Qarşılıqlı ittihamlar və fəlakətlə üz-üzə: Kaxovka SES-i kim partlatdı?

Dünya

07.06.2023 - 17:58

Politoloq: “Bu hadisədə həm Moskvanın, həm də Kiyevin maraqlarına uyğun arqumentlər tapmaq olar”

İyunun 6-sı səhər saatlarında Ukraynanın Xerson vilayətinin Rusiya ordusunun işğalında olan hissəsindəki Kaxovka Su Elektrik Stansiyası (SES) partladılıb. Ukrayna ordusu hadisənin Rusiya tərəfindən törədildiyini iddia. Rusiya tərəfi isə partlayışa görə Ukraynanı günahlandırır və bunun terror olduğunu açıqlayıb.

Hadisə nəticəsində ətraf ərazilərin, yaşayış məntəqələri suyun altında qalıb.  Ukrayna Prezidenti Volodimir Zelenski baş vermiş partlayışla əlaqədar ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Ukrayna hakimiyyəti Dnepr çayının aşağı axınında yerləşən yaşayış məntəqələrinin, o cümlədən Xerson şəhərinin sakinlərinin təxliyə edildiyini açıqlayıb.

Kaxovka SES-in vurulmasının ciddi fəsadları barədə dünya mediasında məlumatlar gedir. Bildirilir ki, bu, Rusiyanın yenə müharibə qanunlarını pozması, ekoloji fəlakətə səbəb olacaq addımıdır. Eyni zamanda, SES-in partladılmasının Zaporojye Atom Elektrik Stansiyasının (AES) işinə mənfi təsir göstərəcəyi, nüvə fəlakətinə səbəb olacağı iddia olunur.

Hadisə ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli deyib ki, əslində Kaxovka SES ətrafında vəziyyət ötən ilin payızında, Ukraynanın Xerson əməıliyyatına başladığı zaman da gərginləşmişdi:

- Onda da hər iki tərəf bir-birini ittiham edirdi ki, stansiyanı partlatmağa hazırlaşırlar. İndi bu partlayış baş verib və su sahil boyunca irəliləməkdədir. Yaşayış məntəqələri su altında qalıb, Novaya Kaxovka şəhəri, Dneprin sol sahilindəki  Qolaya Pristan şəhəri – Rusiyanın işğalında olan – çoxlu sayda kənd su altında qalıb. Hətta su kütləsi Xerson şəhərinin özünə də gəlib çatıb. Ümumiyyətlə, su anbarının partladılması təəccüblü deyil. Dediyim kimi, ötən il də SES ətrafında vəziyyət gərginləşmişdi.

- İndi də qarşılıqlı ittihamlar səsləndirilir. Sizcə, partlayışda kim maraqlı ola bilər?

- Bu barədə ehtimallar irəli sürmək mümkündür. Açığını deyim ki, hər iki tərəfin, həm Moskvanın, həm də Kiyevin maraqlarına uyğun arqumentlər tapmaq olar. Məsələn, Ukraynanın marağı o ola bilər ki, partlayışdan sonra su kütləsi əsasən, Dneprin sol sahilinə, Rusiyanın nəzarətindəki əraziyə axmağa başladı. Çünki o istiqamət aşağıdadır. Ukraynanın nəzarətində olan sağ sahil isə bir qədər yuxarıdadır.  Rusiya nəzarətində olan sahil xəttini minalayıb, müdafiəı səddi yaradıb və s. İndi bunların hamısı suyun altında qaldı. Videolardan görünür ki, su gəldikdən sonra minaların bir çoxu partlayıb, partlamayan minalar isə su axını ilə gedir. Eyni zamanda, səngərlər suyun altında qaldı. Rus ordusunun silah-sursat anbarı su altındadır. Həmçinin Kaxovka HES həm də Krımı içməli su ilə təmin edirdi. Bir müddət sonra Krımda su problemi yaranacaq. Bu mənada, hadisə Ukraynanın xeyirinə kimi görünür.  Amma burada Ukraynanın ziyanına olan amillər də mövcuddur.

- Kiyevin ziyanına olan elementlər nələrdir?

- Araşdırsaq, görərik ki, stansiyanın partladılmasının Ukraynaya ziyanı daha çoxdur. Çünki bura Ukrayna ərazisidir və istənilən zərər ilk növbədə Kiyev üçün pisdir. Anbarın partlamasından bir müddət sonra indi axan su quruyacaq, anbar məhv olacaq. Bunun da Ukrayna üçün ciddi ekoloji fəsadları yaranacaq. Bu anbar 1950-ci illərdə inşa olunduqdan sonra ərazinin özünəməxsus flora-faunası yaranmışdı. Eyni zamanda, bu su hövzələrinin iqlimə də təsirləri var. İqlimdə dəyişiklik olacaq, quraqlıq yaranacaq. Çünki su anbarı həm də Ukraynanın üç vilayətinin torpaqlarının – Zaporojye, Dnepr və Xerson vilayətinin ərazisinin suvarılmasında önəmli rol oynayır. Eyni zamanda, həmin vilayətlər sənaye əraziləridir. Sənaye müəssisələri də suyu bu anbardan götürürdü. Bütövlükdə, Ukraynanın ziyanları daha çoxdur. Ekoloji fəlakət ehtimalı var. Çox ciddi hadisədir və bunun hansı tərəfin işinə yaradığını qarşıdakı müddətdə görəcəyik.

- Qərb dövlətləri birmənalı şəkildə anbarın vurulmasını Rusiyaya bağlayırlar...

- Bu ərazi Rusiyanın işğalı altındadır və orada baş verən istənilən hadisəyə Rusiya məsuliyyət daşıyır. Eyni zamanda, Ukrayna ordusunun oraya zərbə endirməsinə dair hər hansı dəlil-sübut yoxdur. Halbuki müharibənin gedişində biz görmüşük ki, az qala avtomatdan da atəş açılanda bu, videoya düşür. Əgər Ukrayna oraya zərbə endirmiş olsaydı, Rusiya bunun videogörüntülərini yaymışdı. Demək ki, bu partlayışın içərindən həyata keçirilməsi ehtimalı daha çoxdur. Lakin istisna etmək olmaz ki, hadisəni Ukrayna diversiya qrupu edə bilər. İstənilən halda isə məsuliyyət Rusiyanın üzərindədir. Hadisə Rusiyanın dünyada imicini daha da korladı. Hadisədən sonra demək olar ki, bütün Qərb dövlətləri Moskvanı qınadılar. Bundan sonra Ukraynanın silahlandırılması daha da sürətlənəcək. Hər kəs görür ki, Rusiya tamamilə yolverilməz metodlarla müharibə aparır. O bölgədə Zaporojye AES daha bir mühüm obyekt var ki, Rusiyanın burada fəlakətə səbəb olacaq addım atmayacağına zəmanət yoxdur.

- Kaxovka stansiyasının vurulmasının Zaporojye AES-in fəaliyyətinə də ciddi zərbə olduğu bildirilir və nüvə təhlükəsindən danışılır...Suyun səviyyəsinin endiyi bildirilir...

- Təbii ki, təsirləri var və mütəxəssislər bu barədə həyəcan təbili çalırlar. Zaporojye AES-də soyutma işləri üçün Kaxovkanın suyundan istifadə edilirdi. Amma MAQATE açıqlama verdi ki, suyun səviyyəsi azalsa da, alternativ mənbələrdən hələlik istifadə olunur. Amma istənilən halda, bu təhlükə davam edir.

Zaporojye AES Rusiyanın əlindədir və məğlubiyyətlə üzləşdikcə, Rusiyanın orada hansı addım atacağı sualı aktuallaşır. Əgər AES-də bir partlayış baş verərsə, Ukrayna və Rusiyanın özü başda olmaqla, bütün Avropa təhlükə altında qalacaq. Bu baxımdan, məncə, bu günün əsas vəzifəsi ondan ibarət olmalıdır ki, Zaporojye AES Rusiya işğalından alınmalıdır, beynəlxalq qurumun tabeçiliyinə verilməlidir. Bu obyektin təhlükəsizliyi qorunmalıdır və AES-i Rusiyaya etibar etmək olmaz. Kaxovka anbarında baş verənlər onu göstərdi ki,  BMT məsələyə qarışmalıdır, Zaporojye AES MAQATE-nin tabeliyinə keçirməlidir. Bununla BMT həm də hansısa bir iş görə bildiyini sübuta yetirməlidir.

Müəllif: Anar Bayramoğlu