Paşinyan Zəngəzur dəhlizi ilə bağlı inkarı: Nikol öz xalqını aldadır

Aktual

04.06.2021 - 12:46

Nikolun əvvəlki açıqlamalarından imtina etməsi, çox güman ki, seçki kampaniyası və hakimiyyəti itirmək qorxusu ilə bağlıdır

 

“Bizi kommunikasiya əlaqələrini açmaqla qorxutmağa çalışırlar, hansısa dəhlizlərdən danışırlar”. Bu fikri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Avan rayonunda Mülki Müqavilə Partiyasının fəalı ilə görüşündə bildirib. O, Azərbaycan tərəfinin  bu mövzu ilə bağlı açıqlamalarının  anlaşılmaz olduğunu da iddia edib.  Kommunikasiyaların bərpası ilə bağlı iki üçtərəfli bəyanatın qəbul olunduğunu xatırladdan Paşinyan iddia edib ki, bu bəyanatlarda dəhliz barədə bir kəlmə yoxdur, Mehridən dəhliz təminatı ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi müzakirə aparılıb.

 

Paşinyan seçki kampaniyasınını gedişatında da bildirib ki, Mehri ərazisindən dəhlizin açılması və 7 kəndin Azərbaycana verilməsi məsələlərinin noyabr Bəyanatı çərçivəsində müzakirə olunmasına dair  Ermənistanda  qaldırılan məsələ onun tərəfindən inkar olunub: “Mən belə bir sənədi imzalamayacağımı çox açıq şəkildə bildirdim. Bununla əlaqədar suallar aradan qaldırıldı”.

 

AYNA xəbər verir ki, Saxta.info Paşinyanın iddialarının əsaslı olub-olmadığını yoxlayıb.

 

Əslində Ermənistan tərəfi beynəlxalq sənədlərin mətnlərini başqa istiqamətə yönəltməyə vərdiş edib. Xatırladaq ki, bir vaxtlar Ermənistan hökuməti BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı dörd qətnaməsinin mətnlərini də səhv şərh edirdi. Məsələn, Paşinyan özü böyük ixtira qabiliyyəti nümayiş etdirərək Rusiya televiziyalarında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrinin fərqli zamanda və fərqli şəraitdə qəbul edildiyini sübut etməyə çalışırdı. İndi 10 noyabrda imzalanan üçtərəfli bəyanatla bağlı eyni şeyi təkrar edir.

 

Maraqlıdır ki, Paşinyan Zəngəzur dəhlizindən imtina xəttinə yalnız indi yönəlməyə başlayıb. Görünür, bu, yaxınlaşan seçkilər və seçiciləri cəlb etmək cəhdi ilə əlaqədardır. Axı, məlumdur ki, erməni cəmiyyəti üçtərəfli bəyanatın müvafiq bəndini inamsızlıq və narazılıqla qəbul edib. Paşinyan kommunikasiyaların bərpası ilə bağlı bəndin varlığını indi inkar etsə də, məsələ burasındadır ki,  üçtərəfli Bəyanat imzalandıqdan sonra fərqli danışırdı və Ermənistanın bəzi nəqliyyat əlaqələrini bərpa edəcəyini bildirirdi.

 

Azərbaycandan Naxçıvana gedən yolun, eyni zamanda Naxçıvan üzərində İrəvan-Sünik (Zəngəzur) yolunun açılacağını deməklə, Paşinyan Zəngəzur dəhlizi məsələsinin gündəmdə olduğunu etiraf edib.

 

Qeyd edək ki, nəqliyyat kommunikasiyalarının açılacağı məsələsi 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatda öz əksini tapıb. Sənədin 9-cu maddəsi məhz bu məsələyə həsr edilib: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

 

Bəyanatda əksini tapan “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi” fikrində nəyin nəzərdə tutulduğunu əlavə izah etməyə ehtiyac yoxdur.

Bundan əlavə, mart ayının sonunda kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupun üzvü olan Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və  Azərbaycanın sovet dövründə işləyən bütün rabitələrin blokdan çıxarılması imkanlarını müzakirə edir. Qriqoryan həmçinin bildirib ki, İşçi Qrup ilk nəticələri mart ayının sonuna qədər təqdim etməli idi, lakin əlavə ekspert işi aparılacağı üçün tarix dəyişdirilib. O, əsas müzakirələrin nəqliyyat və dəmir yollarının bərpası ilə bağlı olduğunu da deyib.

 

Qriqoryanın bu açıqlaması əslində Paşinyanın Mehri üzərindən dəhlizin gündəmdə olmaması barədə iddialarını  təkzib edir. Şübhə yoxdur ki, işçi qrup məhz SSRİ dövründə bu ərazidə fəaliyyət göstərən və işğal illərində ermənilər tərəfindən dağıdılan Zəngəzur dəhlizinin bərpası məsələsi üzərində dayanıb. Məsələ burasındadır ki, 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycanın Zəngilan, Cəbrayıl və Füzuli bölgələrini ələ keçirən Ermənistan, dəmir yolunun keçdiyi Azərbaycan-İran sərhədinin 120 kilometri üzərində də nəzarət əldə etmişdi. Ermənilər  həm işğal altında olan ərazilərdə, həm də Mehridə rels və şpalları satıb, infarstrukturu tamamilə dağıdıb. Yeri gəlmişkən, Mehridən keçən dəhlizin 2001-ci ildə Paris və Ki-Uestdə keçirilən Qarabağ danışıqlarında müzakirə mövzusu olduğu da məlumdur.

 

Beləliklə, Zəngəzur dəhlizi ilə bağlı məsələnin münaqişədən sonrakı dövrdə nəqliyyat əlaqələrinin bərpası kontekstində qaldırılması tamamilə qanunauyğundur.  Bu səbəbdən də  məsələnin gündəmdə olacağı əvvəldən heç kimdə şübhə yaratmayıb, üstəlik  bu məsələ üçtərəfli bəyanatda əks olunub. Elə xarici media və ekspertlər də ermənilərin Qarabağda  kompakt yaşamasına verilən razılıq  fonunda  Azərbaycanın Ermənistan ərazisindən keçərək Naxçıvana nəqliyyat dəhlizi əldə edəcəyini vurğulayıb.

Yeri gəlmişkən, bu günlərdə Ermənistan hökumətinin Qafan, Mehri və Tex icmalarında Rusiya  Federal Təhlükəsilzik Xidməti  üçün  torpaq sahələri ayıracağına dair xəbərlər yayılıb.   Ermənistan hökuməti bunu üçtərəfli razılaşma çərçivəsində cənub-şərq sərhədlərinin möhkəmləndirilməsi zərurəti ilə əsaslandırsa da,  bəzi mütəxəssislər bu izahata  şübhə ilə yanaşıb.

 

Bu arada, FTB direktoru Aleksandr Bortnikov  Ermənistan -  Azərbaycan sərhədinə əlavə  Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsinə toxunub. Açıqlamadan məlum olur ki, Rusiya 10 noyabr tarixli üçtərəfli bəyanatın həyata keçirilməsinin qarantı olaraq, sülh sazişinin ən vacib məqamlarından birinə - Zəngəzur dəhlizində kommunikasiyaların bərpası prosesinə  başlayır.

 

“Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”. Bu fikri  Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda səfərdə olarkən  Azərbaycan Televiziyasına müsahibəsi zamanı deyib. Azərbaycan prezidenti bu məsələnin 10 noyabr bəyanatında təsbit edildiyini xatırladıb, baş nazirlərin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atıldığını vurğulayıb: “Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək”.

 

“Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı Azərbaycanın qədim torpağı olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək  növbəti tarixi nailiyyətimiz olacaq”, deyə Prezident sözlərinə əlavə edib: “Əminəm ki, bu, olacaq, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”.

 

Azərbaycan Prezidenti erməni tərəfi üçün çox ağrılı, lakin reallığı əks etdirən bir məqama da toxunub. O qeyd edib ki,  Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə Azərbaycan bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edir.

 

Yeri gəlmişkən,  Ermənistan dəmir yolları əslində Rusiya Dəmir Yollarının mülkiyyətidir. 2008-ci ildə imzalanan 30 illik razılaşmaya əsasən “Ermənistan Dəmir Yolları” ASC  Rusiya Dəmir Yolları Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” ASC-yə   verilib.

 

 

 

2018-ci ildə Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Cənubi Qafqaz Dəmir Yolları ASC də daxil olmaqla, ölkədə Rusiya biznesini ciddi maliyyə fırıldaqçılığında günahlandıraraq sıxışdırmağa başladı.  Bunun cavabında  Rusiya Ermənistanı tərk edəcəyi ilə bağlı hədələdi. Bu ölkədə çaxnaşmaya səbəb oldu. Mütəxəssislər  bəyan etdilər ki,  dəmir yolu nəqliyyat sistemi ilə bağlı imzalanan müqavilə  ləğv edilsə Ermənistan ciddi maliyyə problemləri ilə üzləşəcək, həmçinin Ermənistan dəmir yolları tamamilə iflic olacaq.

 

Sadalananlar fonunda əminliklə demək olar Nikol Paşinyan öz xalqını aldadır. Məsələ burasındadır ki,  Naxçıvan avtpmobil və dəmir yolu çəkilişi barədə razılaşma var. Bu 10 noyabr tarixli üçtərəfli Bəyanatda yer alıb, məsələ Azərbaycan, Rusiya və Ermənistan hökumətlərinin Baş nazir müavinləri səviyyəsində üçtərəfli İşçi Qrupun gündəliyindədir. Bu mənada Paşinyanın əvvəlki açıqlamalarından imtina etməsi, çox güman ki, seçki kampaniyası və hakimiyyəti itirmək qorxusu ilə bağlıdır. Bütün bunlardan bu qənaətə gəlinir ki, Paşinyanın açıqlamaları tamamilə əsassızdır.

Müəllif: Ayna.az