Operativ Qərargah: İki həftəyə müsbət nəticə əldə etmək olar, lakin...

Cəmiyyət

02.04.2020 - 13:25

İbrahim Məmmədov: “Nə qədər qaydalara əməl edilməsə, nəticə də gec əldə olunacaq”

 

“Əgər qaydalara ciddi riayət olunsa, iki həftəyə müsbət nəticə əldə edə bilərik. Amma bugünkü nəticələr onu göstərir ki, qaydalara tam əməl edilmir”.

 

AYNA verir ki, Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov belə açıqlama verib. Bildirib ki, nə qədər qaydalara əməl edilməsə, nəticə də gec əldə olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Bununla ölkədə COVID-19-a yoluxanların sayı 400 nəfərə çatıb. Onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Müəllif: Ayna.az