Postdan sonrakı mərhələ və iki pasportlu ermənilər üzərində qurulan oyun

Siyasət

26.04.2023 - 18:20

Rizvan Hüseynov: "Azərbaycan konkret biləcək ki, neçə faiz erməni regionu birbaşa tərk edəcək, neçə faizi vətəndaşlığı qəbul edəcək"

Azərbaycanın Ermənistanla şərti sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi təsis etməsinə beynəlxalq reaksiyalar ürəkaçan deyil. Fəaliyyətinə de-fakto xitam verilmiş ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Frananın buraxılış məntəqəsi ilə bağlı bəyanatları Azərbaycanın əleyhinədir. Postun qurulması Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş haqqı olsa da, xarici qüvvələr bunu "Qarabağ ermənilərinin blokadası və humanitar böhran" kimi qiymətləndirirlər. Xüsusilə, Rusiyanın həm Müdafiə Nazirliyinin, həm Xarici İşlər Nazirliyinin bəyanatları, Bakıya Laçın yolunda əvvəlki rejimə qayıdışı tələb etməsi faktı ilə üz-üzəyik. 

Analitiklər hesab edirlər ki, Bakının sərhəd postu ilə bağlı atdığı addıma qarşılıq olaraq Rusiya Qarabağdakı separatçıların əli ilə növbəti təxribat törədə bilər. Rusiya XİN başçısı Sergey Lavrov bir müddət öncə "Laçın yolundakı rejimin dəyişdirilməsinə ehtiyac yoxdur" bəyanat verməklə mesaj vermişdi ki, Moskva yolda sərhəd-keçid məntəqəsinin yaradılmasını qəbul etmir. Azərbaycan isə təzyiqlərə baxmayaraq, suveren ərazisinə girişdə postu yaratdı. 

Bundan sonra baş verəcəklərlə bağlı AYNA-nın suallarını analitik Rizvan Hüseynov cavablandırıb. Ekspert hesab edir ki, hər zaman olduğu kimi, növbəti təxribatlar gözləniləndir:

- Əfsuslar olsun ki, son illərdə təxribatlar artıb, bundan sonra da davam edəcək. Amma qalibiyyətin əvəzi budur. Hesab edirəm ki, qalib Azərbaycan işlərini davam etdirməlidir. Kim nə deyirsə-desin, Bakı açıq oynayır, planlar əvvəldən elan edilir. Azərbaycanın planında var idi ki, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulsun və bunu həyata keçirdi. İndi Prezident İlham Əliyev çağırış edib ki, Qarabağ erməniləri ərazilərimizdə yaşamaq istəyirlərsə, Azərbaycan bayrağı altında yaşamalıdırlar. Yaxud da, onların seçimləri var: ya Ermənistan, ya Rusiya, ya da istədikləri ölkənin bayrağı altında yaşaya bilərlər. Buna görə də bizi heç kim ittiham edə bilməz. 

Təxribatlar gözləniləndir, amma bu, onların ziyanınadır. Azərbaycan yumşaq formada məsələləri danışıqlarla həll etməyin tərəfdarıdır. Amma hər təxribatdan sonra hərbi yolla Azərbaycan istədiyinə daha çevik şəkildə nail olacaq. Bunu iki il ərzində müşahidə etmişik. Demək istədiyim odur ki, Azərbaycan tərəfi istənilən varianta hazırdır. 

- Erməni ictimaiyyəti iddia edir ki, pasportlar Laçın yolunun girişindəki postda yoxlanılacaq...

- Məncə, haqlıdırlar. Nəzarət-buraxılış məntəqəsinin funksiyasından bir və bəlkə də birincisi sənədlərin yoxlanışının aparılmasıdır. Onsuz da biz təxminən Qarabağda nə qədər erməninin yaşadığını, nə qədərinin erməni pasportu olduğunu bilirik. İndi biz gərək dəqiqləşdirək ki, Qarabağdakı ermənilərin neçə faizi Rusiya pasportu gəzdirir. Bəli, onlar postdan keçərkən istər erməni, istər rus pasportunu təqdim etməyə məcbur olacaqlar. Post qurulduqdan sonrakı mərhələdə Azərbaycan konkret biləcək ki, neçə faiz erməni regionu birbaşa tərk edəcək, neçə faizi vətəndaşlığı qəbul edəcək. Əgər birinin cibində erməni pasportu varsa, bu bir problemdir, iki pasportu – yəni əlavə olaraq rus pasportu varsa, bu iki problemdir. Hesab edirəm ki, ən təhlükəli ermənilər iki pasportlu olanlardır. Çünki bu insanların üzərindən Rusiya separat oyunlarını ənənəvi olaraq qura bilir. Biz bu oyunu Ukraynanın Donetsk və Luqansk vilayətlərində görmüşük, Gürcüstanda Abxaziya və Cənubi Osetiyada görmüşük, Moldovada Dnestryanıda müşahidə etmişik. Rusiya Qarabağda da bu oyunu oynamaq istəyirsə, Azərbaycan məsələnin qarşısını alacaq. 

- Azərbaycanın post qurmasına beynəlxalq etirazları müşahidə edirik. ABŞ-dan da, Fransadan da, Rusiyadan da Bakıya etirazlar, tələblər səslənir. Bunun arxasında sizcə, nə dayanır?

- Bu ölkələrin narazılığı hüquqi baxımdan əhəmiyyətsizdir. Çünki beynəlxalq hüquqa görə, məntəqə təsis edilən nöqtə Azərbaycanın suveren ərazisidir. Azərbaycan ərazisində yaşayan insanlar da ya Azərbaycan vətəndaşı olmalıdır, ya da hansısa statusla yaşamalıdırlar. Bu zaman da miqrasiya xidmətləri işə düşür. İndi Ermənistan da məsələni BMT səviyyəsinə qaldırır. Anlamıram, burada narazılığın kökündə nə dayanır? Bu narazılıqda heç bir əsas yoxdur. 

- Narazılıqlar Azərbaycan üçün böyük problemlər yarada bilərmi?

- Prinsipial olaraq, bizim üçün burada problem görmürəm. Əksinə, narazılıq edən ölkələrin əksəriyyətinin Azərbaycanla çox sıx iqtisadi əməkdaşlığı var. Ola bilsin ki, sözdə onlar ermənilərə dəstək verirlər. Amma əməldə birbaşa əməkdaşlığı Azərbaycanla davam etdirirlər. Burada yeganə neqativ hal odur ki, ABŞ və Avropanın təşəbbüsü ilə sülh danışıqları neqativ istiqamətdə davam edir. Narazılıqlarını bildirsinlər, problem yoxdur. Azərbaycan öz milli maraqları tələb edən addımları axıradək atacaq. 

- Rusiya tərəfindən verilən bəyanatlar və reaksiya daha sərt görünür...

- Rusiya tərəfinin yekdil qərarı yoxdur. Məsələ ilə bağlı Rusiyanın Müdafiə Nazirliyi bir, Kreml başqa, Rusiya XİN isə tamam başqa cür bəyanat verdi. Biz görürük ki, Rusiyada vahid mövqe yoxdur. Yaxud da, onlar hansısa rola giriblər, erməni ictimaiyyətini inandırmaq istəyirlər ki, nəsə addım atacaqlar, qarşısını alacaqlar. Amma erməni cəmiyyəti görmür ki, son illər Rusiya ancaq onları aldatmaqla məşğuldur? Bunu görürlər, təəssüf ki, ayılmırlar. Ermənistan da, Qarabağdakı xunta rejimi də anlamalıdır ki, 10 milyonluq əhalisi olan, dünyada iqtisadi resurslarına görə böyük potensialı olan Azərbaycanın maraqlarını Rusiya 10-15 min erməninin utopik maraqlarına qurban verməz. Ermənilər bunu dərk etmədikcə, acı talelərini axıracan yaşayacaqlar. Rusiyanın maraqları, regiona baxışı, niyyəti məlumdur. Özü də indi yox, tarixən məlumdur. Qarabağ erməniləri anlamalıdırlar ki, onlar Moskvanın əlində sadəcə alət funksiyasını yerinə yetirirlər.

Müəllif: Anar Bayramoğlu