Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa...

Aktual

26.09.2024 - 10:19

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəz rəhbəri: “Rəsmi Bakının şərtləri var və bu şərtlər açıqdır. XİN başçılarının görüşündə Azərbaycanın qəti mövqeyi bir daha ortaya qoyulacaq”

ABŞ dövlət katibi Antoni Blinken bu gün Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri – Ararat Mirzoyan və Ceyhun Bayramovla sülh danışıqlarının “yekun mərhələsini” keçirmək üçün görüşəcək. Bu barədə “Turan” agentliyinə ABŞ-dakı mənbələr məlumat verib. ABŞ Dövlət Departamenti hələlik məlumatı şərh etməyib.

Qeyd olunub ki, hazırda Mirzoyan və Bayramov BMT Baş Assambleyasının debatlarında iştirak etmək üçün Nyu-Yorkdadır.

“Üçtərəfli formatda gözlənilən görüş son üç ayda ikinci olacaq. Hər iki ölkənin yüksək səviyyəli diplomatları sonuncu dəfə Vaşinqtonda NATO sammiti zamanı görüşüblər. Blinken bu yaxınlarda Ermənistan və Azərbaycan liderləri ilə telefonla ayrı-ayrılıqda danışıb, bundan sonra tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı “alqışlayıb”. Yada salaq ki, İrəvan daha əvvəl Baş nazir Nikol Paşinyanın ağzı ilə Bakını sülh müqaviləsi layihəsinin razılaşdırılmış 13 bəndini imzalamağa, qalan üç razılaşdırılmamış bəndi isə sonraya buraxmağa dəvət etmişdi. Azərbaycan tərəfi bundan imtina edib”, - deyə məlumatda vurğulanıb.

Rəsmi İrəvan nazirlərin görüşəcəyi məlumatını təsdiqləyib. Bildirilib ki, XİN başçıları bu gün Blinkenin təşəbbüsü və iştirakı ilə danışıqlar aparacaqlar.

Nazirlərin görüşü barədə AYNA-nın suallarını cavablandıran Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politolor Fərhad Məmmədov deyib ki, ABŞ sülh danışıqları prosesində iştirak etməyə çalışır:

- Bəzən fikirlər səsləndirilir ki, ABŞ Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlıdır və ona görə də vasitəçilik edir, yaxud etməyə çalışır. Amma məncə, Vaşinqtonun bu prosesdə iştirakçı olmaq israrında öz məqsədləri var. Məqsədlərdən biri əslində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn tərəfindən açıq şəkildə bildirilmişdi.  O’Brayn demişdi ki, Vaşinqton Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq istəyir. ABŞ buna nə dərəcədə nail olur, ayrı mövzudur, lakin Vaşinqton hətta Bakı ilə İrəvan arasındakı sülh sazişini anti-Rusiya çərçivəsində görür. Əlbəttə, bu, prosesə neqativ təsir göstərir. Çünki digər beynəlxalq oyunçular ABŞ-ın dəstəklədiyi sülh sazişini özlərinə qarşı sayırlar və müvafiq addımlar atırlar.

İkinci məqam ABŞ-dakı erməni diasporası ilə olan münasibətlərdir. Çünki ABŞ ermənipərəst konqresmenlərə, senatorlara üç söz verib: Ermənistana dəstək, Qarabağ ermənilərinin məsələsini həll etmək və sülh sazişində İrəvanın maraqlarının qorunması. Ermənistana dəstək artıq həyata keçirilib: maliyyə dəstəyi, siyasi dəstək və hərbi dəstək. Qalır sülh sazişində İrəvanın maraqlarının qorunması və Qarabağ ermənilərinin məsələsi. İndi ABŞ çalışır ki, bu məsələlərdə də hansısa nailiyyət olsun. Hesab edirəm ki, nazirlərin görüşünü təşkil etmək, sülh prosesində vasitəçilik cəhdləri də bundan qaynaqlanır. Bəli, ABŞ sülh istəyir, amma necə bir sülh, bu sual ortadadır.

- Sizcə, necə sülh istəyir?

- Birincisi, dediyim kimi, öz maraqlarına uyğun sülhün təminini istəyir. İkincisi, “ləyaqətli sülh” haqqında danışılır, amma bu, subyektiv yanaşmadır. Çünki biri üçün ləyaqətli olan hal digəri üçün ləyaqətsiz ola bilər. “Ləyaqətli sülh” kimin üçün ləyaqətli olacaq, deyilmir. Bizim üçün bəllidir ki, kimin üçündür, sadəcə Amerikadakılar həmin tərəfin adını çəkmirlər. Növbəti ABŞ Prezidenti postuna yiyələnəcək potensial namizəd Kamala Harris Ermənistanın Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb. Bu məktub əslində Ermənistana yox, ABŞ-da yaşayan ermənilərə yönəlikdir. Orada qeyd edir ki, “Qarabağ ermənilərinin ləyaqətli şəkildə qayıdışı təmin olunmalıdır”. Demək ki, ABŞ-ın hazırkı adminstrasiyasının məqsədi erməni diasporasının səsini qazanmaqdır. Vaşinqton bu baxımdan, sülh sazişinə, yaxud da sülh sazişinə bənzər bir sənədin imzalanmasına nail olmaq istəyir. Bunun üçün bütün resurslar ortaya qoyulub.

- Məqsədə çatmaq mümkün olacaqmı?

- Azərbaycan əvvəldən də bəyan edib ki, sülhdə maraqlıdır və bunun üçün istənilən görüşdə iştirak etməkdə problem görmür. Rəsmi Bakının XİN başçılarının Nyu-Yorkda görüşünə razılıq verməsi də bu siyasətdən qaynaqlanır. Amma rəsmi Bakının şərtləri var və bu şərtlər açıqdır. Hesab edirəm ki, XİN başçılarının görüşündə Azərbaycanın qəti mövqeyi bir daha ortaya qoyulacaq. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddənin çıxarılması və ATƏT-in Minsk Qrupunun rəsmən ləğvi üçün Ermənistan və Azərbaycanın birgə müraciətindən gedir. Bu şərtləri isə hazırda İrəvan qəbul etmir.

- Yəni ki, Nyu-Yorkdakı görüşdən nəticə gözlənilmir...

- Vaşinqtonda NATO sammiti çərçivəsində Blinkenin XİN başçılarını bir araya gətirməsi səmərəsiz olmuşdu. Çünki Bayramovla Mirzoyanın həmin görüşündə hansısa nəticə əldə olunmadı, görüşlə bağlı bəyanatda isə “bir addım irəli atıldı” ifadəsi işlədildi. Amma iyul ayından bu yana danışıqlar prosesində iki hadisə baş verdi. Birincisi, müsbət məqam o oldu ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı hökumətlərarası komissiyanın fəaliyyətini tənzimləyən reqlamentin təsdiq edilməsi oldu. Bu artıq onu göstərir ki, tərəflər vasitəçi olmadan önəmli məsələ olan şərti sərhədin müəyyənləşməsi məsələsində addım atdılar. İkinci hadisə isə o qədər də ürəkaçan deyil. Belə ki, İrəvan Bakının təklif etdiyi sülh sazişi mətnindəki 13 maddəni saxlayıb, 4 maddəni çıxararaq Azərbaycana göndərib. Həm də bunu 70 gündən sonra edib. Prosesin sürətlə getməsini istəyən tərəf adətən tələsir, amma Ermənistan 70 gün gözləyib. Demək ki, Ermənistan bəyan etdiyi kimi, sülhün tezliklə əldə olunmasında maraqlı olmadığını nümayiş etdirir. Hazırda Ermənistanın mövqeyi Azərbaycanı qane etmir. Belə olan halda, Nyu-Yorkda nazirlərin görüşündən ciddi nəticə gözlənilmir.

Müəllif: Anar Bayramoğlu