“O, necə siyasi liderdir ki, kimlərinsə arxasında gizlənir?!”

Siyasət

20.08.2020 - 16:01

İlqar Vəlizadə: “Müxalifətdə vahid lider anlayışının olmaması post-sovet məkanının ümumi bədbəxtliyidir”

 

Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra başlayan etiraz aksiyaları hələ də davam edir. Etirazçılar seçkilərin saxtalaşdırılmasına görə Aleksandr Lukaşenkonun hakimiyyətdən getməsini, müxalifətin namizədi Svetlana Tixanovskayanın ölkəyə qayıdıb prezidentlik səlahiyyətlərini icra etməsini tələb edirlər.

 

Mövzu ətrafında AYNA-nın suallarını politoloq İlqar Vəlizadə cavablandırıb.

Suriyanın Krımla bağlı addımı beynəlxalq aləmdə əhəmiyyət daşımır ...

- İlqar bəy, bildiyiniz kimi, Belarsusda Lukaşenko əleyhinə etirazlar davam edir. Lukaşenko isə öz növbəsində konstitusiyanın dəyişdirilməsi, ondan sonra prezident seçkilərinə gedilməsi və səlahiyyətlərini təhvil verəcəyi ilə bağlı müəyyən təkliflər verib. Buna baxmayaraq, etirazlar dayanmır və vəziyyət nəzarətdən çıxır. Lukaşenkonun hakimiyyətdən gedəcəyi, yaxud Rusiya ilə anlaşıb hakimiyyətdə qalacağı ilə bağlı proqnozlar verilir. Sizin fikrinizcə proseslər hansı istiqamətdə cərəyan edəcək?

 

- Belarusda baş verənlərin gedişatı vəziyyətin inkişafından asılı olacaq. Yəni ki, etirazçılar silahlansa, yaxud bu kimi hallar meydana gəlsə, hakimiyyət də müəyyən tədbirlər görəcək. Ona görə də hər iki tərəf hələlik ehiyyatla davranır. Lakin qarşıdurma reallıqdır və bu da Belarusun gündəmində əsas faktora çevrilib. Bu faktorun inkişafından da çox şey asılıdır. Yəni, ola bilər ki, qarşıdurma müəyyən dərəcədə səngisin və tərəflər müvəqqəti olaraq ortaq məxrəcə gəlsinlər. Amma bu da bir o qədər real görünmür və düşünürəm ki, Lukaşenko öz mövqeyində dayanacaq, müxalifət isə etirazlara davam edəcək. Digər tərəfdən, burada paralel hökumətdən də söhbət gedə bilər. Ki, müxalifət artıq buna əl atıb və Koordinasiya Şurası yaradıblar. Şura daxilində də artıq müəyyən səlahiyyət bölgüsü aparıblar. Bu da onu göstərir ki, hər iki tərəf uzunmüddətli qarşıdurmaya hazırdır.

 

Sadəcə bir məsələ var ki, Belarus bizim üçün uzaq bir ölkə deyil və şəxsən Lukaşenkonun bizim ölkəyə xeyri dəyib. Əlbəttə ki, biz Belarusun bizə qarşı münasibətində ənənəvi prinsiplərin yürüdülməsini istəyirik. Yenə də daxili proseslərə münasibət bildirirək, bu amili nəzərə almaq lazımdır. Çünki ən mürəkkəb dövrlərdə, xüsusən də Dağlıq Qarabağ mövzusunda Lukaşenko bizim xeyrimizə prinsipial mövqeyini ortalığa qoyub. Ona görə də Azərbaycan ictimaiyyətinin prosesləri qiymətləndirərkən bu amili gözdən qaçırmamasını məsləhət görürəm. Baxmayarq ki, bu, onların məsələsidir və son nəticədə Belarus xalqı özü seçim etməlidir. Lakin mən ümid edirəm ki, hər iki halda Belarusun bizə qarşı münasibəti dəyişməyəcək.

Лукашенко пригрозил протестующим

- Lukaşenko mövcud vəziyyət qarşısında Rusiyadan kömək istəyərək, sanki Rusiyanı Qərblə qarşıdurmaya cəlb etmək istədi. Rusiya Belarusu Qərb qarşısında müdafiə edəcəkmi? Digər tərəfdən, etirazlarda faktiki olaraq təşkilatlanmış müxalif qüvvələr yoxdur. Favorit Tixanosvkaya isə seçkilərdən sonra hakimiyyətin təzyiqlərinə dözməyərək Litvaya qaçdı. Belə olan halda, başsız kütlənin etirazları xaosla nəticələnə bilərmi və bununla hara qədər getmək olar?

 

- Belə bir situasiyada xalq lideri müəyyən edə bilməz. Çünki lider seçkidən qabaq müəyyən edilməli idi, yaxud da ki, bu lider ölkənin ən çətin vəziyyətində öz sözünü deməli, insanlar onun ətrafında birləşməli və məsuliyyəti öz üzərinə götürüb siyasi xətti aparmalı idi. O, necə siyasi liderdir ki, kiminsə arxasında gizlənir və meydana çıxmaq üçün məqam gözləyir?! Tixanovskaya özü də şərti lider olduğunu bildirmişdi. Amma real olaraq ondan başqa lider də yoxdur. Buna baxmayaraq, onun da mürcaiətlərində mübarizə əzmi hiss olunmur. Belə məqamlarda çağırışlar daha çox siyasi motivasiyada olmalıdır. Lakin Tixanovskayada bu yoxdur. Sanki müxalifətdə vahid lider anlayışı və siyasi platformanın olmaması post-sovet məkanının ümumi bədbəxtliyidir.

 

Hazırda Lukaşenkonu Liviyanın keçmiş Prezidenti Qəddafi ilə müqayisə edirlər. Liviyada Qəddafini işgəncə ilə qətlə yetirdilər. Bəs, axırı nə oldu? Hansısa lider onun yerinə gəlib vahid platforma nümayiş etdirdimi? Əbəttə ki, yox! Ona görə də ölkə parçalandı. Düzdür, Belarusda ölkənin parçalanamsından söhbət getmir, çünki hər iki region bir-birindən çox fərqlidir. Amma bütün hallarda ortada lider yoxdur və buna baxmayaraq etirazçılar Koordinasiya Şurası yaradırlar.

Тихановская заявила о готовности стать национальным лидером ...

- Tixanosvkaya özü də hakimiyyətə gələcəyi təqdirdə, 6 aydan sonra şəffaf seçkilər keçirəcəyini demişdi. Lakin 6 aydan sonra lider kimi kimin ortaya çıxacağı da maraq doğurur...

 

- Doğrudur. 6 aydan sonra seçki keçirilə bilər. Bəs, vəziyyət nə cür olacaq? 6 aydan sonra ortaya çıxan şəxs lider ola bilərmi? Həmin adam hər zaman kölgədə olub və vacib hadisələrdə görünmədiyi halda özünü lider kimi necə qələmə verəcək?

 

- Liderin olmaması ölkədəki “ölü” siyasi proseslərlə əlaqəlidir?

 

- Əlbəttə ki, Belarusda baş verənlər yarımçıq siyasi proseslərdir. Məsələn, Ukraynada şərti olaraq da olsa, Poroşenko görünürdü. Çünki müəyyən maliyyə imkanları var idi və onun kampaniyası xaricdə mütəşəkkil qaydada aparılırdı. Nəticədə də Paraşenko lider oldu. Yaxud, Gürcüstanda İvanişvilini götürək. Onun da bəlli resursları vardı və xaricdən dəstəklənirdi. Belarusda isə belə bir şey yoxdur. Nə təşkilat var, nə lider. Hətta, Ermənistanda belə, Paşinyan etirazını lider kimi bildrimiş və kütləni ətrafında birləşdirmişdi. Amma Belarusda belə bir şey yoxdur. Ona görə də buna idarəolunan proses deyirlər. Yəni bu qrupları sanki xaricdən idarə edirlər. Onlar üçün önəmli olan odur ki, qarşıdurma yaransın, sonra da hansı siyasi dairənin nüfuzu çox olsa, onu lider etsinlər. İş orasındadır ki, bu lideri xalq müəyyən eləmir, sadəcə xalq müəyyən edibmiş kimi mənzərə yaradılır. Ona görə də son nəticədə bu lideri maddi resurslar və siyasi nüfuz müəyyən edəcək. Bu da öz-özlüyündə xarici təsirin rolundan xəbər verir.

Müəllif: Mərahim Nəsib