Prezidentdən nazirlərin görüşünün uzun çəkməsi barədə <font color=red> AÇIQLAMA</font>

Siyasət

14.10.2020 - 14:28

İlham Əliyev: “Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizim üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi”

 

“Təqvim verilmədi, biz də çox israr etmədik. Çünki Moskva anlaşmasında, açıqlamasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr bizi təmin etdi”. AYNA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində deyib.

 

Prezident XİN başçılarının Moskvadakı görüşündən bəhs edərkən bildirib ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizim üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi: “Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və biz müntəzəm olaraq əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim və o şərtlərdən kənarda hər hansı bir razılaşma mümkün deyildi. Ona görə biz vəziyyəti nəzərə alaraq, təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində”.

 

“O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir. Eyni zamanda, danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Bunlar bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, artıq dərhal danışıqlar başlasın və təqvim məhz bu danışıqlar çərçivəsində bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir. Yəni, bu, çox uzunmüddətli proses ola bilməz. Biz otuz il gözləmişik. Artıq Azərbaycan xalqının səbri tükənibdir. Əgər danışıqlar bərpa edilərsə, əminəm ki, bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın bu anlaşmanı, bu açıqlamanı pozması göstərir ki, onların niyyəti, sadəcə olaraq, vaxt qazanmaq və Azərbaycana öz hücumunu davam etdirməkdir”, - deyə Prezident vurğulayıb.

Müəllif: Ayna.az