayət qədər də qatı cinayətlərdə iştirak ediblər. Əgər gələcəkdə bunların ekstradisiyası gündəmə gələrsə, bunlar hüquqi çərçivədə, hüquqi prosedurlara əsasən, Ermənistana təhvil verilə bilərlər. Yoxsa ki, məhkəmə gedən müddətdə bu terrorçuları təhvil vermək mümkün deyil. Bütün hallarda terrorçuların məhkəməsi başa çatmalıdır, hökm elan edilməlidir. Onlar 16 ildən ömürlük həbsə məhkumetmə maddələri ilə təqsirli bilinirlər. Belə cinayətkarları necə təhvil vermək olar?

 

Qaldı ki, mina xəritələri ilə terrorçuların dəyişdirilməsi, sərhədlərin delimitasiyasına görə terrorçuların qarşı tərəfə verilməsi, bu, yanlış təsəvvürdür. “Biz terrorçuları ona görə saxlayırıq ki, Ermənistandan mina xəritələri alacağıq, yaxud da sərhəd məsələsində onları yola gətirəcəyik”, yanaşması kökündən yanlışdır. Biz alver etmirik ki... Mina xəritələrini Ermənistan onsuz da verməlidir, beynəlxalq qanun da, müharibə qanunları da, humanitar yanaşma da bunu tələb edir. Ermənistana təhvil verilən 15 erməni terrorçusu da Ağdamın mina xəritələrinə görə yox, Azərbaycan hakimiyyətinin, Prezidentin xoşməramlı, humanist addımı idi. O demək deyil ki, biz hər dəfə xəritə alıb terrorçu təhvil verəcəyik. Yanaşmaları qarışdırmaq lazım deyil. Təxribat törətmiş, ölkəmizə qarşı qatı cinayət törətmiş, mülki əhalini öldürən terrorçuları biz necə qarşı tərəfə verə bilərik? Bu, düzgün deyil.

 

- Bildirdiniz ki, Ermənistanın rəsmi Bakının delimitasiya və demarkasiya təklifinə mənfi cavab verəcəyi istisna deyil. Problemin tam həllində, sərhədlərin dəqiqləşməsində, sülhün əldə olunmasında maraqlı olduğunu bildirən Rusiyanın İrəvanın “yox” cavabına reaksiyası necə ola bilər. Rusiya eyni zamanda, üçtərəfli Birgə Bəyanatın müəlliflərindən, təşəbbüskarlarından biridir...

 

-Siz dediyiniz məsələ Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında baş tutan sonuncu telefon danışığında qaldırılıb. Eyni zamanda, xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutdu. Güman ki, sözügedən məsələni XİN başçıları müzakirə ediblər, prezidentlərin telefon danışığında qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Hesab edirəm ki, rəsmi Bakı Moskvaya Ermənistandakı seçkilərin bitdiyini, sərhədlərin delimitasiya və demarkasiyası işinin, üçtərəfli Birgə Bəyanatda nəzərdə tutulan maddılırin icrası ilə bağlı danışıqların bərpa olunması istiqamətində xatırlatma edilib. Məncə, Rusiya məntiqə uyğun olaraq rəsmi Bakının təklifini, tələbini qəbul edib. Bu istiqamətdə işlərin aparılmalı olduğunu əlbəttə, Rusiya anlayır. Rəsmi Moskva maraqlıdır ki, kommunikasiyalar açılsın, Birgə Bəyanatın müddəalarının icrası tezləşsin. Hətta may ayının axırlarında Ermənistana Rusiyadan ilkin partiya dəmiryol qatarları, avadanlıqlar gətirildi. Bildirildi ki, bunlar kommunikasiyalar açılan zaman istifadə ediləcək. Demək ki, Rusiya ilkin addımları atır. Əlbəttə, Kremlin maraqları ciddidir. Söhbət dəyəri milyardlarla dollarla ölçülən maraqlardan gedir. Təbii ki, bu məsələlərin reallaşması Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasının həyata keçirilməsini tələb edir. Bu baxımdan hesab edirəm ki, Rusiya Ermənistan hakimiyyətinə Birgə Bəyanatda göstərilən məsələlərin icrasının başlaması barədə xəbərdarlıq edəcək.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş