Qlobal düyü qıtlığı: Azərbaycan böhranı fürsətə çevirə bilər

İqtisadiyyat

20.05.2023 - 10:24

Məhsulun 70%-dən çoxunu idxal edirik və problem ölkəmizə necə təsir edəcək?

Düyü populyar kənd təsərrüfatı bitkisidir və dünyada istehlakı artır. İndi onu 3,5 milyarddan çox insan istehlak edir, onların əksəriyyəti Asiya ölkələrində yaşayır.

Lakin “Fitch Solutions” analitikləri deyirlər ki, bu il dünya qlobal düyü qıtlığı ilə üzləşib. Bu kəsir, təxminən, 9 milyon ton təşkil edə bilər ki, bu da son 20 ildə ən əhəmiyyətli kəsirdir.

Bunun bir neçə səbəbi var. Onlardan biri aparıcı istehsalçı ölkələrdə - Çin və Pakistanda əlverişsiz hava şəraitidir. Çin güclü quraqlıqla üz-üzədir. Pakistanda keçən il güclü daşqınlar səbəbindən istehsal illik müqayisədə 31% azalıb.

ABŞ və Avropa İttifaqında (Aİ) da düyü istehsalı azalır. Bundan əlavə, Rusiya ilə Ukrayna arasında müharibə səbəbindən digər əsas dənli bitkilərin qiymətləri xeyli artıb ki, bu da düyüyə tələbatı artırıb.

Lakin əsas amil Hindistanın keçən il parçalanmış düyü ixracına qadağa və bu taxılın digər növlərinə ixrac rüsumları tətbiq etməsidir. Bütün bunlar dünya bazarında onun qıtlığına səbəb oldu.

İlin əvvəlindən düyünün orta qiyməti 100 funt (45,4 kiloqram) üçün 17,3 dollar təşkil edir və gələn ilə qədər qiymətlərin indiki ən yüksək həddə yaxın qalacağı gözlənilir. 2024-cü il üçün isə proqnozlar daha optimistdir - dünya bazarında vəziyyət düzələcək və bu məhsulun qiyməti, təxminən, 10% ucuzlaşacaq. Amma bu proqnozların doğru olub-olmadığını zaman göstərəcək. Hələliksə vəziyyət o qədər də pozitiv deyil.

Qlobal düyü bazarında baş verənlər onun Azərbaycandakı dəyərinə necə təsir edəcək? Düyü ölkədə bir sıra dənli bitkilərlə müqayisədə az istehlak edilsə də, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutur. Fermerlərin onun becərilməsinə marağını artırmaq üçün onlara hər hektar çəltik əkininə görə 360 manat subsidiya verilir.

Əhalinin bu məhsula olan tələbatının yerli istehsal hesabına ödənilməsi vacib olduğundan, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Buna əsasən, çəltiyin əkin sahəsi (10 min hektara qədər) və məhsuldarlıq (hər hektardan 2,5 dəfədən çox - 40 sentnerə qədər) əhəmiyyətli dərəcədə artırılacaq.

Artım var, lakin 2022-ci ilə qədər əkin sahəsi 3 min hektar olub, 12 min tona yaxın çəltik istehsal olunub. Azərbaycanın bu məhsula illik tələbatı 40 min tondan artıqdır. Ona görə də biz Hindistan, Pakistan, Qazaxıstan, Rusiya, Tailand, İran və sairdən çoxlu düyü idxal edirik.

İqtisadçı ekspert Əyyub Kərimli AYNA-ya şərhində deyib ki, dünyada düyü istehsalının azalması, onun qiymətinin artması daxili bazarımıza təsir etməyə bilməz: “Ölkədə istehlak edilən düyünün 70%-dən çoxu başqa ölkələrdən gətirilir. Azərbaycana hər il təxminən 34 milyon dollar dəyərində düyü idxal olunur və bu, böyük məbləğdir”.

“Əgər əvvəllər düyü əsasən Hindistandan idxal edirdiksə, indi Pakistandan tədarük artacaq. Ötən ilin sonunda hökumətimiz Pakistandan gətirilən düyü idxalına görə gömrük rüsumundan azad etmək qərarına gəlib. Qərar 2027-ci ilə qədər qüvvədə olacaq. Bu, müsbət təsir göstərəcək və düyünün bahalaşmasını ləngidəcək”, - deyə həmsöhbətimiz bildirib.

Qeyd edək ki, Pakistan şirkətləri Azərbaycana düyü tədarükünü təxminən 10 dəfə artırmağı planlaşdırır. Amma təbii ki, idxaldan asılılığı azaltmaq üçün mümkün olan hər şey edilməlidir.

Kərimlinin sözlərinə görə, qəbul edilən dövlət proqramında qeyd olunub ki, yerli düyü istehsalı daxili bazarın tələbatını 90 faiz ödəməlidir: “Artıq müsbət nəticələr müşahidə oluna bilər: ölkədə bu məhsulun istehsalının artması sayəsində düyü idxalı 2021-ci ildə 18% azalıb”.

Düyü əkin sahələrinin artırılması məsələsinə gəlincə, iqtisadçı qeyd edib ki, Azərbaycanda bu məqsədlər üçün kifayət qədər ərazi var: “Lakin çəltik rütubəti sevən bitkidir və hazırda ölkədə su ehtiyatları ilə bağlı çətin vəziyyət yaranıb. Amma başqa ölkələrin, məsələn, İsrailin təcrübəsini mənimsəyərək yeni suvarma texnologiyalarını tətbiq etsəniz, ölkədə çəltik istehsalının payını artıra bilərsiniz”.

Öz növbəsində Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin rəhbəri Nəriman Ağayev AYNA-ya söyləyib ki, hazırda yerli çəltiyin qiyməti kifayət qədər bahadır: “Çəltikçiliyi inkişaf etdirmək üçün su ehtiyatlarına, müasir texnologiyaya, səriştəli kadrlara ehtiyac var və bunda çətinliklər var”.

Müəllif: Elya Belskaya