3 min metrlik məsafədə qaçış, atıcı silahdan atəş və qumbara atma üzrə fəaliyyətlər icra edilib
Bu ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun “Qaraheybət” Təlim Mərkəzində hərbi qulluqçular arasında məsafəli qaçış üzrə “Hərbiləşdirilmiş kros birinciliyi” keçirilib.
Müdafiə Nazirliyindən AYNA.AZ-a verilən məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra şəxsi heyətə yarışın şərtləri izah olunub.
Plana əsasən, yarış çərçivəsində 3 min metrlik məsafədə qaçış, atıcı silahdan atəş və qumbara atma üzrə fəaliyyətlər icra edilib.
Hərbi qulluqçuların döyüş hazırlığı səviyyəsinin artırılması məqsədi daşıyan həmin tədbirdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
Yarışın yekununda fərqlənən hərbi qulluqçular və komandalar kubok, fəxri fərman və diplomlarla mükafatlandırılıblar.

