Putin rejimi dalana dirənir: Rusiya ordusunun son ümid yeri fəhlə və məhkumlardır

Dünya

06.07.2022 - 18:27

Zərdüşt Əlizadə: “Putin rejimi Rusiyanın ən böyük düşmənidir və ondan qurtulmayana qədər rus xalqına nicat yoxdur” 

Qabil Hüseynli: “Payıza qədər Rusiyanın hərbi ehtiyatları tamamilə tükənəcək, əsgər qıtlığı hökm sürəcək”

Rusiya fəhlələri və məhkumları müharibəyə cəlb edir. Bununla bağlı məlumat Rusiya KİV-lərində yayılıb. İddialara görə, fabrik və zavodlarda çalışan işçilər hərbi əməliyyatlarda iştirak üçün təşviq edilirlər. Onlara “Vaqner” özəl hərbi şirkəti və ya Müdafiə Nazirliyi ilə müqavilələr bağlamaq və qarşılığında bir neçə min dollar məvacib təklif olunur. 

Eyni zamanda, bu təklif Sankt Peterburq şəhəri və Leninqrad vilayətinin islah-əmək koloniyalarındakı məhkumlara da şamil olunur. Bu isə öz növbəsində Kremlin “üstüörtülü səfərbərlik” hazırlıqları kimi qiymətləndirilir.

Xatırladaq ki, fevral ayının 24-dən etibarən Rusiya Ukraynaya qarşı hərbi müdaxiləyə başlayıb. İlkin dövrlərdə Moskvanın qısa müddətə paytaxt Kiyevi tutacağı və Zelenski iqtidarını devirərək öz adamını hakimiyyətə gətirəcəyi daha çox ehtimal olunurdu. Bu səbəbdən müharibənin qısa müddət ərzində başa çatacağı gözlənilirdi. Lakin göründüyü kimi, dörd aydan artıqdır ki, Rusiyanın hərbi müdaxiləsi davam etsə də, şimal qonşumuz əhəmiyyətli üstünlüyə nail ola bilməyib.

Bu arada, fəhlələrin və məhkumların müharibəyə cəlb olunması ciddi müzakirələrə səbəb olub. Hər kəsi düşündürən sual isə budur: doğrudanmı özündən üç dəfə kiçik bir ölkə ilə 4-5 aylıq müharibə Rusiyanı tükəndirdi? 

Politoloq Zərdüşt Əlizadə AYNA-ya açıqlamasında bildirib ki, Rusiyanın sərvətləri hakim zümrə tərəfindən dağııdılıb: “Rəsmi olaraq elan edilə bilər ki, Rusiya iqtisadiyyatı guya ki, inkişaf edib. Hətta müvafiq rəqəmlər də səsləndirə bilərlər. Ancaq reallıq ondan ibarətdir ki, Putin rejimi bu 20 il ərzində Rusiyanın sərvətlərini talamaq, xaricdə villalar, yaxtalar almaq, öz var-dövlətini artırmaqla məşğul olub. Ölkədə ikili iqtisadiyyat mövcud olub və əsas diqqət hakim zümrənin varlanmasına xidmət edib. Bir ölkədə ki, xalqın maraqlarını qorumalı olan hökumət onun sərvətlərini talamaqla məşğuldur, məhkəmələr sifarişli qərarlar çıxarır, ifadə azadlığı yoxdur, orada heç bir inkişafdan söhbət gedə bilməz. Yalnız inkişaf nağılları danışıla bilər və saray yazıçıları, şairləri, jurnalistləri də bu nağılları yaymaqla məşğul olar. Bir balaca çətinlik yaranan kimi məlum olur ki, bu inkişaf nağılları sadəcə blef imiş. Hazırda Rusiyada baş verənlər buna adekvatdır. Putin rejimi Rusiyanın ən böyük düşmənidir və ondan qurtulmayana qədər rus xalqına nicat yoxdur”.

Onun sözlərinə görə, Rusiyanın hərbi sənayesi sovet dövründə qalmadır: “Qeyd etdiyim kimi, bütün sahələrdə olduğu kimi, bu sahəyə ayrılan vəsaitlər də oğurlanıb, hakim zümrənin varlanmasına xidmət edib. İddia edirdilər ki, guya Rusiyanın hərbi texnikası mükəmməldir. Bəs hardadır o mükəmməl hərbi texnika?! Cəmi dörd ay keçmədi ki, Rusiya özündən dəfələrlə zəif olan bir ölkənin qarşısında aciz duruma düşdü. Açıq şəkildə söyləmək istəyirəm ki, Rusiya bu müharibədə məğlub olacaq. Buna şübhəniz olmasın". 

"Ola bilər ki, bu müharibə bir il, iki il çəksin, ancaq yekunda Moskva mütləq məğlub olacaq. Çünki Qərb Ukraynanın arxasındadır. Qərbin hərbi sənayesi ilə Rusiyanın hərbi sənayesi müqayisə edilə bilməz. Qərbdə hərbi inkişafa ayrılan büdcə vəsaitlərini oğurlamırlar, Rusiyada isə oğurlayırlar. Elə buna görə də, Rusiya məğlub olacaq”, - politoloq söyləyib.

Əlavə edib ki, bir müddət sonra Rusiyada hərbi səfərbərlik elan edəcək: “Mövcud şəraitdə fəhlələrin və məhkumların ordu birləşmələrinə cəlb olunması buna hazırlığın tərkib hissəsidir. Qərbdə əmindirlər ki, Rusiya onların qarşısında duruş gətirə bilməyəcək. Bu səbəbdən Ukraynana dəstəyini davam etdirir və Rusiyaya qarşı embarqolar tətbit edirlər. Hadisələrin gedişatını isə zamana buraxıblar. Zamanla Rusiyanın məğlub olacağına vaqifdirlər və bütün diqqət postmüharibə dövrü hazırlıqlarına yönəlib”.

Politoloq Qabil Hüseynli AYNA-ya deyib ki, Rusiyanın hərbi imkanlarının tükənməsi heç kimə sirr deyil: “Hələ bir neçə ay öncə proqnozlar irəli sürülürdü ki, Rusiyanın hərbi ehtiyatları çox qısa bir zaman ərzində tükənəcək. Bəziləri bu iddiaların həqiqətə uyğun olmadığını desələr də, fəhlə və məhkumların müharibəyə cəlb olunması bir daha göstərdi ki, söylənilənlər reallığa uyğundur. Rusiya təkcə hərbi baxımdan deyil, eləcə də sosial-iqtisadi baxımından tükənir. Şimal qonşumuz inzibati resurslar hesabına mövcud durumu qorumağa çalışsa da, əslində vəziyyət olduqca mürəkkəbdir. Putin əmindir ki, bu gərginliyi əhaliyə hiss etdirsə, daxildə kütləvi etrazlar dalğası baş qaldıracaq. Bu da öz növbəsində onun hakimiyyətdən gedişini şərtləndirəcək faktora çevriləcək. Bu baxımdan hər vəchlə bunun qarşısını almağa çalışır”.

Politoloq qeyd edib ki, Moskva bundan sonra cəmi bir neçə ay duruş gətirə biləcək: “Birmənalı şəkildə söyləmək olar ki, payıza qədər Rusiyanın hərbi ehtiyatları tamamilə tükənəcək və əsgər qıtlığı hökm sürəcək. Bundan sonra üstünlük Ukraynanın tərəfinə keçəcək. Bu gün Rusiya ordusunun özündə ikitirəlik hökm sürür. Əsgərlər Ukraynada döyüşmək istəmirlər. Açıq şəkildə bildirirlər ki, bu onların müharibəsi deyil və hansısa siyasi oyuna alət olmayacaqlar. Bu gün üçün rus ordusunda panika hökm sürür". 

"Şübhəsiz ki, vəziyyət daha da gərginləşdikcə və halqa daraldıqca bu Rusiya ictimaiyyətinə də sirayət edəcək. Kreml elə bir vəziyyətdədir ki, artıq geri çəkilmək və müharibəni dayandırmaq imkanları da yoxdur. Belə bir imkanları olsaydı, bunu məmnuniyyətlə edərdilər”, - deyə müsahibimiz bildirib.

Hüseynli hesab edir ki, Rusiya hökuməti hərbi səfərbərlik elan etməyə hazırlaşır: “Artıq bunun əlamətləri ortadadır. İlkin olaraq buna psixoloji hazırlıq gedir və müxtəlif əhali qruplarını yüksək məvaciblə müharibədə iştiraka təşviq etmək istəyirlər. Bunun işə yaramadığını gördükdən sonra isə ölkəboyu hərbi səfərbərlik elan olunacaq. Rusiya ictimaiyyəti yəqin ki, bu qərarla razılaşmayacaq və bundan sonra Putin rejimi olduqca təhlükəli bir dövrə qədəm qoyacaq”.

Müəllif: Azər Niftiyev