“Paşinyan Moskva ilə Bakını münaqişəyə cəlb etmək üçün hiylə qurub” – <font color=red> PERENCİYEV</font>

Siyasət

30.07.2021 - 17:29

“Rusiya Zabitləri” Təşkilatının Ekspert Şurasının üzvü: “Yalnız Bakı ilə sərhəd müqaviləsi imzalanandan sonra İrəvan Rusiyaya və KTMT-yə müraciət etmək hüququna malikdir”

 

Nikol Paşinyan 44 günlük müharibədə məğlubiyyətdən sonra da getdikcə açıqlamaları ilə hamını şoka salmaqda davam edir. İndi deyir ki, Azərbaycan-Ermənistan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidə məntəqələri və ya Rusiya sərhədçilərinin gücləndirilmiş nöqtələri qurula bilər. Maraqlıdır ki, Moskva bu barədə heç nə bilmir, amma İrəvan artıq qərar verib.

 

AYNA bu şəraitdə belə bir ssenarinin nə dərəcədə mümkün olduğunu Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi elmlər və sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Təşkilatının Ekspert Şurasının üzvü Aleksandr Perenciyevlə müzakirə edib.

Aleksandr Perenciyev: Gəncə şəhərinin atəşə tutulması qisasdır və bu,  erməni tərəfinin əsəblərinin dözmədiyini göstərir - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

- Nikol Paşinyan bəyan edir ki, KTMT müşahidə məntəqələri Azərbaycan və Ermənistan sərhədində yerləşdirilə bilər. Hazırkı şərtlər altında bu, nə dərəcədə realdır?

 

- Onun dedikləri bugünkü reallıqda o qədər də ağlabatan görünmür. Birincisi, KTMT-də bu cür gücləndirilmiş nöqtələrin yaradılmasının nəzərdə tutulub-tutulmadığı mənə məlum deyil. Məsələn, NATO-nun Belarus Respublikası sərhədlərinə təzyiqi və islamçı silahlı birləşmələrin Tacikistan sərhədlərində təzyiqi şəraitində belə, KTMT bu ölkələrin sərhədlərində Nikol Paşinyanın dediyi nöqtələr yaratmasını müzakirə etmirdi. İkincisi, hər iki Cənubi Qafqaz dövləti arasındakı sərhəddə hər hansı bir üçüncü tərəfin müşahidəçilərinin olması mümkündür. Amma indiyə qədər Ermənistan-Azərbaycan sərhədi yoxdur və Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında yalnız bir atəş xətti var. Üçüncüsü, Rusiya ordusunun Azərbaycan və Ermənistan orduları arasında atəş xəttində yerləşməsi yalnız rəsmi Moskva, Bakı və İrəvan arasında üçtərəfli razılaşma çərçivəsində mümkündür. Yəni üç paytaxt arasında razılaşdırılmalıdır.

 

- Moskva bu məsələyə nə qədər ciddi yanaşacaq?

 

- Rusiyanın xarici siyasət dairələrində (Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində, Federasiya Şurasının müvafiq momitələrində və Dövlət Dumasında) çox yaxşı başa düşürlər ki, rəsmi Moskvanın rəsmi Bakı ilə razılaşdırılmamış hər hansı bir addımı düşmənçilik hərəkətləri kimi qəbul ediləcək, 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar üçtərəfli razılaşmaları ilə müəyyən edilən siyasi proseslərin dayandırılması demək olacaq. Praktikada bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiyanın rolunun azalması demək olacaq ki, bu da münaqişənin eskalasiya dərəcəsinin xeyli artmasına səbəb olacaq.

 

Bundan əlavə, Nikol Paşinyanın KTMT müşahidə postları ilə bağlı açıqlamasında rəsmi İrəvanın Rusiyanı rəsmi Bakı ilə münaqişəyə cəlb etmək üçün hiyləgər planı görünməkdədir. Məsələn, biz artıq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağda atəşkəs xəttində rus sülhməramlılarının olmasından azərbaycanlı və erməni icmalarında müəyyən bir narazılıq müşahidə edirik. Ancaq burada sülhməramlılar tam olaraq üçtərəfli razılaşma çərçivəsində yerləşiblər.

 

Buna görə də, fikrimcə, hələlik iki Cənubi Qafqaz respublikası arasındakı sərhəd xəttinin demarkasiyasına dair üçtərəfli Rusiya-Ermənistan-Azərbaycan Komissiyasının yaradılmasından və rəsmi Bakı ilə İrəvan arasında Sərhəd Müqaviləsinin imzalanmasından danışmaq olar. Yalnız bu addım münaqişənin kəskinləşmə dərəcəsinin azalmasına səbəb olar. Yalnız bu müqavilənin imzalanmasından sonra rəsmi İrəvan Ermənistan Respublikasının sərhədlərinin qorunmasında kömək üçün Rusiyaya və KTMT-yə müraciət etmək hüququna malik ola bilər.

Müəllif: Nicat Hacıyev