Operativ Qərargahdan ziddiyyətli qərar və ya COVID pasportunun iki üzü

Cəmiyyət

05.10.2021 - 20:38

Belə çıxır ki, o tərəfdə tüğyan edən virus bu tərəfdə payız yuxusuna gedib?

İmmunitet sertifikatı olmayan və peyvənd olunmayanların artıq universitetlərə, ticarət mərkəzlərinə və iaşə obyektlərinə daxil olmaq imkanı yoxdur. Oktyabrın 1-dən şəhərlər və bölgələr arasında sərnişin daşımaları üçün - Bakı və Sumqayıt şəhərləri arasında, eləcə də Abşeron rayonu ərazisində müntəzəm sərnişin axını istisna olmaqla - COVID pasportu tələb olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan açıqlama verilib.

18 yaşına çatmamış şəxslər istisna olmaqla, şəhər və bölgələr arasında dəmir yolu və avtomobil yolu ilə (taksi xidmətləri istisna olmaqla) müntəzəm sərnişin daşımaları həyata keçirilərkən, 1 oktyabr tarixindən etibarən ilk dozada peyvənd sənədi və 1 noyabrdan etibarən ikinci dozada peyvənd sertifikatı və ya COVID-19-dan immunitet sertifikatı tələb olunacaq.

Bu, vətəndaşların konstitusion hüquqlarının pozulması deyilmi? Azərbaycan İnsan Hüqüqları Mərkəzinin rəhbəri Eldar Zeynalov AYNA-ya müsahibəsində bu məsələlərə münasibət bildirib:

“Burada Konstitusiyanın iki normasının ziddiyyəti var. Bir tərəfdən, Konstitusiyanın 28-ci maddəsi hər kəsin azadlıq hüququnu təmin edir: “Azərbaycan Respublikasının ərazisində qanuni olaraq hər kəsin sərbəst hərəkət etmək, yaşayış yeri seçmək və Azərbaycan Respublikasının hüdudlarını tərk etmək, eləcə də istənilən vaxt ölkəsinə  maneəsiz qayıtmaq hüququna malikdir”. Konstitusiyanın icazə verdiyi bu hüququn məhdudlaşdırılmasının yeganə halları qanunla müəyyən edilmiş qaydada "saxlanılma, həbs edilmə və ya cəzaya məhkum edilmə"dir.

Digər tərəfdən, Konstitusiyanın 41-ci maddəsi hər kəsə "sağlamlığın qorunması və tibbi yardım almaq hüququnu" təmin edir. Eyni zamanda, Konstitusiya dövlətdən xəstələri sağlamlardan qorumaq üçün ictimai sağlamlıq naminə hər cür karantin tədbirlərini nəzərdə tutan "sanitariya və epidemioloji rifah" təmin etməyi tələb edir.

Konstitusiyanın 71 -ci maddəsi, "hər kəsin hüquq və azadlıqlarının bu Konstitusiyada və qanunlarda təsbit edilən əsaslarla məhdudlaşdırılmasına" (və qanunlar Konstitusiyaya zidd olmamalıdır), "habelə başqalarının hüquq və azadlıqlarına" icazə verir. Yəni, məsələn, koronavirus xəstəsinin sərbəst gəzmək hüququ başqalarının sağlamlıqlarını qorumaq hüququ ilə məhdudlaşır.

Sağlamlığın qorunması naminə hərəkət azadlığının məhdudlaşdırılması ehtimalı da beynəlxalq normalarda, məsələn, Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasının 4 saylı Protokolunun 2-3 və 2-4-cü maddələrində, BMT-nin Vətəndaş və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktının 12-3-cü maddəsində qeyd edilir.

Müzakirə olunan halda, istər-istəməz dövlətin hərəkət azadlığını məhdudlaşdırmaq hüququ yox, bu hüququn Konstitusiya və konvensiyalarda nəzərdə tutulduğundan daha böyük ölçüdə qanun və qaydalarla məhdudlaşdırıldığı və qanunvericiliyin ayrı-seçkilik şəklində tətbiq edildiyi ortaya çıxır. Unutmayaq ki, Konstitusiyanın 25-ci maddəsi sosial mənsubiyyətindən asılı olmayaraq hamının qanun və məhkəmə qarşısında bərabərliyini təmin edir.

Və burada görürük ki, Abşeron yarımadasında dəmir yolu və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirilərkən sərnişinlərdən COVID pasportu tələb olunmayacaq və oktyabrın  -dən etibarən Abşeronun xaricində buna ehtiyac olacaq. Ayrı-seçkilik göz qabağındadır və bunun səbəbləri Nazirlər Kabineti yanında Operativ Qərargahın sənədlərində və çıxışlarında açıqlanmır.

Göründüyü kimi, Abşeron xaricində virusun yayılması ilə bağlı vəziyyət Abşeronla müqayisədə çox pisdir. Ancaq açıqlanan statistika bunu təsdiq etmir. Məsələn, ixtisaslaşmış koronavirusinfo.az saytı xəbər verir ki, bütün xəstəliklərin 54,3%-i Bakının, 13,3%-i Abşeronun payına düşür. Yəni, Bakı və Abşeron respublikada koronavirusa yoluxma hallarının üçdə ikisini (67,6%) təmin edir.

Gəncə-Qazax bölgəsinin əhalisi 1,24 milyon nəfərdir - bu, Bakı bölgəsindən (2,2 milyon) demək olar ki, iki dəfə azdır və orada xəstələrin yalnız 7%-i qeyd alınıb, bu da demək olar ki, Abşerondan xeyli azdır. Naxçıvan bölgəsində (440 min nəfər) yoluxmaların sayı ümuminin cəmi 0,07%-ni təşkil edir. Əhalisi ondan 5 dəfə çox olan Bakı bölgəsində isə Naxçıvana nisbətən demək olar ki, yoluxmalar 1000 dəfə çoxdur. Buna baxmayaraq, Abşeronda səyahət etsəniz, ictimai nəqliyyatdan heç bir məhdudiyyət olmadan istifadə edə biləcəksiniz, amma Gəncəyə getsəniz, COVID pasportu tələb edəcəklər.

Məntiqsiz, hətta absurd səslənir. Burada ya statistika aldadıcıdır – bununla da Operativ Qərargah kənd yerlərində real vəziyyəti əhalidən gizlədir (və bu, Konstitusiyanın pozulmasıdır və cinayət məsuliyyəti yaradır). Və ya statistika doğrudur, amma Operativ Qərargah məntiqə zidd hərəkət edərək, pandemiya vəziyyətinin daha pis olduğu “vintləri boşaldır”.

Pandemiyaya qarşı bu qədər qəribə mübarizəni izah edən daxili ziddiyyətli olmayan yeganə versiya mübarizənin iki istiqamətdə aparılmasıdır. Bir tərəfdən insanlara hər cür peyvənd edilmələri tövsiyə olunur – bu, xəstəliyə qarşı zəmanət verməsə də, ən azından gedişatını asanlaşdırır. Digər tərəfdən, paralel olaraq digər insanların da yoluxması üçün şərait yaradılır: COVID-in ən çox yayıldığı yerlərdə ictimai nəqliyyat çox yüklənir, restoranlar, kinoteatrlar, ticarət mərkəzləri və s. Xəstəlik çox yayıldıqda müvəqqəti məhdudiyyətlər tətbiq olunur və virus, ehtimal ki, ixtisaslaşdırılmış xəstəxanaların yerləşdirilmə imkanları nəzərə alınmaqla, bir növ çərçivəyə salınır.

Əgər belədirsə, onda belə bir texnikanın yaradıcıları, qalan 98,65%-in yoluxması, virusa qarşı antitel almaları və nəticədə ondan daha çox qorunması üçün xəstələrin 1.35%-nin (bu günə qədər 481.401 xəstədən 6.476-sı ölüb) həyatını qəsdən riskə atır (və ya hətta qurban verir). Qəddar, tsinik yol olsa da, amma heç olmasa sadalanan qəribəlikləri birtəhər izah edir.

Hökumətin son qərarla əyalət əhalisini peyvəndlənməyə məcbur etməsi də mümkündür. Heç də ən yaxşı olmayan Çin peyvəndinin mümkün qədər çox almağa çalışdıqlarının səbəblərini təhlil etməyəcəyəm. Söhbət 20 milyon dozadan (hər sakin üçün iki), yəni, ildə təxminən 750 milyon dollarlıq xərclərdən gedir. Məbləğ, razılaşın ki, heç də az deyil”.

Müəllif: Elya Belskaya