Polşa - Belarus sərhədində insident: diplomat XİN-ə çağırılıb

Dünya

03.11.2021 - 15:27

Belarus sərhədçilərinin silahlarla Polşa ərazisinə keçidinə görə Minskə etiraz edilib

Belarusun müvəqqəti işlər vəkili Aleksandr Çesnovskini sərhəddə baş vermiş insidentlə bağlı Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşa XİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 2-nə keçən gecə Belarus sərhədçiləri silahla Polşa ərazisinə daxil olublar. Polşa xarici işlər nazirinin müavini Petr Vavjik dövlət sərhədinin pozulması ilə bağlı Minskə kəskin etirazını bildirib. Xarici İşlər Nazirliyi əlavə edib ki, onlar Belarus hakimiyyətinin gərginliyi artıran hərəkətlərindən narahatdırlar.

"Polşa və demokratik dövlətlər ardıcıl olaraq Minskin təşkil etdiyi qeyri-qanuni miqrasiyaya qarşı çıxacaq", - xarici işlər nazirinin müavini vurğulayıb.

Bundan əvvəl Polşanın müdafiə naziri Mariuş Blaşak hakimiyyətin Belarusla sərhədə daha 2,5 min hərbçi göndərəcəyini bildirmişdi. Əlavə qüvvələrin köçürülməsi qərarı Belarusdan qaçan qeyri-qanuni miqrantların Polşa sərhədçilərinə hücumundan sonra qəbul edilib. Nazirin sözlərinə görə, sərhədin təhlükəsizliyini Sərhəd Mühafizəsinin zabitlərindən əlavə, ümumilikdə 10 minə yaxın əsgər təmin edəcək.

Müəllif: Ayna.az