"Gürcüstana üzvlük hüququ vermək üçün Alyansa üzv olan bütün dövlətlər arasında konsensus əldə edilməlidir"
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hesab edir ki, Gürcüstan NATO-ya üzv olmaqdan əvvəl ərazi problemlərini həll etməlidir. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə hökumət başçısı Qətərdə keçirilən iqtisadi forumda çıxışı zamanı deyib.
“Bizim motivasiyamız NATO-ya üzv olmaqdır. Bu, strateji hazırlığımızdan və səbrimizdən asılıdır. Biz başa düşürük ki, NATO-ya üzvlük təkcə bizim NATO-ya üzv olmaq istəyimizdən asılı deyil. Gürcüstana üzvlük hüququ vermək üçün Alyansa üzv olan bütün dövlətlər arasında konsensus əldə edilməlidir", - deyə Qaribaşvili söyləyib.
Baş nazir deyib ki, Gürcüstan hökuməti sadəlövh deyil: "Başa düşürük ki, Gürcüstanın ərazi problemləri var, biz onları əvvəlcə həll etməliyik, sonra NATO-ya daxil olmalıyıq. Bu, bizim Avropadakı və NATO-dakı dostlarımızın fikridir".
"Hökumətimizin siyasəti sülh danışıqları yolu ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdən ibarətdir. Biz hakimiyyətə gələndən bəri Rusiya ilə əlaqə qurmamışıq. 2012-ci ildən bəri heç bir siyasi məsləhətləşmələrimiz olmayıb. Yalnız ticarət-iqtisadi əlaqələr var”, - Qaribaşvili vurğulayıb.