Ramiz Rövşən: “Bəlkə də məni qısqanırlar”

Mədəniyyət

19.12.2019 - 11:13

Xalq şairi: “Bu yaşdan sonra səhhət haqqında nikbin danışmaq çətin olsa da, 73 yaşa görə pis deyiləm”

 

“Ağlıma gəlməyən şeirlərimə belə, mahnılar yazılıb. İndiyə kimi bir çox şeirlərimə yazılan mahnılar oxunub. Həmin şeirlərimə mahnıların yazılacağına inana bilmirdim. Son olaraq həm Nəzakət Teymurova, həm də Ehtiram Hüseynov çox fərqli kompozisiyalar hazırlayıb”.

 

AYNA xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib. “Şeirlərinizə yazılan mahnıları oxuyan ifaçılardan kimlərin ifasını bəyənirsiniz?” sualına Xalq şairi kiminsə adını çəkmək istəmədiyini bildirib: “Kimlərin ifasını bəyəndiyimi deyə bilmərəm. Ümumiyyətlə, şeirlərimə yazılan mahnıların hamısını bəyənirəm. Onları bir-birindən ayırmıram. Çünki mahnı müəllifi şair deyil, bəstəkar və ifaçıdır. Özüm daha çox klassik musiqilərə qulaq asıram”.

 

Ramiz Rövşən hazırda səhhətinin yaxşı olduğunu qeyd edib: “Bu yaxınlarda 73 yaşımı qeyd etdim. Bu yaşdan sonra səhhət haqqında nikbin danışmaq çətin olsa da, 73 yaşa görə pis deyiləm”. 

 

“Şair olaraq sizi qısqananlar varmı?” sualına Xalq şairi bu barədə danışmaq istəmədiyini deyib: “İnanın ki, bilmirəm. Bəlkə də, ürəklərində qısqanırlar. Amma mən belə bir şeyin olmasını istəmirəm. Ümumiyyətlə, cavan şairlərimiz çoxdur. Bəyəndiklərimin adını bir-bir çəksəm, digərləri inciyər. İnanın ki, mən poeziyamızdan ümidliyəm. Hər şeyin yaxşı olacağına inanıram”.

Müəllif: Ayna.az