Peyvənd vurulandan sonra onlarla səhiyyə işçisinin halı pisləşib
Ukraynanın Odessa vilayətində koronavirusa qarşı olan “AstraZeneca” peyvəndi vurulmuş həkimlərin əksəriyyətinin səhhəti pisləşib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə yerli Səhiyyə şöbəsinin müdiri Yelena Yakimenko deyib.
Onun bildirdiyinə görə, “AstraZeneca” peyvəndi vurulduqdan sonra onlarla həkim özünü pis hiss edib.
“Təcili yardım işçiləri də daxil olmaqla, təxminən 60 həkim və tibb bacısı 25 fevralda peyvəndləndilər. Ertəsi gün demək olar ki, peyvənd olunanların yarısı güclü əks-təsirə məruz qalıb. Temperaturları 37,2 - 38,5 arasında qalxıb. Ümumi vəziyyətləri pisləşib”, - Yakimenko söyləyib.
Məlumata görə, hadisədən sonra digər həkimlər “AstraZeneca” ilə peyvənd olunmağı kütləvi şəkildə rədd etməyə başlayıblar.
Qeyd edək ki, bu günədək Ukraynada üç min şəxsə koronavirus peyvəndi vurulub. Ümumilikdə, Ukrayna 2,2 - 3,7 milyon doza “AstraZeneca” tədarükü üçün müraciət edib.