“Bunu istehza etmədən, zarafatsız deyirəm”
Rusiya Prezidenti Vladimir Putin onu tənqid edən ABŞ Prezidenti Co Baydenə cavab verib. AYNA Rusiya mediasına istinadən bildirir ki, Putin həmkarına sağlamlıq arzulayıb.
“Mən ona nə cavab verərdim? Ona deyərdim: sağlam ol! Ona can sağlığı diləyirəm. Bunu istehza etmədən, zarafatsız deyirəm”, - Putin söyləyib.
Qeyd edək ki, Rusiya liderinin sözçüsü Dmitri Peskov, Baydenin Putinlə bağlı açıqlamasını “çox pis” adlandırıb. Onun sözlərinə görə, tarixdə belə bir şey olmayıb. O, Baydenin açıqlamasının Vaşinqtonun Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəməməsindən irəli gəldiyini söyləyib.
Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi ABŞ-dan Prezidentin ifadələrini izah etməsini tələb edib.
Xatırladaq ki, Bayden müsahibəsində, ABŞ-dakı seçkilərə müdaxilə etdiyi üçün Rusiya dövlətini məsuliyyətə cəlb etmək istədiyini söyləyib. Amerika lideri Rusiya Prezidentinin günahkar olduğu təqdirdə cəzalandırılacağını vurğulayıb.
Rusiya Federasiya Şurası isə Baydenin Putinlə bağlı açıqlamasını siyasi dəlisovluğun təntənəsi adlandırıb.
Ölkələr arasında artıq gərginliyin başladığını söyləmək olar. Çünki Rusiya ABŞ-dakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırıb. Hazırda iki supergüc arasında siyasi böhran yaşanır.