Prezident və birinci xanım Suqovuşanda

Xəbərlər

20.03.2022 - 17:51

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev və Mehriban Əliyeva Tərtərin Suqovuşan qəsəbəsində səfərdə olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtərin Suqovuşan qəsəbəsində səfərdə olublar.

AYNA xəbər verir ki, "Azərişıq" ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimatda iştirak ediblər. "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma layihə ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, “Azərişıq” ASC tərəfindən ölkədə ilk dəfə tətbiq edilən, müasir texnologiyalara əsaslanan 35 kilovoltluq izolyasiyalı və mühafizəli kabel elektrik veriliş xətləri ənənəvi hava elektrik xətlərinə nisbətən daha rentabelli və texniki baxımdan şəbəkələrin dayanıqlı işini təmin etmək üçün əlverişli innovativ həldir. Suqovuşan qəsəbəsinin elektrik enerji təchizatında tətbiq edilmiş 35 kilovoltluq kabel xətti məhz belə, müasir şəbəkə quruculuğu üçün əsas elementlərdən biridir. Belə ki, izolyasiya olunmuş 35 kilovoltluq yeni tip xətlərin mühafizə zonası 3-6 metrdir və bu, mövcud xətlərə nisbətən 6-10 dəfəyə qədər azdır. Mövcud naqillərdə texniki itkilər 9-12 faiz olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə itkilər 3,5-4 faiz təşkil edir. Həmçinin şəbəkələrin saxlanma xərcləri 100 faizdən 30 faizə, illik mal-material sərfi 100 faizdən 25 faizə endirilir. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətləri ilə müqayisədə 60 faizədək azdır.

Prezident İlham Əliyev: Bütövlükdə gələcəkdə ölkəmizin bütün yerlərində bu sistemə keçmək lazımdır.

Vüqar Əhmədov: Cənab Prezident, Siz artıq tapşırıq vermisiniz. Biz Bakıda da bunun üzərində işləyirik.

Bildirilib ki, yeni kabel xətlərinin tətbiqi yüksək gərginlik xətlərinin bilavasitə altında, yaxud yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, həmçinin insanların fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qalxır. İzolyasiya olunmuş yeni tip kabel xətlərinin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlılıq, etibarlılıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir. Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə, o cümlədən yeraltı, sualtı və hava ilə çəkilişinin mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kilovoltluq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı fəaliyyətini də tam təmin edəcəkdir.

Prezident və birinci xanım Tərtər rayonunun Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı, hərbi əməliyyatlar nəticəsində Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində 16 fərdi ev qismən yararsız vəziyyətə düşmüşdür. Bu evlərdən biri əsaslı təmir olunub. Təmir olunan evin ümumi yaşayış sahəsi 92 kvadratmetrdir. Layihəyə əsasən ev 3 otaq, mətbəx və 2 sanitar qovşağından ibarətdir. Tikinti altında olan sahə isə 148 kvadratmetr təşkil edir. Fasadın əsas hissəsi dekorativ təbii daşla üzlənib ki, bu da evin və yerləşdiyi ərazinin ahəngini tamamlayır. Fasadın qalan hissəsində isə suyadavamlı boya materialından istifadə olunub. Evin damı metal kirəmitlə örtülüb, terrasa keramika döşənib, tavanı isə taxta materialdan hazırlanıb. Evin otaqları yüksək səviyyədə və müasir dizaynla bərpa olunub. Həyətyanı sahə abadlaşdırılıb, ərazidə ağaclar əkilib. Fərdi evlərin yerləşdiyi məhəlləyə işıq və su xətləri çəkilib, yola asfalt örtüyü döşənib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında olub, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanıblar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma eskiz layihəsi əsasında məlumat verib. Qeyd olunub ki, yararsız vəziyyətə düşmüş Suqovuşan qəsəbə tam orta məktəbinin binası Təhsil Nazirliyi tərəfindən təmir olunacaq. Diqqətə çatdırılıb ki, məktəbin ərazisi 1 hektardır. Binanın ümumi sahəsi 820 kvadratmetrə yaxındır. Məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir. Bildirilib ki, dördmərtəbəli binanın fasadının ətrafdakı fərdi evlərə uyğunlaşdırılacağı nəzərdə tutulur. Fasadda fərdi evlərdə olduğu kimi, dekorativ təbii daşlardan istifadə ediləcək. Məktəbdə müasir standartlara uyğun idman meydançası qurulacaq, həyətyanı sahə abadlaşdırılacaq. Dövlətimizin başçısı məktəb binasının əsaslı təmirinə başlanılması barədə tapşırıq verib.

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleksin layihəsi barədə məlumat verib. Bildirilib ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək. Diqqətə çatdırılıb ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva turizm kompleksində istifadə olunacaq xüsusi maşınlara baxıblar. Prezident İlham Əliyev kompleksin təməlini qoyub. Sonra dövlətimizin başçısı və birinci xanım kompleksin ərazisində ağac əkiblər.

Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək. Görülən işlər sübut edir ki, çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma federasiyanın gələcək planları barədə məlumat verdi və videoçarx nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, avarçəkmə idman növü ilə Azərbaycanda 1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza baxımsız hala düşsə də, dövlətimizin başçısının tapşırığı ilə 2010-cu ildə bu baza ən yüksək standartlara cavab verən səviyyəyə çatdırılıb. Hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir. Dövlətimizin başçısına və birinci xanıma avarçəkmə yarışlarında istifadə olunan qayıqlarla bağlı məlumat verildi. Bildirildi ki, avarçəkmənin 3 əsas növü var – akademik, kayak və kanoe. Akademik avarçəkmədə idmançılar 1, 2, 4 və 8 nəfərlik qayıqlarda mübarizə aparırlar. Yarış iştirakçıları qayığı geriyə hərəkət etdirirlər. Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron şəkildə hərəkət etdirilir. Azərbaycan Prezidenti təlim-məşq toplantısının rəsmi açılışını bildirən düyməni sıxandan sonra qarşı tərəfdəki metal konstruksiyadan “QARABAĞ AZƏRBAYCANDIR!” yazısı əks olunmuş banner açıldı, səmaya 7 min hava şarı buraxıldı və ardınca idmançılar məşq prosesinə başlayıblar. Dövlətimizin başçısı və birinci xanım məşq prosesini və bayraq şousunu izləyiblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xatirə hədiyyəsini imzaladı və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təqdim edib.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qalıb.

Prezident və birinci xanım Suqovuşanda Prezident və birinci xanım Suqovuşanda Prezident və birinci xanım Suqovuşanda Prezident və birinci xanım Suqovuşanda Prezident və birinci xanım Suqovuşanda Prezident və birinci xanım Suqovuşanda
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş