Parlamentdə gərgin müzakirə: sülhməramlıların Qarabağdan çıxarılması istənildi

Aktual

06.10.2023 - 14:21

Milli Məclisin iclasında Avropa Parlamentinə sərt tənqidlər səsləndi: “Biz bu boz və nimdaş sifətləri 30 ildən artıqdır görürük”

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçirilib. Gündəliyinə 18 məsələ daxil edilən iclasda deputatlar əvvəlcə cari məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni qərəzli adlandırıb və bildirib ki, Azərbaycan ərazilərinin işğalı dövründə Qarabağda mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməkdir: “Görünür Avropa Parlamenti bunu hədəfləyib. Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası üçün Azərbaycanın həyata keçirdiyi tədbirləri Avropa Parlamenti görmək istəmir. Bununla da sözügedən qurum ikili standartlardan əl çəkmədiyini göstərir”.

Spikerdən etiraz: “Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi siyasi məsuliyyətsizliyin bariz nümunəsidir”

Spiker vurğulayıb ki, Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi siyasi məsuliyyətsizliyin bariz nümunəsidir”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli də Avropa Parlamentinin qəbul etdiyi qətnamədən danışıb və bildirib ki, sənədin qəbulu təəəsüf doğurur: “Amma bu, bizi təəcübləndirməməlidir. Biz bu boz və nimdaş sifətləri 30 ildən artıqdır görürük”.

“Cənubi Qafqaz siyasətində çox biyabırçı məğlubiyyətlə üzləşən Fransa və onun rəhbərliyi özünün Azərbaycana qarşı münasibətini bu cür ifadə etdi. Çünki əlindən başqa nə gələ bilər ki? Qərəzli qətnamə ancaq Ermənistanı sakitləşdirmək üçün atılan addımdır. Ona görə də hesab edirəm ki, bunun Azərbaycana heç bir təsiri olayacaq”, - vitse-spiker əlavə edib.

Deputat: “Avropa Parlamentdə şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır, bizə bəllidir”

Deputat Bəhruz Məhərrəmov Fransanın ünvanına sərt sözlər işlədib və bildirib ki, 30 il maskalanmağa çalışan Fransa bu gün açıq formada özünü erməni dövləti kimi aparır: “Korrupsiya yuvası Avropa Parlamenti son bir aya yaxın dövrdə bütövlükdə gündəmini Azərbaycana həsr edib. Bunun da səbəbi var. Çünki Azərbaycan beynəlxlaq hüququn aliliyini təmin edib, ərazilərini işğaldan azad edib, separatizmin kökünü kəsib, ərazilərinin tamamında suverenliyini bərpa edib. Separatizmlə mübarizədə effektiv nəticə ilə cənab İlham Əliyev bir çoxlarına ustad dərsi keçib”.

“Puçdemonun həbsini ayaq üstə alqışlayan riyakarlar bu gün Qarabağdakı qondarma rejimin “liderlərinin” həbsindən narahat olduqlarını deyirlər. Bizim mövqeyimiz aydındır, müdafiə olunmağa da, haqqımızı sökə-sökə almağa da gücümüz var. Bu prosesdə əsas Ermənistan diqqətli olmalıdır.  Ermənistan ilk növbədə məhz Azərbaycanla əməkdaşlıq nəticəsində düşdüyü dalandan çıxa biləcəyini anlamalıdır. Ermənistan üzünü bölgəyə tutmalı, xüsusən Azərbaycan-Türkiyə tandemindən maksimum yararlanmağa çalışmalıdır. Xüsusən də artıq “Qarabağ” adlı bir problem qalmayıb. Ermənistan üçün bunu etmək indi daha asandır”, - deyə deputat vurğulayıb

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bu gün yeni reallıq yaradıb: “Bu reallıq dəyişməzdir. İndi Avropa Parlamenti bizə sanksiya tətbiq esə nə olacaq, etməsə nə olacaq?! Biz artıq güclüyük. Bir az daha dərindən təhlil edilsə başa düşmək çətin deyil kim-kimdən daha çox asılıdır və kim kimə möhtacır. Biz sülhün bir addımlığındayıq. Amma görünən odur ki, Avropa Parlamenti, Fransa, Almaniya kimi subyektlər bu bir addımlıq məsafəyə israrla burunlarını soxmaq istəyirlər. Əlbəttə, bizim üçün onların nə sözlərinin, nə özlərinin heç bir qiyməti yoxdur. Amma eyni zamanda bilsinlər ki, Avropa Parlamentdə şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır, bizə bəllidir”.

Millət vəkilindən Natiq Qasımovla bağlı təklif: “Ümid edirəm ki, bununla bağlı məsələ həllini tapacaq”

İclasda Birinci Qarabağ müharibəsi zamanı qəhrəmanlıq göstərmiş Natiq Qasımovla bağlı təklif səsləndirilib. Millət vəkili Sahib Alıyev çıxışı zamanı deyib ki, N.Qasımovun haqqı verilməlidir: “Əminəm ki, Müzəffər Ali Baş Komandana Natiq Qasımovla bağlı dəqiq məlumat verilsə, o haqq etdiyini alacaq. Hətta Xocalıda bir küçəyə onun adı verilə bilər. Natiq müharibədə böyük qəhrəmanlıq göstərib. Mən 6 il əvvəl onun ailəsi və yaxınları ilə danşıqlar aparmışam. Bununla bağlı araşdırmam sosial şəbəkədə var. Ümid edirəm ki, bununla bağlı məsələ həllini tapacaq”.

Xatırladaq ki, erməni cəlladlarının 1992-ci ildə əsir götürdüyü azərbaycanlı döyüşçü Natiq Qasımovun dindirilməsi zamanı çəkilən fotolar yayılıb. 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımov haqqında  “Oğul” sənədli filmi çəkilib. Film Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib. Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. İtaliyalı hərbi fotoqrafın lentə aldığı fotolarda azərbaycanlı döyüşçünün dindirilməsinin Xocalı qatili Vitali Balasanyan tərəfindən aparıldığı görünür.

“Hazırkı məqamda Azərbaycan üçün əsas üç məsələ tez bir zamanda həll edilməlidir”

“Təəssüf ki, başda Fransa olmaqla bir sıra Avropa dövlətləri Azərbaycanın bu qələbəsini həzm edə bilmədi və dövlətimizin əleyhinə bir sıra bəyanatlar verməyə başladılar. Hər zaman Ermənistanın çirkin əməllərini müdafiə edən Fransa əməlləri azmış kimi, dərhal öz xarici işlər nazirini Ermənistana ezam etdi. O da səfərdən öncə Türkiyə ərazisində yerləşən Ağrı dağının fotosunu Ermənistan ərazisi kimi təsvir edərək çirkin niyyətini gizlətmədi. Səfər zamanı Azərbaycan əleyhinə bir sıra sərsəm açıqlamalar verməklə, öz çirkin niyyətlərini bir daha mümayiş etdirdilər”. Bu sözləri çıxışı zamanı deputat Vahid Əhmədov səsləndirib.

Millət vəkili xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyindən tutarlı cavab verilib: “Çox düzgün olaraq bu hadisələrin fonunda cənab Prezident İspaniyada keçirilən Avropa İttifaqının toplantısına getməyəcəyini bəyan etdi. Bu qərar təbii ki, Avropada böyük narahatlıq yaratdı. Almaniyanın kansleri  Olaf Şoltsun  zəng etməsi vəziyyətin nə qədər ciddi olmasından xəbər verirdi. Beştərəfli görüş bizim iştirakımız olmadan baş tutsa da, Ermənistanın Baş naziri Avropa İttifaqı, Almaniya və Fransanın rəhbərlərinin iştirakı ilə Qranadada Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə rəsmi sənəd-bəyanat imzaladı. Bunun ardınca, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel oktyabr ayının sonunda Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşünün təşkili barəsində fikir söylədi. Almaniya kansleri Azərbaycanın ərazi bütövlüyünü bir daha qeyd edərək BMT missiyasının Qarabağda fəaliyyətini və oradaki vəziyyəti yüksək qiymətləndirdi. Bununla da faktiki olaraq, Fransa Prezidentinin Qranada görüşündə Azərbaycana qarşı mövqeyi fiyaskoya uğradı və Emmanuel Makron Azərbaycana qarşı sanksiyalar yox, danışıqlar yolunu tutmağı təklif etdi”.

“Məni narahat edən daha bir məsələ var. Bəzi siyasətçilər və ekspertlər  19 sentyabrda qazanılmış qələbənin üzərinə kölgə salaraq bu qələbəni yalnış olaraq bəzi dövlətlərlə, xüsusilə İran və Rusiya ilə bölüşməli olduğunu qeyd edirlər. Bu fikir absurd və qəbuledilməzdir. Bu qələbə başda Ali Baş Komandan olmaqla Azərbaycan Ordusunun və Azərbaycan xalqının layiqli qələbəsidir. Hesab edirəm ki, hazırkı məqamda Azərbaycan üçün əsas üç məsələ tez bir zamanda həll edilməlidir: Ermənistan ilə sülh müqaviləsi imzalanması, Rusiya sülhməramlılarının bölgədən tədricən çıxarılması və Xankəndində idarəetmə və icra orqanlarının fəaliyyətinin təşkil edilməsidir”,- deyə deputat fikrini tamamlayıb.

Çıxışlardan sonra iclasın gündəliyinə daxil olan məsələlərin müzakirəsi olub. Bir neçə qanun layihəsinə əlavə və dəyişikliklər edilib.

Müəllif: Anar Bayramoğlu