Parlamentdə Xankəndi müzakirəsi: “Bəziləri çıxışlarımıza lağ edirdilər, indi...”

Aktual

17.10.2023 - 13:55

Milli Məclisin iclasında Azərbaycanın suverenliyinin bərpası alqışlandı, beynəlxalq təşkilatlar tənqid olundu

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçirilib. Gündəliyinə 16 məsələ daxil edilən iclasa sədrliyi Milli Məclisin spikeri Sahibə Qafarova edib. Spiker xatırladıb ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunacaq.

“Bu, çox tarixi bir gündür. Ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır günlərdən keçdiyi dövrdür. Ovaxtkı iqtidar ölkədə gərginliyi artırırdı. Bu illərdə Qarabağı itirdik. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyimizin itirilməsinə yol vermədi. O, Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının nişanəsi bugünkü güclü Azərbaycandır. Onun bu binada gördüyü tədbirlər, atdığı addımlar parlamentarizm tariximizin şanlı səhifələrini təşkil edir. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilib, Birinci vitse-prezident institutu təşkil edilib”, - Qafarova vurğulayıb.

Spiker: “Dövlət başçısı Xankəndidə çıxışında da öz mesajlarını verdi”

Spiker bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan xilas edilməsi Azərbaycanın qarşısında yeni inkişaf istiqamətləri açıb: “Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri idi. Düşmən üzərində qazanılan qələbə Ulu Öndərin 100 illik yubileyinə ən böyük töhfə oldu. Dövlət başçısı Xankəndidə çıxışında da öz mesajlarını verdi. Mən təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq”.

Təklif deputatlar tərəfindən qəbul edilib. Sədr həmçinin, xatırladıb ki, bu gün Gəncənin raket atəşinə tutulmasının ildönümüdür: “Şəhid olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.

Xankəndinin deputatı: “O insanlara salamlarımı çatdırıram”

İclasda çıxış edən Xankəndinin deputatı Tural Gəncəliyev deyib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndi, Xocalı və digər ərazilərdə Azərbaycanın şanlı bayrağını ucaltması çox önəmli bir hadisədir: “Bu münasibətlə hər kəsi səmimi qəlbdən təbrik edirəm. 20 il öncə cənab Prezident İlham Əliyev Azərbaycan Prezidenti seçilərkən verdiyi sözü tutdu. Cənab İlham Əliyev ata vəsiyyətini həyata keçirən lider kimi xalqımızın tarixinə düşdü. Biz buna heç vaxt tərəddüd etmirdik. Sosial şəbəkələrdə çıxışlarımızda da qeyd edirdik ki, Xankəndi və Xocalıya geri dönəcəyik. Bəziləri bu sözlərə görə bizim çıxışlarımıza lağ edirdilər. İndi o insanlara salamlarımı çatdırıram. Biz bir anlıq belə liderimizə tərəddüd etmirdik”.

“Xankəndidə şanlı bayrağın qaldırılması iki mühüm hadisə ili üst-üstə düşdü. Birincisi Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlıdır. İkincisi, Qarabağda süni Qarabağ bölgəsi yaradaraq Xankəndinin adının süni şəkildə dəyişdirilməsi ilə bağlıdır. Cənab Prezident bu qara qüvvələrə öz yerini göstərdi. Xankəndinin millət vəkili olaraq çox qürur duyuram", - Gəncəliyev vurğulayıb.

“İndi Azərbaycan əleyhinə bəyanat verməkdə növbəyə düzülüblər, çox narahatdırlar”

“Bu gün artıq Azərbaycan bayrağı bütün tarixi torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan xalqı uzun illərdir səbirsizliklə bu günü gözləyirdi. Bu gün biz artıq 200 illik tariximizdə, sovet dövründə nəzarətimizdə olmayan ərazilərə nəzarət edirik, həmin ərazilərə sərbəst gedə bilirik. Bütün bu uğurlara Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin böyük uzaqgörənlik və müdrikliklə davam etdirdiyi siyasət nəticəsində nail olub”. Bu sözləri çıxışında deputat Ceyhun Məmmədov səsləndirib.

Millət vəkili vurğulayıb ki, Xankəndinin mərkəzi meydanında çıxış edən Prezident İlham Əliyev həm Ermənistana, həm də onun havadarlarına da çox ciddi mesajlar verib: “Təəssüflə qeyd etmək lazımdır ki, hələ də Azərbaycanın öz ərazisində antiterror tədbirləri həyata keçirməsini həzm edə bilməyən dövlət və beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli və ikili standartlarla yanaşmalarını davam etdirirlər. Bu gün onları narahat edən həm də məkrli planlarının və xəbis niyyətlərinin qarşısının Prezident İlham Əliyev tərəfindən alınmasıdır. Son hadisələr bir sıra dövlət və beynəlxalq təşkilatların nə qədər riyakar və ikiüzlü olduğunu bir daha göstərdi”.

“30 il ərzində xalqımızın başına gətirilən müsibətləri görməməzlikdən gələn, siz müharibə edə bilməzsiniz, işğalla barışın deyən bu dövlət və təşkilatlar indi Azərbaycan əleyhinə bəyanat verməkdə növbəyə düzülüblər, çox narahatdırlar. Bəs bizim torpaqlar 30 il ərzində işğal altında olanda, yaşayış məskənlərimiz, mədəniyyət abidələrimiz və məscidlərimiz dağıdılanda bu dövlət və təşkilatlar niyə bu qədər narahat deyildilər?”, - deputat əlavə edib.

C.Məmmədov xatırladıb ki, bu gün həm də Gəncənin ermənilər tərəfindən növbəti dəfə bombalanmasından 3 il ötür: “Həmin terror hadisəsi baş verərkən beynəlxalq təşkilatlar niyə heç bir reaksiya vermədilər, Ermənistan niyə cəzalandırılmadı? Niyə bu ölkəyə qarşı sanksiya tətbiq edilmədi? Bütün bu təzyiq cəhdlərinə və təxribatlara baxmayaraq Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəf və məqsədlərinə nail olacaq”.

Deputat Xalq şairindən sitat gətirdi: “Ramiz Rövşənin çox gözəl sözü var, deyir ki...”

Deputat Siyavuş Novruzov isə bildirib ki, müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir. Millət vəkili vurğulayıb ki, müstəqilliyin ən böyük şərti ərazi bütövlüyüdür: “Cənab Prezident İlham Əliyev Xankəndidən çox ciddi mesajlar verdi. Birinci qeyd etdi ki, dövlət başçısı bu meydanda olanda bəziləri hələ heç doğulmamışdı. İkinci mesajı isə ondan ibarət idi ki, ətrafdakıların əksəriyyətini onun atası tikib, atasının qurduğu şəhərə gəlib. Bu, çox böyük mesaj idi. Xalq şairi Ramiz Rövşənin çox gözəl sözü var, deyir ki, 44 günlük Vətən müharibəsində tarixi Prezident İlham Əliyev yazıb, daha mən nə yazım. Yəni heç bir söz bu qələbəni ifadə edə bilməz. Allah Prezidentimizi qorusun!”.

Millət vəkilindən təklif: “15 oktyabr tarixi “Azərbaycan Günü” elan olunsun”

Deputat Kamal Cəfərov çıxışında təklif edib ki, 15 oktyabr tarixi “Azərbaycan Günü” elan edilsin: “Azərbaycan müstəqilliyinin bərpasının 33-cü ilinə qədəm qoyur. 33 il mühüm yaşdır və böyük gələcəyin başlanğıcıdır. Məşhur Amerika sosioloqu Rendal Kollinsin irəli sürdüyü nəzəriyyə əsasən dövlətlərin inkişaf tarixi 100 illiklərlə deyil, 33 illə müqayisə olunmalıdır. Çünki tarixi araşdırmalar göstərib ki, hər 33 ildən bir nəsil dəyişimi, intellekt dəyişimi baş verir, 33 yaşında olan dövlət də hazırlıqdan yaradıcılığa başlayır. Məhz 2023-cü il 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan, Sərkərdə İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi. Prezident İlham Əliyev Xankəndidə çıxışında qeyd etdi ki, Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, bu qələbə əbədi bizimlə olacaq. Bu tarixi günü əbədi olaraq rəmziləşdirmək üçün təklif edirəm ki, 15 Oktyabr “Azərbaycan Günü” elan edilsin, bayram olsun. Biz də hər il övladlarımızla 15 Oktyabr – Azərbaycan Gününü Xankəndidə, Xocalıda, Xocavənddə, Şuşada Azərbaycanın hər bir diyarında bayram günü kimi qeyd edək”.

Çıxışlardan sonra deputatlar Milli Məclisin iclasının gündəliyinə çıxarılan məsələlərin müzakirəsinə başlayıblar.

Müəllif: Anar Bayramoğlu