“Qərb rus neft-qazından imtina edəcək - Azərbaycan pay sahibi ola bilər” – RAZUVAYEV

İqtisadiyyat

01.03.2022 - 22:48

Qərbin ağır sanksiyaları şimal qonşumuzun iqtisadiyyatına ciddi zərbə vurur, lakin gözləntilər heç də birmənalı deyil

Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar onları elan edən ölkələrə də ziyan vuracaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS agentliyinin Redaktorlar Klubunda KİV rəhbərləri ilə görüşündə deyib.

“Əslində, sanksiyalar Rusiya istehsalçılarına idxaldan asılılığını azaltmağa kömək etdi. Mən birmənalı şəkildə əminəm ki, sanksiyalar səmərəsizdir. Təbii ki, bu, şübhəsiz ki, Rusiya iqtisadiyyatına zərbə vuracaq. Prezident Putin bu qərarı verəndə yəqin ki, bütün bunları nəzərə alıb. Lakin bu, şübhəsiz ki, həmin sanksiyaları tətbiq edənlərə də zərər verəcək. Çünki, hətta yüksək texnologiyalı məhsullar üçün də eyni dərəcədə perspektivli başqa ixrac bazarı tapmaq çətindir”, - deyə dövlət başçısı bildirib.

Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov da məsələyə münasibət bildirərkən söyləyib ki, hərbi əməliyyatlar davam etdikcə sanksiyalar da artır, onların mənfi iqtisadi təsir potensialı da: “Rublun zəifləməsi fonunda Rusiyanın alıcılıq qabiliyyətinin azalması gözlənilir. Bu kontekstdə Azərbaycanın Rusiyaya ixracının da azalması mümkündür. Çünki alıcılıq qabiliyyətinin aşağı düşməsi Rusiya Federasiyasında idxal olunan məhsullara tələbatı azaldacaq”.

Rusiya Maliyyə Analitikləri və Risk Menecerləri Gildiyasının Müşahidə Şurasının üzvü Aleksandr Razuvayev AYNA-ya şərhində qeyd edib ki, Rusiya Federasiyasına qarşı iqtisadi tədbirlər hələ enerji sektoruna təsir etməyib - baxmayaraq ki, Rusiya ilə Qərb arasında münasibətlərin tam pozulması göz qabağındadır: “Bu gün biz Rusiya ilə Qərb arasında iqtisadiyyat və siyasətdə münasibətlərin tamamilə pozulduğunun şahidi oluruq. Səudiyyəlilər OPEC+ üzrə razılaşmanın qorunduğunu, Çinin Rusiyanı yumşaq şəkildə dəstəklədiyini bildirib. Cənab Əliyevin Moskvaya sonuncu səfərindən sonra Rusiyanın türk dünyası ölkələri ilə əlaqələrinin möhkəmlənməsindən danışmaq olar”.

“Sanksiyalarla hekayənin necə bitəcəyi çox aydın deyil. Rusiya sərt cavab verir, lakin bu və ya digər şəkildə iqtisadi əlaqələrin qırılması göz qabağında olacaq. Rublun taleyinin necə olacağını demək çətindir. Hesab edirəm ki, hələlik biz bir dollar üçün 100 rubl məzənnəsinə diqqət yetirməli və 1-in 100-ə əmsalı ilə  denominasiya həyata keçirməliyik”, - deyə analitik vurğulayıb.

Onun fikrincə, perspektivdə birjalarda əməliyyatların bərpası zamanı Rusiya səhmləri alış üçün çox cəzbedici olacaq: “Aydındır ki, Qərb gələcəkdə Rusiya neftindən və qazından imtina edəcək. Azərbaycan üçün bu, müsbət haldır - o, Rusiyanın payının bir hissəsinə sahib ola bilər. Eyni zamanda, faiz dərəcələrinin artırılması iqtisadiyyatın real sektoru üçün arzuolunmazdır. Rusiyada enerji daşıyıcılarının hazırkı qiymətləri fonunda reçessiyanın olacağı faktı deyil, baxmayaraq ki, haradasa 1-2% səviyyəsində eniş istisna edilmir”.

“Rusiyada tələbin azalması bütün MDB ölkələri və əmək miqrantları üçün arzuolunmazdır. Zərbə altında, təbii ki, ilk növbədə Qırğızıstan, Tacikistan və Ermənistan olacaq. Yaxın günlərdə prosesin necə inkişaf edəcəyini deyə bilmərəm. Rusiyalı hərbi ekspertlər hesab edirlər ki, hərbi əməliyyat təxminən bir ay davam edəcək, bundan sonra aydınlıq gələcək. Rusiya vətəndaşları üçün "Mir" ölkədaxili kartı hələlik etibarlıdır, Rusiya Mərkəzi Bankının hesablaşma sistemi mövcuddur. Ancaq baş verənlər Rusiya iqtisadiyyatı üçün ağır sınaqdır”, - deyə Razuvayev fikrini tamamlayıb.

İqtisadçı ekspert Eldəniz Əmirov isə sanksiyaların təşəbbüskarları üçün ciddi mənfi nəticələr gözləntilərini həddindən artıq şişirdilmiş hesab edir. Onun AYNA-ya dediyinə görə, bu cür bəyanatlar ərazi miqyasına əsaslanır: “Amma nə vaxtdan ölkənin iqtisadi qüdrəti ərazisi ilə ölçülür? 93 trilyon dollardan çox olan ümumi dünya ÜDM-nin yalnız 1,8%-i (1,7 trilyon dollar) Rusiya Federasiyasının payına düşür. Sanksiyalar davam edərsə, Rusiyanın ÜDM-i təxminən 10% azala bilər”.

“Bu gün ən çox müzakirə olunan mövzu Rusiya Federasiyasının SWIFT banklararası sistemindən ayrılmasıdır. Məlumdur ki, oradan çıxarılan banklar bəzi funksiyalarını itirir. Bu, Rusiyanın maliyyə strukturları üçün nəticələrsiz ötüşməyəcək. İxrac-idxal əməliyyatlarının maliyyələşdirilməsində çətinliklər qaçılmazdır. Nəhayət, təsərrüfat subyektlərinin işində problemlərin olacağı gözləntiləri əsassız deyil və transsərhəd pul köçürmələri səngiyəcək”, - deyə mütəxəssis bildirib.

İqtisadçı hesab edir ki, sanksiyaların onların təşəbbüskarlarına ekvivalent təsirini gözləmək sadəlövhlükdür: “Avtomobil piyada ilə toqquşduqda avtomobil də zərər görəcək - lakin müqayisələr yersizdir. Rusiya rublu ciddi zərbə aldı - valyuta ucuzlaşır, banklar rublla əməliyyatlardan qaçmağa çalışır, inflyasiya meylləri formalaşır. Məsələn, Rusiya Federasiyasının Mərkəzi Bankı artıq uçot dərəcəsini 9,5%-dən 20%-ə qaldırıb, ipoteka faizləri üç dəfə artıb. Birjada vəziyyət uğursuzluğa düçar olur. Xarici investorlar səhmləri satırlar. Yaxın gələcəkdə xarici investisiyaların artacağı da gözlənilmir”.

“Bütün bunlar birlikdə rubl bank depozitlərinin sonradan xarici valyutaya çevrilməsinə gətirib çıxarır. Rublun məzənnəsinə təzyiq var. Bundan sonar logistika xərcləri artacaq, sonradan mal və xidmətlərin qiymətində nəqliyyat xərcləri çoxlacaq. Bunun nəticəsində məhsulların ixracında çətinliklər olacaq, dövriyyə azalacaq. Amma burada əsas texnoloji sanksiyalardır. Rusiya sənayesi innovativ həllərin və yeni texnoloji yanaşmaların idxalından çox asılıdır. Ona görə də idxal sanksiyaları ixracdan az təhlükəli deyil”, - deyə Əmirov əlavə edib.

Xatırladaq ki, ABŞ Ukrayna ərazisində hərbi əməliyyat keçirməsi səbəbindən Rusiyanın qabaqcıl texnologiyalara çıxışını məhdudlaşdıracağını açıqlamışdı. Sanksiyalar yarımkeçiricilərin, telekommunikasiya avadanlıqlarının, elektron komponentlərin və digər mühüm texnoloji elementlərin ixracına təsir edəcək. Ekspertlərin fikrincə, bu tədbir Rusiya iqtisadiyyatı üçün fəlakətli ola bilər. İstifadəçilər işləməyən plastik kartlar səviyyəsində narahatlıq və xaricə pul köçürmək imkansızlığı hiss edərlərsə, o zaman ixrac və idxal ölkə səviyyəsində kəskin şəkildə məhdudlaşdırılır və Rusiya Mərkəzi Bankına qarşı sanksiyalarla birlikdə bütün bunlar tam iqtisadi blokadaya gətirib çıxarır.

Müəllif: Tanya Samsonova