Qadına qarşı feminizm

Cəmiyyət

23.02.2021 - 23:20

Özünü liberal sayan istənilən feminist, özü də bilmədən ən böyük qadın düşmənidir

 

Azərbaycanda “heyvan haqları” adını almış terminoloji yanlışlıq, əslində, şüuraltı olaraq “qadın haqları” mövzusu aktuallaşanda qadını da heyvan statusuna endirməyə xidmət edir. Çünki məsələyə terminoloji yanaşsaq, əslində? heyvan haqları deyə bir şey yoxdur.

 

Bunun fəlsəfi izahı təxminən belədir ki, haqq o mənada haqq sayıla bilər ki, haqqı istəyən tərəf həm də haqqı təmin etməkdə mükəlləf olunmuş olsun. Məsələn, heyvan haqları ona görə yanlışdır ki, heyvanın özü haqqı qorumaq kimi bir funksiyadan məhrum olunduğu və şüurlu varlıq olmadığı üçün onun haqqı da olmur. Yalnız ona haqq verilə bilər və o, qoruna bilər. Həmçinin, ona rəhm oluna bilər, qayğıya möhtac qala bilər, ancaq onun haqqı ola bilməz. Çünki “By default” - bu, mümkün deyil.

 

Bu mənada. bu gün istənilən sinifli cəmiyyyətdə “qadın haqları” və “heyvan haqları” məsələsi aktuallaşanda qeyri-iradi bu söz birləşmələrinin, əslində, tələ olduğunu hiss edirəm. Necə yəni qadın haqları? Ümumiyyətlə, qadın haqları nədir? Heyvana şamil olunan tərzdə deyilən qadın haqlarından söhbət gedirsə, bu, artıq haqq deyil, ətadır, mərhəmətdir.

 

Məhz pozitiv diskirminasiya da buradan irəli gəlir. Əgər qadına heyvansayağı haqq tanıma onun hüququnu təmin etməkdirsə, bu, onun əslində, dolayı yolla şəxs olaraq apriori (əvvəlcədən) hüquqlarından məhrum olunduğunu qəbul etmək deməkdir. Yəni, qadın da, kişi də hüquq qarşısında bərabərdir, haqlıdır, çünki onların haqqı qorumaq kimi bir funksiyaları var.

 

Yaxşı, bəs günümüzdə qadınların hüquqları ilə bağlı, onlara ikinci sinif kimi davranışların səbəbləri ilə bağlı nələri bilirik? Bu problem haradan qaynaqlanır, bunların kökündə nə yatır? Fikrimcə, günümüzdəki feminist hərəkatların əsas problemi də məhz buradan başlayır.

 

İstənilən feminist hərəkat problemi həll etmək üçün təşkilatlanmaqla, gündəlik sosial həyatda baş verən hadisələri qabartmaqla özlüyündə proqressiv bir dəyərə xidmət edir. Ancaq bu dəyər ona görə yarımçıq dəyər olaraq qalır ki, onların heç biri problemin kökünü qazıb çıxarmaq üçün, o problemə konseptual yanaşa bilmirlər. Yanaşa bilməmək bir yana, hətta, bəzən o dərəcədə oksümorona (təzadlı davranış) düçar olurlar ki, nəticədə ortaya bayağı şüuarlar, bir-birinə zidd düşüncələr çıxır.

 

Məsələn, qadının işləmək azadlığını maksimallaşdırıb, bu azadlığı, hətta cəmiyyət üçün tabu sayılacaq məkanlara belə, proeksiya etmək mümkündür. Nümunə olaraq, kafe, bar və sair - kişilər üçün nəzərdə tutulmuş məkanları göstərə bilərik. İlk baxışdan bu, tipik qadın azadlığına örnəkdir.

 

Yəni, bir qadın hansısa bir “pub”-da çalışırsa, bu, o deməkdir ki, o, öz azadlığını gerçəkləşdirir. Ancaq əgər, o qadın düşünmürsə ki, onu oraya işçi kimi götürən rəhbərliyin timsalında, o siyasi-iqtisadi quruluşun qadın işçiyə olan təlabatı haradan qaynaqlanır, onda o azadlıq bir yana, əksinə öz köləliyinə loyal yanaşmış sayılır.

 

Məhz, bu nümunədən yola çıxaraq, qadın probleminin kökünə tarixi dialektik yanaşmaq mümkündür. Qadın öz bədənini əmtəələşdirməyi azadlıq olaraq gördüyü kimi, həm də özünü onu kölələşdirən mülkiyyətin parçasına çevirmiş olur. Bu mənada istənilən sinifli cəmiyyət və onun qarantı sayılan özəl mülkiyyət anlayışı antifemendir (qadın əleyhinədir). Bu mənada bu gün özünü liberal sayan istənilən feminist, əslində, özü də bilmədən, elə ən böyük qadın düşmənidir.

Müəllif: Mərahim Nəsib