Parlamentdə seçkiləri boykot edənlər “qorxaq” adlandırıldı: “Xalq sizi çoxdan...”

Cəmiyyət

19.12.2023 - 13:58

Milli Məclisin iclasında 27 məsələ müzakirə olundu: Komitə sədri deputatlar qarşısında hesabat verib

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Gündəliyinə 27 məsələnin daxil edildiyi iclasda parlamentin sədri Sahibə Qafarova əvvəlcə 7 fevral 2024-cü ilə təyin olunan növbədənkənar prezident seçkiləri barədə danışıb. Spiker xatırladıb ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki Prezident İlham Heydər oğlu Əliyev seçkilərdə partiyadan namizəd göstərilib: “Bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə edib. Dünya miqyaslı siyasi və dövlət xadimi olan İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən, fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilib və daha da zənginləşdirilib.  Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmış, geniş bir bölgədə söz sahibinə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk edib. Onun siyasi diplomatik və hərbi strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnib. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb”.

Spiker: “Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq”

Spiker bildirib ki, Azərbaycanın müasir tarixinin son 20 ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial, iqtisadi inkişaf, möhkəm ictimai, siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır: “Cənab Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləşməsini təmin edəcək.  Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcək. Buna heç kimin şübhəsi yoxdur”.

Deputat: “Xalq sizi çoxdan boykot edib, siz kimi boykot edirsiz?”

Deputat Bəhruz Məhərrəmov isə seçkilər barədə danışarkən deyib ki, prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır. Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı hərbi-siyasi qələbələrimizdən doğan yeni reallığa yalnız cənab İlham Əliyevlə adlamağı arzulayır: “Ona görə də YAP növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirmiş oldu. Bu gün heç bir siyasi qüvvənin cənab İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur. Lakin hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Konstruktiv müxalif qüvvələrin rahat şəkildə seçki marafonuna qatılması bu reallığın bariz nümunəsidir”.

Deputat seçkilərə qatılmayan, seçkiləri boykot edən müxalif qüvvələrlə bağlı da sərt fikirlər səsləndirib: “Antimilli ünsürlərin bu dəfə də seçki prosesindən kənarda qalması əslində xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir. 5 min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyən bir ovuc ünsür, indi guya seçkiləri boykot edir. Xalq sizi çoxdan boykot edib, siz kimi boykot edirsiz? Bu gün Azərbaycanda seçkilərin boykot edilməsi üçün heç bir siyasi-hüquqi şərait və zərurət yoxdur. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir. Yeganə məqsəd də budur ki, siyasi sabitliyi pozaraq ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar”.

“Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi seçkidir. Bundan kənar istənilən cəhd ictimai sabitliyə yönələn təhdiddir. Milli maraqlara yönəli istənilən təhdid Azərbaycan xalqının iradəsi ilə beşiyindəcə boğulacaq”, - B.Məhərrəmov fikrini tamamlayıb.

Komitə sədri deputatlara hesabat verdi

Bundan sonra iclasda gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edilib. Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. Muradova qeyd edib ki, ölkədə erkən nikahların sayı artıb: “Nikah yaşının 1 il azaldılmasına görə 12 rayon üzrə 23 müraciətə baxılıb, hamiləlik, uşağın doğulması və digər üzürlü hesab oluna biləcək səbəblər araşdırılmış, müvafiq sənədlər tələb olunub. Araşdırmaların nəticəsi olaraq 5 müraciət üzrə (Qaradağ rayonu-1, Suraxanı rayonu-1, Sabunçu rayonu-2, Binəqədi rayonu-1) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib. Yerli rayon icra hakimiyyətlərindən aldığımız məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb. Qarabağ iqtisadi rayonunda (11 erkən evlilik), Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib. Bununla bərabər, 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzürlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir. Ümumiyyətlə, erkən nikahların dinamikasında nisbi artım var. Keçən il 269 erkən evliliyin qarşısı alınıb. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi də onu deməyə əsas verir ki, biz 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəstək verməliyik”.

“Təhsildən yayınan qızlar var, onların bir çoxu nikaha məcbur edilir”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirə zamanı bildirib ki, təhsildən yayınan uşaqlar, xüsusilə də qızlar var: “Onların bir çoxu nikaha məcbur edilir. Biz bu istiqamətdə işləri daha da gücləndirməliyik. Bizi narahat edən vacib məsələlərdən biri də məişət zorakılığı cinayətləri, onun ağır fəsadlarıdır. Bununla bağlı illik məlumatda geniş təhlil və təkliflər verilib. Hamımız bilirik ki, ölkəmizdə bir çox səbəblərdən ailədaxili zorakılıq hallarının mütləq əksəriyyəti latent qalır və hüquq-mühafizə orqanlarına məlum olmur. Bu isə ağır cinayət hadisələri ilə nəticələnir. Çox yaxşı haldır ki, Dövlət Komitəsi bu məsələlərə  xüsusi həssaslıq göstərir”.

“Düşünürəm ki, yardım mərkəzlərinin sayının artması,  müxtəlif rayon və şəhərlərdə qaynar xətlərin yaradılmasına ehtiyac var. Biz dövlət büdcəsinin müzakirəsi zamanı da bu məsələlərə toxunmuşuq. Çox yaxşı haldır ki, ailə, qadın və uşaq məsələlərinə ayrılan vəsait hər il artır. Gələn ilin dövlət büdcəsində də kifayət qədər artım var. Bu isə yerlərdə aparılan işlərin daha da gecləndirilməsinə imkan yaradacaq”, - deyə Hüseynova vurğulayıb.

“Gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını, anasını öldürür”

“Mətbuata baxırsan, “qardaş bacısını öldürdü”, “ər arvadını baltaladı” başlıqları ilə xəbərlər görürsən. Özü də belə hadisələrin sayı az deyil. Elə gün olur Azərbaycanda 7, elə gün olur 2 qadın öldürülür. Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur”. Bu sözləri isə müzakirə zamanı deputat Siyavuş Novruzov deyib.  

Millət vəkili bildirib ki, burada “TikTok” kimi sosial şəbəkələrin, yeni texnologiyaların rolu var: “Hesab edirəm ki, bu məsələ araşdırılmalıdır. Bu cinayətlər istənilən yerdə - küçədə, konsert salonlarında baş verir. Əvvəllər belə hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də çoxalıb. Biri çıxır gedir Rusiyaya, gələndə birinci həyat yoldaşını öldürür. İkincisi, gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını, anasını öldürür. Məncə, televiziyada da bunu tərənnüm edən serialların qarşısı alınmalıdır”.

Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul olunub. İclasda gündəlikdə olan digər məsələlər də müzakirə edilib.

Müəllif: Anar Bayramoğlu