Parisdən sülhə zərbə: “Fransa Qafqazda vəziyyəti dramatikləşdirməyə çalışır”

Siyasət

04.04.2023 - 18:01

Milli Məclisdə Fransa Senatı sərt təndiq edildi: deputatlar bəyanat qəbul etdilər

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının martın 16-da Azərbaycana qarşı keçiriləın tədbirə etiraz edilib. İclasda Senata cavab bəyanatının hazırlanması təklif olunub və komissiya yaradılıb. Müzakirə zamanı Fransanın tutduğu mövqe ədalətsiz adlandırılıb və sərt tənqid olunub.

Deputat Soltan Məmmədov çıxışı zamanı bildirib ki, Fransa Senatında yenə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən tədbir keçirilib: “Təəssüf ki, Fransa 44 günlük Vətən müharibəsi zamanı olduğu kimi, müharibədən sonra da Azərbaycanla bağlı qərəzli siyasətini davam etdirir. Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəli sürülən təşəbbüslər fonunda Senatda bu cür tədbirlərin təşkili regionda sülhü, sabitliyi pozmağa yönəlib”.

"Azərbaycan Parlamentində dəfələrlə Fransanın ikili standartlar siyasətinə son qoyması ilə bağlı çağırışlar edilib. Lakin görünür, fransalı həmkarlarımz bu çağırışların siyasi əhəmiyyətini düzgün qiymətləndirə bilmirlər”, - deputat vurğulayıb.

“Bölgəmizdə qeyri-sabitliyin artması nəticə etibarilə qlobal sülhə və təhlükəsizliyə də mənfi təsir göstərir”

Millət vəkili xatırladıb ki, Fransa Avropa məkanında milli azlıqlara məxsus şəxslərin hüquqlarının mühafizəsi sahəsində ən fundamental sənədlərdən biri hesab olunan Milli Azlıqlar haqqında Çərçivə Konvensiyasını indiyə qədər imzalamayıb: “Bununla yanaşı, Avropa Şurasının Regional və ya Azlıq dilləri üzrə Avropa Xartiyasını ratifikasiya etməyib. Bu, əslində Fransanın milli azlıqların hüquqlarına yanaşmasını əks etdirən faktlardır. Belə bir ölkənin başqalarına etnik azlıqların hüquqları ilə bağlı irad bildirməyə mənəvi haqqı yoxdur”.

“Senatda atılan bu cür addımlar əlaqələrin gələcəyinə dair ümidləri xeyli dərəcədə zəiflədir. Bizim birgə layihələrimizin məramı həm də regionda sülhü təşviq etməkdir, çünki indi nəinki Cənubi Qafqazın, ümumilikdə beynəlxalq münasibətlər sisteminin bu cür təşəbbüslərə daha çox ehtiyacı var. Dünyada mürəkkəb proseslərin cərəyan etdiyi, müxtəlif bölgələrdə minlərlə insan itkisinə səbəb olan ciddi toqquşmaların baş verdiyi indiki həssas məqamda Fransa sülh və əməkdaşlıq üçün çox böyük imkanların yarandığı Cənubi Qafqazda vəziyyəti dramatikləşdirməyə çalışır. Bu siyasət nə Fransanın, nə uzunmüddətli münaqişələrdən əziyyət çəkmiş region xalqlarının maraqlarına cavab verir. Əksinə, bölgəmizdə qeyri-sabitliyin artması nəticə etibarilə qlobal sülhə və təhlükəsizliyə də mənfi təsir göstərir”, - deyə deputat əlavə edib.

“Biz Fransanın beynəlxalq münasibətlər sistemində rolunu bilirik. Amma Azərbaycan öz milli maraqlarının sərhədlərini də dəqiq bilir və heç bir dövlətin bu sərhədləri keçməsinə imkan vermək niyyətində deyil. Fransa nəhayət, indiyə qədər yürütdüyü təzyiq siyasətinin nəticə vermədiyini və bundan sonra da verməyəcəyini anlamalıdır”, - S.Məmmədov fikrini tamamlayıb.

Deputatdan Fransaya çağırış: “Erməni vəhşiliyinin miqyası o dərəcədədir ki, mən öz evimi tapa bilmirəm”

“Bu gün bölgəyə sülhün gəlməsinə, münasibətlərin normallaşmasına ən çox mane olan Fransa və Fransanın Prezidenti Makrondur”, - deyən deputat Ceyhun Məmmədov çıxışında söyləyib ki, bəzi fransız siyasətçiləri də açıq şəkildə qeyd edirlər ki, Makron artıq özünü fransızların deyil, ermənilərin prezidenti kimi aparır: “Əgər Fransanın ikinci erməni dövləti qurmaq niyyəti varsa, bunu Marsel şəhərində edə bilər. Bu gün ermənilər Marsel şəhərinə də iddia edirlər. Şərait yaratsınlar orada ikinci erməni dövlətini qursunlar. Əgər Fransa belə prosesə töhfə vermək niyyətində idisə, niyə 30 il müddətində ATƏT çərçivəsində bu canfəşanlığı göstərmədi”.

“Mən erməni vəhşiliyinin, barbarlığının şahidi kimi Fransa Senatına belə bir təklif vermək istəyirəm: əgər siz həqiqi barbarlığı, soyqırımı görmək istəyirsinizə, gəlin, mən sizə göstərim. Ermənilər on min kvadratmetr kilometr ərazini, mənim doğulub başa çatdığım evi necə barbarcasına dağıdıblar, babamın, nənəmin və digər doğmalarımızın qəbrini goreşən kimi eşiblər. Bu vəhşiliyin miqyası o dərəcədədir ki, mən öz evimi tapa bilmirəm. Fransa bilməlidir ki, Azərbaycan yenə bu cəhdlərin qarşısını qətiyyətlə alacaq, hər dəfə burnu yenidən əziləcək", - deputat vurğulayıb.

“Fransa ilə yanaşı, İran və cırtdan Ermənistan faşist düşüncələrində həmrəydirlər”

Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, “Emmanuel Makron faşist düşüncəsində tək deyil”. Deputatın sözlərinə görə, Fransa ilə yanaşı, İran və cırtdan Ermənistan faşist düşüncələrində həmrəydirlər: “Hesab edirəm ki, Fransa ilə əlaqələrə ona görə yenidən baxmaq lazımdır. Çünki bu ölkə dayanmır. Ermənistan bizim üçün heç bir təhlükə demək deyil”.

“İran isə Azərbaycana qarşı faktiki olaraq, hibrid müharibəsi aparır. İran da Azərbaycana qarşı iyrənc siyasətini dayandırmır. Molla rejimi bunlar görə cavab verməlidir. Onlar səfirliyimizə terrora görə heç bir addım atmadılar. Bir dəlini guya terror apardığına görə dəlixanaya saldılar. Bizim səngərimiz buradır. Buradan İrana qarşı mübarizə aparmalıyıq”, Ağamalı əlavə edib.

“İrana çağırış edilsin ki...”

“Sovet ittifaqı dövründə, Brejnevin birinci katib olduğu zaman belə bir lətifə var idi. Hamı söyləyirdi ki, bəs Brejnev deyir “Mumu”nu Turgenev yazır, amma heykəli Puşkinə qoyurlar. İndi cari məsələlərdə bir istisna olmaqla, hamı əsasən İranın Azərbaycanda bir millət vəkilinə münasibətdə törətdiyi terror aktından, İranın Azərbaycana yönəlik düşmənçilik siyasətindən danışdı”. Bu ifadələri isə müzakirə zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili xatırladıb ki, bundan əvvəl də Fransanın fəaliyyəti ilə bağlı bəyanatlar qəbul edilib: “Bu gün də qəbul olunacaq bəyanatı dəstəkləyəcəyəm. Amma mən hesab edirəm ki, bu bəyanatda həmçinin İranın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti də pislənilsin. İrana çağırış edilsin ki, yaxın qonşuluq siyasətinə əməl olunmalıdır, terroru dəstəkləməyə son qoyulmalıdır”.

Fransa Senatına cavab bəyanatı qəbul olundu

Müzakirələrdən sonra Milli Məclis Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı bəyanat qəbul edib. Bəyanat layihəsinin mətnini layihənin hazırlanması üçün yaradılmış komissiyanın üzvü deputat Sevil Mikayılova səsləndirib.

Bəyanatda deyilir: “Fransa Parlamentinin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarış qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Ermənistanla sülh sazişinin bağlanması istiqamətində beynəlxalq səylərin gücləndiyi bir vaxtda Fransa Senatının addımı revanşizmə xidmət edən bir addımdır. Milli azlıqların hüquqlarını qorumaqdan yayınan Fransanın Azərbaycandakı erməni azlıqla bağlı canfəşanlıq göstərməsi yolverilməzdir. “Korsika xalqı” ifadəsi Fransa Konstitusiyasına zidd addım kimi qadağan edilib. Ancaq Fransa Azərbaycanda yaşayan bir etnik azlığı “Arsax xalqı” kimi təqdim etməyə çalışır. Azərbaycanın daxili işlərinə davamlı müdaxilə edən Fransa Senatı və Milli Assambleyanın İslam separatizminə qarşı qəbul etdiyi qanunlardan bu ölkədə azadlıqların məhdudlaşdırılması üçün kütləvi istifadə edilir. Ona görə də Fransa Senatında konfrans siyasi riyakarlığın bariz nümunəsidir. Fransanın bölgədə itirdiyi mövqeləri kobudluqla bərpa etmək cəhdləri uğursuzluğa məhkumdur. Milli Məclis Azərbaycana ədalətsiz münasibətini nümayiş etdirmiş Fransanın mövqeyini dəyişmədən Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə cəlb edilməməsi ilə bağlı hökumətə müraciət edib. Fransa tərəfinin son təxribatçı addımları şəraitində Azərbaycan parlamenti prinsipial mövqeyini bir daha əks etdirərək Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi kimi praktikadan, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı hərəkətlərdən, Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılmasına xidmət edən addımlar atmağa çağırır”.

Müəllif: Anar Bayramoğlu