Ölkələrə qarşı LGBT “silahı”: Azərbaycan da bu problemlə üzləşə bilər

Siyasət

21.07.2021 - 10:29

“Avropa Məhkəməsi qarşı qərar verə bilər ki, Ailə Məcəlləmiz Konstitusiyamızla ziddiyyət təşkil edir və orada cinsiyyət göstərilmir”

 

Avropa Komissiyası LGBT-yə qarşı ayrıseçkiliyə görə Macarıstan və Polşa əleyhinə prosedur başlatdı. Bu barədə iyulun 15-də Komissyanın mətbuat xidməti tərəfindən bildirildi “Komissiya fundamental hüquqların bərabərliyi və qorunması məsələlərində pozuntularla əlaqədar Macarıstan və Polşaya qarşı prosedura başlayır”.

 

Macarıstanda yeni qanun 18 yaşdan kiçik şəxslərə cinsiyyət dəyişikliyi və ya homoseksuallığı təşviq məzmunlu kontentə girişi qadağan edir. Avropa Komissiyası hesab edir ki, ölkə LGBT haqqında materialların niyə uşaqların rifahı üçün zərərli ola biləcəyini əsaslandırmır: “Komissiya hesab edir ki, Macarıstan qanununun müddəaları insan ləyaqətinə, söz və informasiya azadlığına qarşıdır, şəxsi həyata müdaxilədir ki, bu da Avropa Birliyinin fundamental hüquqlarının müddəalarına ziddir”.

 

Polşaya gəlincə, Komissiya hesab edir ki, ölkə hakimiyyəti bəzi bölgələr və şəhərlər tərəfindən qəbul edilmiş “LGBT-dən azad zonalar” haqqında qərarların təbiəti və nəticələri ilə bağlı Avropa Komissiyasının sorğusuna dolğun cavab verməyib. İndi hər iki ölkənin bu məsələlərə aydınlıq  gətirməsi üçün 2 ay vaxtları var. Əks halda Komissiya iddialarla Avropa Məhkəməsinə müraciət edəcək.

 

Avropa Komissiyasının Polşa və Macarıstandan qanunlarına dəyişiklik etməsi tövsiyyə yox, tələb şəklində qoyulmasının qısa izahı budur. Razılaşın ki, bu baş verənləri insah hüquqları uğrunda mübarizə adlandırmağa adamın dili də gəlmir. Bu, “LGBT problemi”ni əlində sadəcə alət edən Avropa Komissiyasının (AK) diktatıdır.

 

Vəziyyəti AYNA-ya şərh edən hüquqşünas Əkrəm Həsənov da AK-nin tələbini siyasi təzyiq hesab edir: “Bu cür problemlərin qaçılmazlığı barədə dəfələrlə yazmışam. Təəssüf ki, bizim Konstitusiyada evlənmək hüququvcinsiyyət göstərilmədən qeyd edilib. Yalnız Ailə Məcəlləsində evliliyin kişi və qadın ittifaqı olduği yazılıb. Bəli, biz AB-yə girmirik və buna görə də onların əli bizə çatmayacaq. Ancaq biz Avropa Şurasının üzvüyük və Avropa Məhkəməsi sabah Azərbaycana qarşı qərar verə bilər ki, Ailə Məcəlləmiz Konstitusiyamızla ziddiyyət təşkil edir və orada cinsiyyət göstərilmir”.

 

Ekspert tamamilə haqlıdır. Axı, bir müddət əvvəl Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Fedotov və digərləriniin Rusiyaya qarşı” iddiası barədə qərar verdi. Hakimlər iddiaçıların ailə və şəxsi həyatın qorunması hüquqlarının pozulmasını yekdilliklə tanıdılar. Nə baş vermişdi? Rusiya VVAQ-ına evlilik üçün üç eynicinsli cütlük müraciət edir. Onların müraciətləri qəbul edilmir, çünki nikah barədə daxili qanunvericilikdə Nigah “Kişi və qadın itttifaqı” kimi qeyd edilib. Bu qərarın Rusiya məhkəmələrində ləğv edilməsi cəhdləri uğurlu olmadığı üçün həmin cütlüklər AİHM-ə müraciət etməyə qərar verdi.

 

Orada isə məhkəmə həmin eynicinsli ittifaqların tanınması və qorunması sahəsində qanuni imkanlar olmadığı üçün müraciət edənlərin şəxsi və ailə həyatını qorumaq hüquqlarının pozulduğunu araşdırdı. Nəticədə hakimlər eynicinsli cütlüklərin birgə yaşayışı üçün qanunverici maneələrin olmadığı qərarına gəldilər. Bununla birlikdə, onlar bu ittifaqların qanuni tanınmasına gedə bilmədilər, çünki milli qanunvericilik evliliyin yalnız bir forması - kişi ilə qadın arasında olmasını ehtiva edir.

 

Məhkəmə hesab edir ki, rəsmi tanınmadan, eynicinsli cütlüklər ailə mənzil proqramlarında və ya maddi yardımda iştirak etmək hüququ ala bilmədilər, xəstəxanadakı tərəfdaşlarını ziyarət etmək, cinayət işində (yaxın qohumlara qarşı ifadə verməmək hüququ), mülkiyyət hüquqlarına zəmanət verilmir və bu da öz növbəsində eynicinsli cütlüklər üçün ciddi gündəlik çətinliklərə səbəb oldu.

 

Və diqqət! AİHM Rusiya hökumətinin rəyini - rusların əksəriyyətinin eynicinsli nikahları dəstəkləmədiyini araşdırdı və belə qərara gəldi ki, söhbət əhalinin əhəmiyyətli bir hissəsinin şəxsi və ailə həyatını qorumaq kimi fundamental hüquqlarından istifadə imkanlarından gedirsə, dövlət ictimai əxlaqa əsaslanaraq, bunu qadağan edə bilməz. Hökumətin bu vəziyyətdə homoseksuallığın açıq nümayişinə mane olmaq istəyinin bu işlə, guya ki, bağlılığı yoxdur.

 

Nəticədə AİHM cavabdeh ölkənin müraciət edənlərin nikah qeydiyyatı üçün hüquqi imkanlarının olmadığını əsaslandıra bilmədiyi qənaətinə gəldi. Ölkənin hökuməti evlilik növünün seçilməsində üstün seçim azadlığına malikdir, lakin bu azadlıq azlıqların fundamental hüquqlarının pozulmasına səbəb ola bilməz.

 

Məhkəmə yekdilliklə Rusiyanın bu məsələdə İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsini pozduğu qərarına gəldi. Pozuntunun tanınması Konvensiyanın 41-ci maddəsinə əsasən, müraciətçilərə mənəvi ziyana görə kifayət qədər təzminat almaq imkanı verir.

 

Tam olaraq eyni problemlərlə Azərbaycan da üzləşə bilər. Axı, artıq presedent yaradılıb və ümumilikdə “LGBT problemləri”nin fərqli ölkələrə qarşı təzyiq mexanizmi kimi istifadə tendensiyasının işə salınması bir faktdır...

Müəllif: Əkbər Həsənov