Qazaxıstan Özbəkistana nota göndərib

Dünya

05.05.2020 - 11:24

Rəsmi Nur Sultan cavabdeh ölkədən, su anbarının dağılması ilə əlaqədar cavab gözləyir

 

Qazaxıstan Xarici İşlər Nazirliyi Özbəkistana nota göndərib. Rəsmi Nur Sultan cavabdeh ölkədən, ərazisindəki su anbarının dağılması və yaşayış məntəqələrinin su basması ilə əlaqədar cavab gözləyir. AYNA xəbər verir ki, bu barədə Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər nazirinin müavini Sergey Qromov bildirib.

 

"Xarici İşlər Nazirliyində Özbəkistan tərəfi üçün bir nota hazırlamışıq. Zərərçəkən tərəf kimi, bunu tələb etmək hüququmuz var. Bəlkə təzminat da nəzərdə tutulsun. Ümumiyyətlə istəyimiz budur ki, bu su anbarı bərpa olunmasın. Çünki vaxtı ilə bizimlə razılaşdırmadan tikilib" - deyə, Qromov bildirib.

 

Qeyd edək ki, Özbəkistan Fövqəladə Hallar Nazirliyi mayın 1-də yerli vaxtla saat 05:55-də güclü yağış və sel nəticəsində Sirdaryo bölgəsindəki Sardoba su anbarının bəndlərindən birində artma meydana gəldiyini, qurbanların olmadığını bildirib. Bir neçə yaşayış məntəqəsini su basıb, yollar və kənd təsərrüfatı əraziləri ziyan çəkib. Daha sonra Qazaxıstanın Türküstan vilayətinin rəhbərliyi 440 evin və 1,682 hektar əkin sahələrinin su altında qaldığını məlumat verib. Son məlumatlara görə, Qazaxıstanda 14 yaşayış məntəqəsindən 31 mindən çox sakin təxliyə edilib, 7,6 min hektardan çox əkin sahəsi suya qərq olub. İlkin ehtimala görə, 845 yaşayış binası, üç məktəb, beş uşaq bağçası, dörd tibb təşkilatı, bir mədəniyyət evi və 10 mağaza su altında qalıb.

Müəllif: Ayna.az