Növbədənkənar seçki sürprizi: zərurət, məqsəd və ehtimallar

Aktual

08.12.2023 - 10:21

Asim Mollazadə: “Azərbaycan yeni reallıqlar yaradıb və bu reallıqlara uyğun da addımlar atılır”

Natiq Cəfərli: “Növbədənkənar seçki qərarının əsas səbəbi hazırda Prezident İlham Əliyevin ən yüksək reytinqə malik olmasıdır”

Natiq Miri: “Seçkilərdən sonra kadr məsələsində ciddi dəyişikliklərə ehtiyac olacaq”

Dünən Prezident İlham Əliyev  Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Növbədənkənar seçkilərlə bağlı qəfl verilən qərar ictimaiyyətdə təəccüb və suallar yaradıb. Çünki növbəti prezident seçkilərinin vaxtına hələ il yarım müddət var idi. Azərbaycan Konstitusiyasına uyğun olaraq prezident seçkiləri 2025-ci ilin aprel ayında keçirilməli idi. Ona görə də cəmiyyəti düşündürən bu sualdır – növbədənkənar seçki qərarını nə zəruri edirdi.

Hələlik hökumətdən niyə növbədənkənar seçki qərarı verilməsi rəsmi izah edilməyib. Ekspertlər rəsmi izah verilmədiyinə görə, seçkilərə hansı zərurətin yaranmasını şərh etməkdə çətinlik çəkirlər. Bununla belə siyasilərin, ekspertlərin ehtimalları var.

Demokratik İslahatlar partiyasının (DİP) sədri, deputat Asim Mollazadə AYNA-ya deyib ki, növbədənkənar seçkilərlə bağlı qərar vermək Prezidentin müstəsna səlahiyyətinə aiddir: “Cənab Prezident növbədənkənar seçkilərlə bağlı qərarında görünür zəruri amillər var. Mən deyə bilmərəm ki, dəqiq səbəblər nələrdir. Amma Azərbaycan yeni reallıqlar yaradıb və bu reallıqlara uyğun da addımlar atılır. Dünyada, regionda gedən proseslər çox güman ki, prezident seçkilərinin əvvələ keçirilməsi zərurətini ortaya qoyub”.

“Düşünürəm ki, bu, cəmiyyətdə siyasi aktivliyi artıracaq. İnanıram ki, sakit şəraitdə seçkilər keçiriləcək”, - deyə A.Mollazadə əlavə edib.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar REAL Partiyası üçün təəccüblü olmayıb. REAL Partiyasının Siyasi Komitəsinin üzvü, təşkilatın icra katibi Natiq Cəfərli AYNA-ya bildirib ki, təmsil olunduğu təşkilat 2024-cü ildə bir neçə seçki keçiriləcəyini proqnozlaşdırıbmış: “Sadəcə seçkilərin ardıcıllığı ilə bağlı suallar var idi. Yəni Milli Məclisə növbədənkənar seçkilər keçirilməsi, yoxsa növbədənkənar prezident seçkilərinin daha tez olması suallarımız var idi ki, hakimiyyət prezident seçkilərini əvvələ keçirdi. Demək olar ki, proqnozlarımızda böyük ölçüdə yanılmamışıq”.

“Düşünürəm ki, növbədənkənar seçkilərdən sonra Konstitusiya dəyişikliyi üçün referendum, daha sonra parlament seçkilərinin keçirilməsi qərarı verilə bilər”, - deyə Cəfərli əlavə edib.

REAL funksionerinin qənaətincə, növbədənkənar seçki qərarının əsas səbəbi hazırda Prezident İlham Əliyevin ən yüksək reytinqə malik olmasıdır: “Həm 44 günlük müharibə, həm də bu ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyinin bütün ərazilərdə bərpası Prezidentin reytinqini kifayət qədər yüksəyə qaldırdı. Belə bir şəraitdə növbədənkənar seçkilərin keçirilməsi siyasi baxımdan anlaşılandır. Bununla yanaşı, məncə, bu qərarın verilməsində həm də bir sıra geosiyasi vəziyyətin təsirləri var. Hakimiyyət Azərbaycanın təhlükəsizliklə bağlı problemlərini əvvəldən həll edərək seçkini daha rahat şəkildə, təhlükəsiz formada keçirmək üçün bu addımı ata bilər. Nəzərə almaq lazımdır ki, gələn il həm Rusiyada, həm də ABŞ-da prezident seçkiləri keçiriləcək. Bu iki qlobal güc olan ölkədə keçiriləcək seçkilərdən əvvəl Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi qərarı anlaşılandır”.

Politoloq Natiq Miri isə AYNA-ya bildirib ki, regionla bağlı müəyyən çağırışlar, təhlükələr, risklər mövcuddur: “Region ətrafında cərəyan edən proseslərin demək olar ki, hamısının Azərbaycana təsirləri mövcuddur. Eyni zamanda, ölkəmizdə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışan qlobal güclər mövcuddur. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda dövlət strateji-siyasi qərarlar verməlidir. Hesab edirəm ki, bu baxımdan növbədənkənar seçkilər keçirilməsi qərarı doğrudur. Bu seçkiləri səciyyələndirən amillərdən biri də prosesin Azərbaycanın bütün ərazisində keçirilməsi olacaq. Müstəqillikdən sonra ilk dəfə bütün ölkə ərazisində seçkilər keçiriləcək”.

“Hesab edirəm ki, prezident seçkilərindən sonra tamamilə yeni situasiyada, yeni reallıqlar çərçivəsində idarəetmədə dəyişikliklər olacaq. Xüsusilə, kadr məsələsində ciddi dəyişikliklərə ehtiyac olacaq. Söhbət formal yox, mahiyyət etibarilə dəyişikliklərdən gedir”, - analitik əlavə edib.

N.Miri hesab edir ki, ölkə rəhbərliyi zamanında doğru qərar verib: “Bu, Azərbaycanın təhlükəsizliyinə xidmət edən strateji qərardır. Azərbaycan cəmiyyəti də bunu tam anlayışla qarşılayacaq və dövlətə bu istiqamətdə dəstək olacaq”.

Müəllif: Anar Bayramoğlu