“Putin yeni Prezidenti təbrik etməklə, köhnəni “hesabdan sildiyini” nümayiş etdirdi”

Siyasət

17.11.2020 - 20:15

Artyom Filipenko: “Maya Sandunun qələbəsi Rusiya üçün məğlubiyyətdir

 

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Cənub bölgəsi üzrə tədqiqat sektorunun müdiri Artyom Filipenko AYNA-ya özəl müsahibə verib. Beləliklə:

 

- Moldovadakı prezident seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz, Maya Sandunun qələbəsi təəccüblüdürmü?

 

- Maya Sandunun qələbəsini qətiliklə sensasiya saya bilərik. Üstəlik, ilk turdakı qələbə çalması, bəlkə də ikinci turdan daha gözlənilməz oldu. Bütün az və ya çox dərəcədə obyektiv sosioloji sorğular birinci turda İqor Dodonun kiçik bir fərqlə və ikinci turda Maya Sandunun kiçik bir fərqlə qazana biləcəyini göstərirdi. Bu səbəbdən Sandunun qərargahı əsas rəqib tərəfindən mümkün saxtakarlığa və buna görə bu saxtakarlığa qarşı mümkün etirazlara hazırlaşırdı.

Политаналитик Артем Филипенко: Об «идеологическом» кино, точнее –  киномифах… |

Lakin sosioloji sorğular diaspor amilini nəzərə almadı və bu amil bir çox cəhətdən həlledici oldu. Nə də olsa, diaspor, əksər hallarda, ölkədəki ağır iqtisadi vəziyyətə görə xaricdə iş axtaran və ailələri Moldovada qalan 40-50 yaşdan kiçik, iqtisadi cəhətdən fəal insanlardır. Və Dodon ilk turdan sonra diasporu “paralel elektorat” adlandırmaqda səhv etdi. Nəticə göz qabağındadır - ikinci turda xarici seçki məntəqələrində 260 mindən çox insan seçki qutularına gəldi, bu, səs verən bütün seçicilərin 16%-idir. Onlar Maya Sandunun səslərinin dörddə birini verdilər. Ancaq Sandu Moldovanın özündə də qələbə qazandı. Xüsusilə, Kişinyovdakı qələbəsi əlamətdar idi, baxmayaraq ki, bir il əvvəl yerli seçkilərdə paytaxt Prezident tərəfdarı Sosialistlər Partiyasının təmsilçisini bələdiyyə başçısı seçmişdi.

 

- Artıq keçmiş Prezident sayılan İqor Dodonun siyasi gələcəyini necə görürsünüz?

 

- Çox güman ki, ilkin olaraq İqor Dodon Maya Sanduya qarşı çıxacaq müxalifətə rəhbərlik etməyə çalışacaq. Moldova əsas gücün parlament və hökumətə məxsus olduğu parlamentli bir respublikadır. Sosialist Partiyanın çoxluğu yoxdur, lakin əksəriyyət yarada biləcəkləri müttəfiqləri var. Bu səbəbdən, yeni seçilmiş Prezidentin fəaliyyətinin qarşısını almaq üçün bir hökumət qurmağa cəhd edilməsi istisna deyil. Düzdür, ola bilər ki, Dodon ciddi şəkildə müxalifətə getmək istəyəndə, görsün ki, partiyadaşları onu artıq hesabdan “silib” və siyasi irsini bölüşürlər. Bu vəziyyətdə, İqor Dodonun köməyi ilə devrilən oliqarx Vlad Plaxotnyuk kimi onun da ölkəni tərk etmək fürsəti var. Ən yaxşı halda siyasətdən uzaqlaşır. Ancaq bu, belə demək mümkünsə, ən yaxşı seçimdir.

 

Qeyd etmək lazımdır ki, Moldovada Maya Sandu təkcə Avropa tərəfdarı vektorun tətbiqi ilə əlaqələndirilmir. Moldovanın yaxın tarixində, Avropaya yaxın partiyaların hakimiyyətə gəlməsi, daha sonra korrupsiya qalmaqalları və islahatların keçirilməməsi ilə özlərini nüfuzdan salma halları olmuşdu. Buna görə də, əhalinin bir hissəsi onun seçilməsinin Moldovanın korrupsiyadan təmizlənməsi və yoxsulluqla mübarizənin başlanğıcı olacağına ümid edir. Ancaq hər kəs bu vəzifənin nə qədər çətin olduğunu başa düşmür.

 

- Maya Sandunun qələbəsinin Rusiyanın məğlubiyyəti olduğu ilə razısınız, yoxsa məsələ o qədər də sadə deyil?

 

- Mənəvi olaraq, bu, şübhəsiz ki, Rusiya üçün məğlubiyyətdir və bunu Moskvada, Kiyevdə, Buxarestdə və Kişinyovda belə qəbul edirlər. Ona görə məğlubiyyət hesab edilir ki, Rusiya İqor Dodona açıq dəstək verirdi. Onu açıq şəkildə Vladimir Putin dəstəklədi, seçki kampaniyasını da rus siyasi strateqləri apardı, Rusiya televiziyası rəqiblərinə qarşı piar-hekayələr hazırladı, Rusiya kəşfiyyatının rəhbəri Sergey Narışkin ABŞ-ın Moldovada “rəngli” inqilab hazırladığını elan etdi. Və bütün bunlardan sonra Maya Sandu qazandı...

 

Bəli, Vladimir Putin Maya Sandunu seçilməsi münasibətilə təbrik etdi, bu da Dodonun mahiyyətcə “hesabdan silindiyi” anlamına gəlir. Lakin avropayönlü Prezidentin qələbəsi Moldovada Rusiyanın təsirinin itməsi demək deyil. Moldova siyasi elitası arasında kifayət qədər ciddi bir rusiyayönümlü təbəqə var, rusiyapərəst hisslər milli azlıqlar üçün xarakterikdir: ruslar, ukraynalılar, qaqauzlar, bolqarlar. Məsələn, Qaqauziyada Dodona dəstək 95% idi. Ancaq Türkiyənin də orada təsiri var və 2014-cü ildə Ankaranın qəti mövqeyi Qaqauz rəhbərliyinin ambisiyalarını cilovladı. Bundan əlavə, Moldovada Rusiya biznesinin və Rusiyada Moldova biznesinin maraqları mövcuddur. Və nəhayət, Rusiyanın Moldova üzərində ciddi bir informasiya təsiri var. Buna görə Moskvanın vəziyyəti öz istiqamətində dəyişdirməyə çalışacağı tamamilə başadüşüləndir.

 

- Ümumiyyətlə, Prezident Sandu dövründə Moldova hansı xarici siyasət xətti ilə gedəcək?

 

- Moldovanın xarici siyasəti Qərblə Şərq arasında, Avropa ilə Rusiya arasında tarazlıq siyasəti ilə xarakterizə olunur. İqor Dodon bu tarazlığı pozdu və Rusiyaya qarşı açıq bir meyl etdi. Maya Sandunun qələbəsi həm ABŞ, həm də Avropa İttifaqı ilə və Moldovanın ən yaxın qonşuları - Rumıniya və Ukrayna ilə münasibətləri yaxşılaşdırmaq üçün bir fürsət yaradacaq. Bu, həm də iqtisadiyyatı koronavirus epidemiyası ilə böhran içində olan bir ölkə üçün xüsusilə aktual olan müxtəlif maliyyə yardımlarına da aiddir.

 

Maya Sandu artıq Ukrayna Prezidenti Vladimir Zelenskidən Kiyevə dəvət aldı və Rumıniya Prezidenti Klaus İohannis qalibin andiçmə mərasimindən sonra Kişinyovu ziyarət etmək niyyətindədir. Sandunun Prezident seçilməsi, Dodonun Prezident seçilməsindən sonra dondurulmuş Ukrayna-Moldova dialoqunu dövlət başçıları səviyyəsində yenidən açacaq.

 

- Dnestryanı münaqişə Sandunun prezidentliyi dövründə həll edilə bilərmi?

 

- Dnestryanı münaqişənin yaxın gələcəkdə kompleks səbəblərə görə həll olunacağına inanmaq çətin deyil. Bir tərəfdən münaqişənin Dnestryanıya geniş muxtariyyət və idealda ölkənin xarici siyasətinə təsir etmək imkanı verən həll variantına mailk Rusiya var. Digər tərəfdən Maya Sandu keçən il Dnestryanıya hər hansı bir status veriləcəksə, bunun Qaqauziyaya veriləndən artıq olmayacağını elan etmişdi. Başqa bir tərəfdən, Dnestryanının özü, daha doğrusu Dnestryanı elitanın mənafeləri var. Onlar üçün bölgənin qeyri-müəyyən statusda qalması heç də həmişə qanuni olmasa da, uğurlu biznesləri üçün əsasdır.

 

Məsələ burasındadır ki, Dnestryanı bölgə Moldova ilə danışıqların iştirakçısıdır, Rusiya isə yalnız vasitəçi və qarantdır (Ukrayna və ATƏT ilə birlikdə). Buna görə də, hər hansı bir problem yaranarsa, Moskva Kişinyov və Tiraspolun öz aralarında bir razılığa gəlməsi lazım olduğuna istinad edə bilər. Və son vaxtlar Tiraspolun mövqeyi dəyişməyib, özlərini başqa bir dövlətlə olduğu kimi Moldova ilə münasibətlər qurmağa hazır olan müstəqil bir dövlət hesab edirlər. Buna görə də, əvvəllər olduğu kimi, Dnestryanı bölgədə konkret iqtisadi və sosial problemlərin həllinə yönəlmiş “kiçik addımlar” deyilən layihəyə böyük diqqət yetiriləcək. Son illərin təcrübəsindən də göründüyü kimi, bu sahədə də nəzərəçarpacaq uğurlar əldə olunmayıb.

Müəllif: Əkbər Həsənov