“Slovakiya hələ də koalisiya hökumətinin yaradılması prosesi ilə üz-üzədir”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Slovakiyanın keçmiş Baş naziri Robert Fikonu rusiyayönlü siyasətçi adlandırmaq cəhdlərini absurd adlandırıb. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.
Qeyd edək ki, oktyabrın 1-də keçirilən parlament seçkilərində Slovakiyanın keçmiş Baş naziri Robert Fikonun rəhbəri olduğu “Smer” Partiyası rəsmən qalib gəlib.
Kreml nümayəndəsi qeyd edib ki, hazırda öz dövlətinin suverenliyi haqqında düşünməyə meylli, milli maraqları qoruyan istənilən avropalı siyasətçini rusiyapərəst adlandırırlar ki, bu, “absurddur”.
Peskov onu da qeyd edib ki, Rusiya vəziyyəti ayıq-sayıq qiymətləndirməyə meylli olan daha təcrübəli siyasətçiləri başqa ölkələrdə hakimiyyətdə görmək istəyir.
Moskvanın Bratislava ilə gələcək münasibətlərdən gözləntiləri ilə bağlı sualı cavablandıran Kreml rəsmisi qeyd edib ki, Slovakiya hələ də koalisiya hökumətinin yaradılması prosesi ilə üz-üzədir.
“Bloomberg” yazıb ki, Slovakiyada keçirilən seçkilərdən sonra Moskvanın Bratislavanın simasında Avropada yeni müttəfiqi ola bilər.
“Financial Times” isə yazıb ki, Robert Fikonun rəhbəri olduğu partiyanın Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlməsi Vaşinqton və Brüssel üçün həyəcan siqnalıdır.