Rəisidən sonkarı Tehran-Bakı münasibətləri və SEPAH-ın dəyişməyən mövqeyi

Siyasət

26.05.2024 - 10:35

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəz rəhbəri: “Nə qədər ki, bu siyasət davam edəcək, İran Prezidenti kim olur-olsun, münasibətlərin tam normallaşacağını söyləmək çətindir”

İran Prezidenti İbrahim Rəisinin, ölkənin xarici işlər naziri Hüseyn Abdullahianın və digər rəsmilərin həlak olduğu helikopter qəzası barədə bir çox versiyalar səsləndirilir. Rəsmi Tehran hadisəni texniki nasazlıq kimi dəyərləndirsə də, ölkə daxilindəki bəzi qruplar “təxribat izi” barədə mülahizələr irəli sürürlər. Dünyada mütəxəssislərin mütləq əksəriyyəti hesab edir ki, Prezidentin uçduğu helikopter çox köhnə, az qala, istismara yararsız olub, pis hava şəraiti də qəzanın baş verməsini şərtləndirib. İran tərəfinin ilkin versiyası da pis hava şəraiti səbəbindən Rəisinin helikopterinin sərt eniş nəticəsində qəzaya uğradığıdır.

Amma məsələn, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “xarici qüvvə” amilini irəli sürür və “qisas” vədi verir. SEPAH-a yaxın “Telegram” kanallarında “xarici qüvvələr” hədələnir, ünvan görtəsilməsə də, Korpusun İranın düşmən bildiyi ölkələri nəzərdə tutduğu aşkardır. SEPAH-a bağlı kanallarda Azərbaycanın da adına rast gəlinir, müəyyən “qənaətlər” irəli sürülür.

Qeyd edək ki, Rəisinin helikopteri mayın 19-u günorta saatlarında İran Prezidenti ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı görüşdən sonra Şərqi Azərbaycan əyalətinə sərt eniş edərək yerə düşüb. İlkin məlumata görə, helikopter qatı duman və elektron nasazlıq səbəbindən idarəetməni itirib, dağın yamacına düşüb və alovlanıb.

Bəzi ekspertlər hesab edirlər ki, İranla Azərbaycan arasında son illərdə yaşanan siyasi gərginlik əslində Rəisi hakimiyyətə gəldikdən sonra yaranıb. Onun vəfatından sonra yeni gələn siyasi rəhbərin Azərbaycanla bağlı daha loyal siyasi xətt tutacağı gözlənilir. Amma əks fikirdə olan analitiklərin də sayı kifayət qədərdir. Bildirilir ki, SEPAH-ın bu hadisədə dolayısı ilə Azərbaycanı da günahlandırmaq cəhdi münasibətlərin əvvəlki qaydada gərgin olacağını deməyə əsas verir.

Sual isə budur: bu hadisədən sonra iki qonşu ölkə arasında münasibətlər hansı istiqamətdə inkişaf edəcək?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-ya müsahibəsində bildirib ki, SEPAH-ın düşmən axtarışı yeni deyil:

- Belə hadisələr zamanı İran siyasi sistemində hərbi qanad olan SEPAH “xarici düşmən” axtarışına çıxır, hədələr yağdırır. Korpusun Azərbaycana münasibəti də bəllidir, yeni bir şey deyil. Amma qəza ilə bağlı Azərbaycanı günahlandırmaq gülməlidir. Prezidentin həlak olduğu qəza Azərbaycan ərazisində baş verməyib, 40 ilin köhnə, sınıq-salxaq helikopteri Azərbaycan istehsalı deyil. Nəyə əsasən Azərbaycanı günahlandırırlar, anlamaq olmur. Araşdırmalarını aparsınlar, səbəblərini öyrənsinlər, o zaman biləcəklər ki, qəzanın əsl səbəbi elə özləridir.  

Azərbaycanla münasibətlərə gəlincə, İranda bir neçə mərkəz var ki, onların Azərbaycanla bağlı siyasətdə fikirləri haçalanır. Məsələn, Xudafərində, Araz çayı üzərində açılışı edilən hidroqovşaq önəmli bir layihədir. Əslində bu layihənin təməli 50 il əvvəl qoyulub. Sonra müstəqillik dövründə bunu həyata keçirmək olmadı. Son illərdə layihənin işə salınması razılaşdırıldı. Hidroqovşağın açılışı çoxdan olmalı idi. Sadəcə İkinci Qarabağ müharibəsindən sonra yaranan gərginlik, sonra Azərbaycan səfirliyinə hücum və gərginliyin artması açılışı yubatdı. Rəisinin ölümündən qabaq artıq hidroqovşaq açıldı və fəaliyyətə başladı. Rəisinin yerinə keçəcək İran Prezidenti Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olmalıdır. İrandakı bəzi siyasi dairələr Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdırlar, amma hərbi güc mərkəzləri var ki, bunlar əlaqələrin inkişafında maraqlı olmadıqlarını nümayiş etdirirlər. Münasibətlərdə normallaşmaya doğru addımlar atılarkən, hərbi dairələrdən, konkret SEPAH tərəfindən bir bəyanat verilir və hər şeyin üstündən xətt çəkilir.

- Dediyiniz kimi, Rəisi ölümündən əvvəl Azərbaycan lideri ilə görüşündə müsbət mesajlar verdi. Onun yerinə gələcək Prezident bu siyasəti davam etdirəcəkmi?

- Bəli, belə fikirlər var ki, Rəisi Azərbaycanla münasibətlərin yaxşılaşdırılması yolunu tutmuşdu, SEPAH-ın ziddinə gedirdi. Amma sağ qalsaydı da demək olmazdı ki, Rəisi münasibətlərin yüksək səviyyəyə qalxması üçün addımlar atacaqdı. Çünki İkinci Qarabağ müharibəsindən sonra ölkələr arasında münasibətlərdə anormal vəziyyət yaranıb. Müharibədən sonra İrandakı siyasi mərkəzlər Azərbaycanın qələbəsini həzm edə bilməyən bəyanatlar səsləndirirdilər. Hər gün təxribat xarakterli açıqlamalar verilirdi, sərhədlərimizdə hərbi təlimlər keçirirdilər, təhdidlər səsləndirirdilər. 30 il Azərbaycan əraziləri işğalda oldu, bir dəfə də olsun din qardaşı deyilən İran separatçılara göz dağı vermək üçün ərazilərdə təlimlər keçirmədilər. Azərbaycan ərarizlərini azad etdikdən sonra isə İran sərhədlərdə hərbi təlimləri artırdılar.

Elə bu günlərdə, Rəisinin ölümündən iki gün qabaq İranın rəsmi qəzetində Azərbaycan əleyhinə təxribatçı yazı dərc olunmuşdu. O yazıda Bakı-Biflis-Ceyhan boru xəttinə qarşı təhdid yazılmışdı. Yazının məğzindən belə anlaşılırdı ki, bu boru xəttini partlatmaq lazımdır ki, İsrailə Azərbaycan nefti gedib çıxa bilməsin. Azərbaycanı da ittiham edirdilər ki, guya Azərbaycan neft satmaqla Qəzzada qırğınlara kömək edirik. Guya biz neft satmasaq, İsrail iqtisadiyyatı çökəcək. Anlamırlar ki, biz neft satmasaq, başqalarından alınacaq. Bu, İranın rəsmi qəzetində yazılıb ki, demək, İranın rəsmi mövqeyi belədir.

- Yeri gəlmişkən, Rəisi Xudafərində İlham Əliyevlə görüşdəki çıxışda bildirdi ki, hazırda onun bu görüşündən narahat olan güclər var. Rəisi hansı qüvvələri nəzərdə tuturdu?

- Əslində mərhumun çıxışında Azərbaycana da atmaca var idi. “Sionist rejimlə əməkdaşlıq edənlər” kimi ifadələr işlətdi. Üstəlik, Rəisi dedi ki, İranla Azərbaycanın əməkdaşlığından narahat olan qüvvələr var. Əgər mərhum “xarici qüvvələr” ifadəsi işlətsəydi, hər kəs biləcəkdi ki, ABŞ-ı, İsraili  nəzərdə tutur. Amma Rəisi “xarici qüvvə” ifadəsi işlətmədiyi üçün hər zaman müəmma olacaq ki, o, kimi nəzərdə tuturdu. Rəisinin nəzərdə tutduğu ABŞ da ola bilər, İsrail də ola bilər, SEPAH-a bağlı mərkəzlər də ola bilər. Amma yenə də o fikrimdə qalıram ki, Rəisi Azərbaycanla bağlı SEPAH-a zidd siyasət yürütmürdü.

- Bundan sonra İranda hakimiyyətə gələcək şəxsin Azərbaycanla bağlı siyasətində hansısa dəyişiklik gözlənilirmi?

- Güman etmirəm ki, hansısa siyasət dəyişəcək. Ana siyasət qalacaq və mövqe eyni olacaq. SEPAH da öz mövqeyində qalacaq. Bizim ümidimiz onadır ki, hidroqovşaqlar işə düşəndən sonra İranın rəhbərliyi nəhayət ki, Azərbaycanla iqtisadi əlaqələrin inkişafına önəm verəcəklər. Bu isə siyasi gərginliyi azalda bilər.

Bir məsələni qeyd etmək lazımdır: Tehranın və Qumun Azərbaycanla bağlı vahid siyasəti yoxdur. Amma barışdıqları Səudiyyə Ərəbistanı ilə bağlı vahid siyasətləri  var. Maraqlıdır ki, Səudiyyə ilə diplomatik münasibətlərə yeddi il ara verdilər, amma sonda barışdılar. İndi İrandakı əksər siyasi dairələr Səudiyyə Ərəbistanı ilə barışığa mane ola biləcək yazılardan, bəyanatlardan çəkinirlər. Azərbaycana qarşı münasibətdə isə belə deyil. Tehrandakı bir qrup Azərbaycanla əməkdaşlığa önəm verir, digər qrup təxribatçı bəyanatlar səsləndirir, bizi hədələyir. Nə qədər ki, bu siyasət davam edəcək, İran Prezidenti kim olur-olsun, münasibətlərin tam normallaşacağını söyləmək çətindir.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş