39 nəfər xilas edilib
Ötən həftə 145 yanğına çıxış olub, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 145 yanğına çıxış, 24 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 18-i azyaşlı olmaqla 39 nəfər xilas edilib, yanğınlar zamanı 3 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.